17 iyun 2024 17:15
223

Şuşa Bəyannaməsi TDT-nin gündən-günə qüdrətlənməsinə səbəb olur

Azərbaycanla Türkiyənin qardaşlığı Türk Dövlətləri Təşkilatının (TDT) gücünə güc qatır.

“İki sahil” xəbər verir ki,  bunu “Report”a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı Kamil Aydın deyib.

Şuşada Türk Dövlətləri Təşkilatının iyulda keçiriləcək qeyri-rəsmi zirvə görüşünü dəyərləndirən millət vəkilinin fikrincə, Şuşa Bəyannaməsi TDT-nin gündən-günə qüdrətlənməsinə səbəb olur: “Türkiyə ilə Azərbaycan arasında tarixin heç bir dönəmində bu qədər yaxın dostluq münasibəti olmayıb və bu qardaşlıq da bütövlükdə türk dünyasının qüdrətlənməsinə gətirib çıxarır”.

ATƏT-in Parlament Assambleyasında, Avropa Komissiyası Parlamentar Məclisində və NATO Parlament Assambleyasında TBMM-nin türk qrupunun üzvü olan Kamil Aydının fikrincə, Avropa İttifaqı İkinci dünya savaşından sonra təşkilatlanaraq birlik qazandığı kimi, Azərbaycanın da 44 günlük savaşdan sonra qazandığı qələbə TDT-nin böyüməsinə təkan verib: “Bu təşkilatı böyütmək asan məsələ deyildi. Rusiya imperiyasının təsirindən qurtulmağa çalışan türk dövlətləri digər tərəfdən Avropanın hədəfində idi. Amma 44 günlük savaş zamanı Azərbaycanla-Türkiyənin nümayiş etdirdiyi birlikdəlik maneələri aradan qaldırdı. Necə ki, Rusiyanın da içində olduğu BRICS deyə bir təşkilat qurulub, NATO, ATƏT, Avropa İttifaqı, Avropa Komissiyası, Avropa Şurası Parlament Assambleyası kimi qurumlar güclərini birləşdirirlər, türk dünyası niyə bu potensialından istifadə etməsin?”

TDT-nin Türk İnvestisiya Fondunun keçən ay İstanbulda keçirilən toplantısında iqtisadi baxımdan 1,9 trilyon dollar həcmində böyüməsi hədəfindən danışan millət vəkili təşkilatın dünya iqtisadiyyatında mühüm yer qazanacağını vurğulayıb.

Millət vəkili Azərbaycanla Türkiyə arasında yüksək səviyyəli əlaqələrin beynəlxalq hüquq çərçivəsindən çox qardaşlıq hüququna söykəndiyini də deyib: “Azərbaycan Prezidenti İlham Əliyevin Ankaraya son səfərində müşahidə etdik ki, cənab Ərdoğan onu hava limanında səmimiyyətlə qarşıladı. Ərdoğan da Azərbaycana gedərkən eyni şəkildə mehribanlıqla qarşılanmasına şahid oluruq. Artıq bizim ölkələr arasında qardaşlıq hüququ rol oynayır. Gələn ay keçiriləcək Şuşa Zirvəsinə də, noyabrda Azərbaycanda düzənlənəcək COP29-a da Ərdoğanın qatılması gözlənilir”.

Kamil Aydın, Şimali Kipr Türk Respublikasının (ŞKTR) TDT-də müşahidəçi ölkə olaraq qəbul edilməsi məsələsinə də toxunaraq bildirib ki, ŞKTR-nin başda Azərbaycan olmaqla digər TDT ölkələri tərəfindən tanınacağına ümid edir: “Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşünə Şimali Kipr Prezidentinin də dəvət olunması, iki ölkə arasında parlamentlərarası dostluq qrupunun yaradılması çox təqdirəlayiqdir. İnanıram ki, türk dünyası ilə bağlı bütün təşəbbüslərdə öncül olan Azərbaycan, Şimali Kiprin dövlət olaraq tanıdılmasında da digər türk dövlətlərinə nümunə olacaq”.