13 iyun 2024 17:56
254

“Əsrin möcüzəsi: Dünyaya günəş kimi parlayan bütöv Azərbaycan!” - FOTO

Nizami Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə 15 iyun – Milli Qurtuluş Günü münasibətilə “Əsrin möcüzəsi: Dünyaya günəş kimi parlayan bütöv Azərbaycan!” mövzusunda  elmi-praktik konfrans keçirilib.

“İki sahil” xəbər verir ki,  konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq əziz xatirəsini böyük ehtiramla yad ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan konfransda Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Sonra 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş video-film nümayiş olunub.

Konfransda Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatları Rasim Musabəyov, Sədaqət Vəliyeva, Könül Nurullayeva, tarix elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq  İnstitutunun direktoru, Milli Məclisin deputatı Musa Qasımlı, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun "Əliyevşünaslıq" şöbəsinin müdiri,  tarix üzrə elmlər doktoru Ədalət  Qasımov, İlahiyyatçı-din xadimi, ilahiyyat elmləri doktoru Hacı Surxay  Məmmədli, Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı Anar Mirzəyev və YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov Ümummilli Lider Heydər Əliyevin tarixi xilaskarlıq fəaliyyəti barədə müxtəlif mövzularda çıxışlar ediblər.

Qeyd edilib ki, Ulu Öndər Heydər Əliyevin böyük xilaskarlıq fəaliyyətinin əsası qoyulan 15 iyun – Milli Qurtuluş Günü çağdaş tariximizin qızıl hərflərlə yazılmış ən şanlı səhifələrindən biridir. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan məhv olmaq təhlükəsindən, dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu. Xüsusilə vurulanıb ki, Ulu Öndər Heydər Əliyevin “Vaxt gələcək Azərbaycan dünyaya günəş kimi doğacaq” tarixi kəlamı bu gün  Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərtərəfli düşünülmüş, balanslaşdırılmış xarici siyasət, şanlı Ordumuzun parlaq Qələbəsi, həyata keçirilən siyasi və iqtisadi islahatlar, sosial-iqtisadi sahədə, eyni zamanda, beynəlxalq əməkdaşlıq sahəsində əldə olunan uğurlu nəticələr sayəsində tarixi reallığa çevrilib. Bu gün dünyaya günəş kimi parlayan bütöv Azərbaycan dünyanın siyasi arenasında mətin addımlarla yeni zirvələrə doğru irəliləyir.