21 iyun 2024 10:03
667

Doqquz minə yaxın müəllim üçün sertifikasiya imtahanı başlayıb - YENİLƏNİB

Riyaziyyat fənni üzrə müəllimlər üçün sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi başlayıb.

“İki sahil” xəbər verir ki, ümumilikdə 10-a yaxın məktəbdə doqquz minə yaxın müəllim imtahan verir.

Məlumat üçün bildirək ki, test imtahanı mərhələsində 120 dəqiqə müddətində təhsilverənlərin tədris etdiyi fənn üzrə ümumi təhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra namizəd topladığı balı kompüterin ekranında görür.

Test imtahanında mümkün 60 baldan minimum 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak hüququ qazanacaq.

Sertifikatlaşdırmadan keçən müəllimlər növbəti 5 il ərzində pedaqoji fəaliyyətini davam etdirmək üçün sertifikat əldə edir.

Qeyd edək ki, Azərbaycan dili, ingilis dili, rus dili (Azərbaycan bölməsi), rus dili və rus ədəbiyyatı (rus bölməsi), alman dili, fransız dili üzrə ilk dəfə cəlb olunacaq müəllimlər üçün test imtahanı mərhələsi iyunun 22-si və 24-də davam edəcək.

***

İyunun 21-dən etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə start verilir.

“İki sahil” xəbər verir ki, bu barədə Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzi məlumat yayıb.

Bildirilib ki, sertifikatlaşdırma prosesində riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), rus dili və ədəbiyyatı, alman dili, fransız dili və s.) fənlərini tədris edən müəllimlər iştirak edəcəklər.

Qeyd edək ki, proses iyunun 21-də, 22-də və 24-də baş tutacaq. Növbəti günlərdə ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri sertifikasiyada iştirak edəcəklər.

Cari ildə isə 30 mindən çox təhsilverən sertifikatlaşdırma prosesinə cəlb ediləcək. Sertifikatlaşdırmadan keçən müəllimlər növbəti 5 il ərzində pedaqoji fəaliyyətini davam etdirmək üçün sertifikat əldə edir. Yaşı 60-dan yuxarı olan müəllimlərin imtahanda iştirakı könüllü formada təşkil edilir.

Ötənilki sertifikatlaşdırma prosesinə 29 min 951 müəllim cəlb olunub. Sertifikatlaşdırmadan keçmiş 5246 təhsilverənin vəzifə maaşına 35 faiz, 17 min 914 təhsilverənin vəzifə maaşına isə 10 faiz artım tətbiq edilib.