16 iyun 2024 17:45
1018

Haylar niyə fəallaşıblar? - ŞƏRH

İslam dünyasında ən müqəddəs bayramlardan sayılan Qurban bayramı  günü, yəni iyunun 16-sı saat 00:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Yeğeqnadzor rayonunun Bardzruni yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şada yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətində bildirilib ki, ordumuzun bölmələri tərəfindən həmin istiqamətdə cavab tədbirləri görülüb. Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 13-ü və 14-ü ordumuzun Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov, Şərur rayonunun Axura, həmçinin  Sədərək rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutmuşdular. İyunun 12-si isə Şərur rayonunun Havuş, Ordubad rayonunun Nürgüt, Şahbuz rayonunun Güney Qışlaq yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərimiz atəşlərə məruz qalmışdır.

Amma Ermənistan Müdafiə Nazirliyi bu xəbərləri təkzib etməklə, dezinformasiya adlandırmaqla özünü “aydan arı, sudan duru” göstərməyə çalışır. Elə onların bugünkü təxribatla bağlı yaydıqları məlumat da bunu bir daha təsiq edir. Həmin məlumatda deyilir ki, guya iyunun 16-da saat 00:50 radələrində Ermənistan Respublikası Silahlı Qüvvələrinin bölmələri tərəfindən sərhəd zonasının cənub-qərb hissəsində yerləşən Azərbaycan mövqelərini atəşə tutması barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatı heç bir tələbə uyğun gəlmir.  Yeri gəlmişkən, Nikol Paşinyan bu günlərdə sərhəddə atəşkəs rejiminin pozulması hallarının araşdırılması məqsədilə ikitərəfli mexanizm formalaşdırmaq üçün Bakıya təklif verməyə hazır olduğunu bildirib.

Sual olunur: Axı “heç bir tələbə uyğun gəlməyən” məlumat yaymaq Azərbaycanın nəyimizə lazımdır? Məgər haylar bilmirlərmi ki, rəsmi Bakı qarşısına qoyduğu məqsədlərə çatıb. Yəni, 44 günlük Vətən müharibəsi ilə ərazi bütövlüyünü, 23 saat davam edən lokal antiterror əməliyyatı ilə  suverenliyini tam təmin edib. Məgər haylar bilmirlərmi ki, Azərbaycanın Ermənistana qarşı heç bir pis niyyəti, o cümlədən ərazi iddiası yoxdur. 
Amma son 5 gün ərzində Naxçıvandakı mövqelərimizin  5 dəfə atəşə tutulması bir daha göstərir ki, haylar dinc durmaq istəmirlər. Şübhəsiz, bütün bunlar böyük ehtimalla Ermənistan ordusundakı “beşinci kolon” tərəfindən planlaşdırılmış təxribatlardır. Yeri gəlmişkən, Ermənistanın baş naziri Nikol Paşinyan özü də bir neçə dəfə etiraf edib ki, Ermənistan ordusunda təxribatçı qüvvələr mövcuddur. O ki qaldı Paşinyanın “təklif”inə, yaxşı olardı ki, Paşinyan öz ordusunu belə neqativ qüvvələrdən təmizləsin. Bununla da təxribatlara son qoysun. Amma hələ ki, o bunu bacarmır. Naxçıvanda mövqelərimizin davamlı atəşə tutulması bir daha sübut edir ki, Paşinyan sülh bəyanatlarında ya səmimi deyil, ya da Ermənistan ordusuna nəzarəti itirib. Görünən odur ki, ordudakı revanşistlər xarici dairələrin diktəsi ilə hərəkət edir və bu da Ermənistanı daha böyük faciələrə sürükləyir.

Yeri gəlmişkən qeyd edək ki, hazırda Azərbaycan və Ermənistan öz dövlət sərhədlərini müəyyənləşdirmək işində müəyyən uğurlara nail olublar. Demək olar ki, 12,7 kilometr dövlət sərhədi razılaşdırılıb. Azərbaycanın Qazax rayonunun otuz ildən çox müddət ərzində işğal altında olmuş dörd kəndi danışıqlar yolu ilə Azərbaycana geri qaytarılıb. Eyni zamanda, sülh danışıqları prosesində də irəliləyiş üçün yaxşı imkanlar var. Görünür, bütün bunlar həmin qüvvələrin ürəyincə deyil.

Bu məqamda bir xatırlatma da etmək istərdik. Ermənistan ordusu da, haylar da  Azərbaycan dövlətinin, onun ordusunun  gücünə yaxşı bələddir. O ordunun ki, əldə etdiyi zəfərləri, nümayiş etdirdiyi qəhrəmanlığı ilə dünya hərb tarixini heyrətə gətirib. O ordunun ki, “Dağlıq Qarabağ” məfhumunu, onun “statusunu”, “miatsum”u cəhənnəmə göndərib. O ordunun ki,  bu gün döyüş qabiliyyətinə görə, dünyanın ən qüdrətli və yenilməz ordula¬rından biridir. Nə yazıq ki, Ermənistandakı revanşistlər, həmçinin ordudakı təxribatçı qüvvələr hələ də bu reallıqları dərk etmək istəmirlər. Onlar xaricdəki havadarlarının, xüsusilə Fransanın dəstəyilə Cənubi Qafqazda yeni müharibə ocağı qalamağa cəhdlər edirlər.  Amma bütün bu cəhdlər əbəsdir. Çünki dünyada öz mövqeyini qətiyyətlə diktə edən qüdrətli Azərbaycan bu planları pozmağa qadirdir.

Qvami Məhəbbətoğlu, “İki sahil”