21 iyun 2024 23:57
331

Haylar üçün ölüm simfoniyası

Fransanın bu ölkəyə öldürücü silahlar verməsi son nəticədə yenə də onun «kiçik bacısı»nın başında çatlayacaq

İyunun 18-də Fransa Ermənistana «Caesar» markalı özüyeriyən artilleriya qurğuları və onlar üçün mərmilərin satışı barədə müqavilə imzalayıb. Hətta bununla kifayətlənməyən bəzi şovinist fransızlar Fransa Prezidenti Emmanuel Makrona  müraciət edərək Ermənistana qoşun göndərməyi xahiş ediblər. Təbii ki, sonuncu kampaniyanın təşkil olunmasında Fransa hakimiyyətinin təşkilatçılığı hiss edilir. Eyni zamanda, aydın görünür ki, Fransa Cənubi Qafqazda təxribat törətməyə zəmin yaratmaqla öz ordusunu Ermənistana göndərmək istəyir. Digər tərəfdən, Ermənistanın Fransanın bu addımlarına dəstək verməsi bir daha göstərir ki, sözdə sülh istəyən bu ölkənin baş naziri Nikol Paşinyan əslində manipulyasiya ilə məşğuldur.

Xatırladaq ki, Fransa Müdafiə Nazirliyi hələ ötən ilin oktyabrında verdiyi açıqlamasında Ermənistana tədarük edilən hərbi texnikaların müdafiə xarakterli olduğunu bildirmişdi. Lakin hazırkı hərbi sövdələşmə əsasında Ermənistanın öldürücü silahlarla təchiz ediləcəyi Fransa rəhbərliyinin riyakarlığından xəbər verir. Belə ki, hərbi mütəxəsislərin fikrincə, «Caesar» özüyeriyən artilleriya qurğuları həm öldürücü, həm də hücum təyinatlıdır. Bu, bir daha göstərir ki, Ermənistan Fransa hakimiyyətinə arxalanaraq gələcəkdə ölkəmizə qarşı hücum planları üzərində düşünür.

 İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyətindən sonra Ermənistan hakimiyyəti anlayırdı ki, ölkəsinin Azərbaycanla nəinki indi, hətta onilliklər sonra müharibə aparmağa nə hərbi gücü, nədə ki,  iqtisadi potensialı var. Ona görə də postmüharibə dövründə Nikol Paşinyan hakimiyyəti ancaq  müharibənin ağır nəticələrini  aradan qaldırmağa çalışırdı. Lakin Ermənistanı bu yoldan sapındırmağa çalışan daxildəki revanşist qüvvələrlə, xaricdəki ermənipərəst Fransa hələ də dinc durmurlar.

Aydın görünən odur ki, Cənubi Qafqazı yenidən müharibə ocağına çevirmək istəyən Fransa hakimiyyəti Ermənistan ilə Azərbaycan arasında normallaşmaya və regionda davamlı sülhün təmin olunmasına ən ciddi maneədir. Bir sözlə, Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində Fransanın Cənubi Qafqaza burnunu soxmasının qarşısı alınıb. Bu isə hələ də Fransa Prezidenti Makronu ciddi şəkildə narahat edir. Yəni, Makron hələ də bu məğlubiyyətinin qisasını almaq arzusundadır. Ona görə də hər addımında ölkəmizə qarşı pozucu siyasətini davam etdirir.

Artıq bir çox dünya səviyyəli analitiklər də hesab edirlər ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransanın işğalçı  Ermənistanı yenidən silahlandırması və işğalçı ölkənin rəhbərliyini revanşizmə həvəsləndirməsi  Makron hakimiyyətinin  məsuliyyətsizliyi və beynəlxalq hüquq normalarına, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlikdir. Bu həmin Fransadır ki, zahirən demokratik və multikutural ölkə kimi görünməyə çalışsa da əslində mahiyyətcə müstəmləkəçidir və hələ də onun əsarət altında saxladığı xalqlar, ökələr mövcuddur. Belə ki, bu gün Fransa Yeni Kaledoniyada və digər müstəmləkə ərazilərində xalqları hələ də istismara məruz qoyur, onların təbii sərvətlərini talayır, irqçilik siyasəti ilə həmin ərazilərin demoqrafik tərkibini dəyişdirir. Hətta etiraz aksiyalarını qan və silah gücünə yatırıır.  

Fransanın Ermənistanı silahlandırmasını isə Azərbaycan dövləti nəinki qınayır, hətta gələcəkdə yaranacaq müharibə riskinin bütün cavabdehliyini Fransa və Ermənistan hakimiyyətinin üzərinə qoyaraq onları məsuliyyətli olmağa çağırır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu məsələni şərh edərkən deyib: «Hesab edirik ki, Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü olaraq daha məsuliyyətli siyasət həyata keçirməlidir. Xüsusilə beynəlxalq münasibətlərdə belə bir yanaşma var ki, işğal və təcavüz törətmiş dövlətlərə münasibətdə onların növbəti hərbiləşdirmə və militarizasiya proqramlarına müxtəlif məhdudiyyətlər tətbiq olunmalıdır. Nəzərə almalıyıq ki, Ermənistan Cənubi Qafqaz regionunda işğal və təcavüz törətmiş dövlətdir. Ona görə də işğalçı və təcavüzkar dövlətin yenidən silahlandırılması və militarizasiya siyasətinin həyata keçirilməsi heç bir halda məsuliyyətli hesab olunmur».

Bu arada Fransanın Ermənistana «Caesar» özüyeriyən haubitsalarının tədarükü ilə bağlı müqaviləsini şərh edən Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova deyib ki, Fransa Cənubi Qafqazda növbəti silahlı qarşıdurmanı təhrik edən qüvvədir. Onun sözlərinə görə, bu müqavilə eskalasiyaya səbəb olan növbəti addımdır və bununla Fransa Ermənistanın maraqlarını rəhbər tutmur, sadəcə olaraq ölkələr daxilindəki fikir ayrılıqlarından öz fürsətçi məqsədlərinə çatmaq üçün alət kimi istifadə etməyə çalışır.

Bir sözlə, Fransanın bu ölkəyə öldürücü silahlar verməsi və onu Azərbaycanla yeni müharibəyə təhrikr etməsi Ermənistanın başında çatlamaqla hayların ölüm simfoniyasına çevriləcəyi səksizdir.

Elçin Zaman, «İki sahil»