20 iyun 2024 12:07
184

FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin taktiki-xüsusi təlimi keçirilib

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (INSARAG) sinifləndirilməsindən keçməsinə və beynəlxalq humanitar əməliyyatlara hazırlıq məqsədilə Nazirliyin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin (İNSARAG) şəxsi heyətinin iştirakı ilə paytaxtın Türkan və Hövsan qəsəbələrinin ərazisində 36 saat ərzində fasiləsiz olaraq davam edən növbəti taktiki-xüsusi təlim keçirilib.

“İki sahil” xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Taktiki-xüsusi təlimə hazırlıqla bağlı keçirilən tədbirdə məqsəd və vəzifələrdən danışan Nazirliyin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin rəhbəri, FHN Baş əməliyyat idarəsinin rəis müavini polkovnik Ələsgər Əliyev taktiki-xüsusi təlimin əhəmiyyətindən bəhs edib, təlimin beynəlxalq axtarış-xilasetmə formatına uyğun keçirilməsinin mühümlüyünü diqqətə çatdırıb.

36 saat ərzində fasiləsiz olaraq davam edən taktiki-xüsusi təlim zamanı əsas fəaliyyət təbii və texnogen hadisələr zamanı dağıntılar altından zərərçəkmişlərin xilas olunması, ilkin tibbi yardımın göstərilməsi, təxliyyə, eləcə də ərazidə qiymətləndirmə tədbirlərinin həyata keçirilməsi reallaşdırılıb. Gecə saatlarında həyata keçirilən beynəlxalq humanitar əməliyyatlar zamanı texniki təhlükəsizlik qaydalarına riayət olunması, həyat və sağlamlığın qorunması üzrə əməli vərdişlərin aşılanması diqqət mərkəzində olub.

Taktiki-xüsusi təlim zamanı qarşıya qoyulmuş məqsədlərə nail olunub.