14 iyun 2024 19:36
215

Musa Qurbanlı “Qarabağ”a qayıdıb, üç illik müqavilə imzalanıb

"Qarabağ" yeni mövsüm üçün ikinci transferini reallaşdırıb.

“İki sahil” klubun saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi hücumçu Musa Qurbanlını heyətinə cəlb edib.

Klubla 22 yaşlı forvard arasında üç illik müqavilə imzalanıb. İsveçin “Yurqorden” klubundan transfer olunan futbolçu 2027-ci ilin yayına qədər komandada çıxış edəcək.

Qurbanlı peşəkar karyerasına “Qarabağ”da başlayıb. O, 2019-2020-ci illərdə komandanın formasını geyinib. Forvard 2021-ci ilin ilk yarısında icarə əsasında “Zirə”də çıxış edib. 2021-ci ilin iyunundan klubun uğurları üçün çalışan Musa 2023-cü ilin yayında “Qarabağ”dan İsveç klubuna transfer edilib.

Qeyd edək ki, klubun yeni transferi Azərbaycan milli komandasında 14 oyunda 3 qol vurub.