21 iyun 2024 00:37
247

Britaniyanın maliyyə naziri partiyasının seçkilərdə qələbə qazanacağına inanmır

Böyük Britaniyanın maliyyə naziri Ceremi Hant üzvü olduğu Mühafizəkarlar Partiyasının iyulun 4-də keçiriləcək növbədənkənar parlament seçkilərində qələbə qazanmasının çox çətin olacağını deyib.

“İki sahil” xəbər verir ki, Ceremi Hant “Times” qəzetinin tədbirində Mühafizəkarlar Partiyasının seçkidə qalib gəlmə ehtimalı ilə bağlı suala cavab verib. O deyib ki, Mühafizəkarların qələbə qazanması çox çətin olacaq: "Biz, şübhəsiz ki, sorğu-anketlərdəki nəticələrdən daha yaxşısını edə bilərik və bunu etmək üçün çox çalışırıq”,- deyə nazir cavab verib.

Qeyd edək ki, müxtəlif şirkətlərin apardığı anketlərə əsasən Leyboristlər Partiyasının tarixi bir qələbə ilə parlamentdə 422 yer qazanacağı proqnozlaşdırılır. Bununla da partiya 194 mandatlıq çoxluğa sahib olacaq. Bir partiya parlamentdə çoxluğu təmin etmək üçün yalnız 320-dən çox mandat qazanmalıdır. Digər bir sorğu-anketin nəticəsinə əsasən, Baş nazir Rişi Sunak seçkilərdə deputatlıq etdiyi bölgədə rəqibinə məğlub ola bilər.