20 iyun 2024 09:24
304

Bakıda “Sağlam gələcəklərin proqnozlaşdırılması” qlobal sammitinin sonuncu günü keçirilir

Bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından (COP29) əvvəl “Sağlam gələcəklərin proqnozlaşdırılması” qlobal sammitinin sonuncu günü başlayıb.

“İki sahil” xəbər verir ki, üç gün davam edən tədbirin məqsədi iqlim dəyişikliyi və onun insan sağlamlığına təsirlərini müzakirə etmək üçün iqlim və səhiyyə icmalarını bir araya toplamaq, eləcə də “məlumatlılıqdan fəaliyyətə” birlikdə hərəkət etmək imkanları və strategiyalarını müəyyən etməkdir.

Sammitin sonuncu günündə səhiyyə nazirinin müavini Nadir Zeynalov iqlim və insan sağlamlığı mövzusunda çıxış edəcək. Eləcə də COP26, COP27, COP28 və COP29 təmsilçiləri arasında COP Davamlılıq Dialoqu baş tutacaq. Eyni zamanda iqlim və sağlamlığın kəsişməsində yerləşən ən önəmli məsələlərə dair COP məsləhətçi dəyirmi masaları keçirililəcək.

Xatırladaq ki, dünən, tədbirin ikinci günündə ÜST-nin iqlim və sağlamlıq elçisi Vanessa Kerri, dünyada səhiyyə sahəsində ən böyük donor olan Qlobal Fondun icraçı direktoru Peter Sands, Dünya Bankının sağlamlıq, qidalanma və əhali üzrə qlobal direktoru Juan Pablo Uribe, COP29 Məsləhət Şurasının üzvü, Malavinin keçmiş prezidenti Coys Banda, “Malyariyaya son” təşkilatının baş direktoru Martin Edlund, Dünya Bankının İqlim və Sağlamlıq üzrə Qlobal Proqramının rəhbəri Tamer Rabie və digər məruzəçilər çıxış ediblər.

Qeyd edək ki, sammit səhiyyə, iqlim və inkişaf sahələri üzrə qlobal liderləri bir araya gətirir və ötən COP28 çərçivəsində Əbu Dabidə baş tutmuş sammitin uğuruna əsaslanır. “Sağlamlıq Günü”nü COP28 gündəliyinin ayrılmaz hissəsi kimi rəsmi olaraq ilk dəfə ötən il Əbu Dabidəki sammitdə elan edilmişdi. Builki qlobal sammit özəl sektordan, QHT-lərdən, qlobal maliyyə institutlarından və ali təhsildən 200 təşkilatı və 44-dən çox ölkəni təmsil edən 270-ə yaxın liderdən ibarət müxtəlif qrupları bir araya gətirib.

2020-ci ildə iqlim dəyişikliyi və onun insan sağlamlığı üzərində yaratdığı pronlemlərə yeni həll yollarının tapılmasını sürətləndirmək üçün fəaləyiyyətə başlayan “Sağlam gələcəklərin proqnozlaşdırılması” təşəbbüsü, dünya miqyasında ən həssas icmalara diqqət yetirməklə, iqlim dəyişikliyi kontekstində qlobal sağlamlıq qazanclarını qorumağa və genişləndirməyə çalışır.