15 iyun 2024 15:56
266

"Şahdağ"da ilin sonuna kimi mərhələli şəkildə bir sıra layihələr həyata keçiriləcək

Kompleks ərazisində il ərzində infrastrukturun yenidən qurulması və modernləşdirilməsi, həmçinin yeni əyləncələrin yaradılması istiqamətində işlər aparılır. 

“İki sahil” xəbər verir ki, bunu ölkədə yay mövsümünün açılışı ilə əlaqədar kütləvi informasiya vasitələrinin nümayəndələri üçün “Şahdağ”a mediatur zamanı “Şahdağ” Turizm Mərkəzi QSC-nin sədri Rüstəm Nəcəfov deyib.

R.Nəcəfov ilin sonuna kimi mərhələli şəkildə bir sıra layihələrin həyata keçiriləcəyini deyib. 

O, yaxın aylarda ziyarətçilər üçün 2 xətdən ibarət, uzunluğu 1250 metr olan yeni zip-line xəttinin, kros motosikl turlarının, müxtəlif yaş kateqoriyalarında olan uşaqlar üçün avtodrom, tyubing və go kart əyləncələrinin istifadəyə veriləcəyini bildirib.

Bununla yanaşı, Turizm Mərkəzinin sədri kompleks ərazisində 5-ci faza üzrə tikinti işlərinə də start verildiyini, ilkin tikinti mərhələsinin 2025-ci ilin əvvələrində tamamlanacağını, həmin ərazidə FIS standartlarına uyğun inşa edilən yeni xizək stadionunun, yamacın, gondola tipli kanat stansiyasının və yeni parkinq ərazisisinin salınacağını bildirib.