15 iyun 2024 09:24
236

Reuters: ABŞ ordusu Çinin COVID-19 peyvəndlərini gözdən salmaq üçün kampaniya aparıb

ABŞ ordusu Cənub-Şərqi Asiya ölkələrində Çinin təsirini azaltmaq üçün sosial şəbəkələrdə bu ölkənin koronavirus peyvəndi olan “Sinovac”ı gözdən salmaq üçün kampaniya aparıb.

“İki sahil” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, ən intensiv şəkildə Filippində həyata keçirilən kampaniya Çin peyvəndinin, eləcə də ÇXR-dən gətirilən tibbi maskalar və diaqnostika dəstləri də daxil olmaqla digər həyati vacib yardımların effektivliyinə şübhə yaratmaq məqsədi daşıyıb.

Qaralama kampaniyasının sosial şəbəkələrdəki saxta hesablar vasitəsilə həyata keçirildiyi qeyd edilir. Agentlik 2020-ci ilin yayında yaradılan “X” platformasında 300-ə yaxın hesab aşkar edib. Həmin hesablardan virus ilk dəfə Çində aşkar edildiyi üçün Çinə etibar etməməyə və Çin peyvəndlərindən istifadə etməməyə çağıran təxribatçı mesajlar dərc edib. “Reuters”in məlumatına görə, on minlərlə insan onlara abunə olub.

Kampaniya Cənub-Şərqi Asiya ilə yanaşı, Mərkəzi Asiya və Yaxın Şərqdə də həyata keçirilib. O, yerli reallıqlara uyğunlaşdırılıb. Paylaşımlarda qeyd edilib ki, Çin peyvəndlərinin tərkibində donuz əti jelatini var. Bu isə onları müsəlman ölkələrində istifadə üçün yararsız edib. “Sinovac” bu iddiaları təkzib edib.

Çin istehsalı olan vaksinləri gözdən salmaq üçün tədbirlər 2020-ci ilin yazından 2021-ci ilin ortalarına qədər həyata keçirilib. Onlar keçmiş Amerika lideri Donald Trampın prezidentliyi dövründə başlayıb və indiki ABŞ prezidenti Co Bayden hakimiyyətə gəldikdən sonra da davam edib.

Kampaniyanın planlaşdırılması və həyata keçirilməsində iştirak edən mənbələr “Reuters”ə bildiriblər ki, Pentaqon onun mümkün mənfi nəticələrinə, o cümlədən koronavirusdan ölənlərin sayının artmasına məhəl qoymayıb: "Biz buna ictimai sağlamlıq nöqteyi-nəzərindən baxmırdıq. Çini necə palçığa sürükləyə biləcəyimizi düşünürdük", deyə bir kampaniyaçı agentliyə bildirib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”