21 iyun 2024 10:44
451

Türk dünyasının birliyi sabitliyə, təhlükəsizliyə və inkişafa xidmət edir

“Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri türk dünyasının gücləndirilməsi, türk dövlətləri ilə əlaqələrin daha da möhkəmləndirilməsidir. Türk dünyasını böyük ailə kimi dəyərləndirən dövlətimizin başçısı İlham Əliyev daim bu çağırışı edir ki, Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq. Cənab İlham Əliyevin “Biz birlikdə güclüyük!” çağırışı da özündə bütün məqamları ehtiva edir.

Dünyanın ikili standartlara əsaslanan siyasətinin hələ də davam etdiyi hazırkı dövrdə türk dünyasının birliyinin zəruriliyi özünü daha aydın şəkildə nümayiş etdirir. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən sonra bu birliyin daha da möhkəmləndiyi diqqətdən kənarda qalmır. Dünya Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının fonunda türk dünyasının birliyinin şahidinə çevrildi. Bu günlərdə imzalanmasının üçüncü ildönümünü qeyd etdiyimiz Şuşa Bəyannaməsi iki dost ölkənin münasibətlərinin dünəni, bu günü və gələcəyi barədə aydın təsəvvür yaradır. Ümumilikdə türk dövlətləri arasında əlaqələr bütün sahələrdə uğurla inkişaf edir. Hazırda dünya bu birliyi işğaldan azad edilmiş torpaqlarımızda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində aydın şəkildə görür. Bu qardaşlıq dəstəyinin daha bir nümunəsi isə Qarabağın tacı Şuşanın 2023-cü ildə türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi oldu. Cənab İlham Əliyevin bu günlərdə TÜRKPA-nın nümayəndə heyəti ilə görüşü türk dövlətləri arasında əlaqələrin təqdimatında əhəmiyyətli rol oynadı. Dövlətimizin başçısı bir daha bu reallığı əsaslı şəkildə diqqətə çatdırdı ki, bizim ailəmiz türk dünyasıdır.”

“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Malik Həsənov qeyd edib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə ilə gələn ay Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək: “Bu tədbirlərin keçirilməsi dünənə baxış əsasında qarşıdakı dövr üçün prioritetlərin müəyyənləşdirilməsində olduqca əhəmiyyətlidir. Bu baxımdan cənab İlham Əliyev bildirir ki, ildə bir dəfə Zirvə görüşünün keçirilməsi kifayət etməz. Çünki həm davamlı təmaslara ehtiyac var, eyni zamanda, hər bir Zirvə görüşü birliyimizin gücləndirilməsinə istiqamətlənmiş növbəti addım olur.”

Millət vəkili bu məqamı böyük qürur hissi ilə bildirib ki, artıq dörd ilə yaxındır təkcə paytaxt Bakı deyil, işğaldan azad edilmiş ərazilərimiz, xüsusilə Şuşa beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün ideal məkan kimi qəbul edilir: “Ən əsası Şuşadan həm dünya azərbaycanlılarının, həm də bütün türk dünyasının birliyinin dünyaya çatdırılması qürurverici olmaqla yanaşı, hazırkı dövrün əsas çağırışlarını özündə ehtiva edir. Bu birlik daimidir, sarsılmazdır, bütün türk dövlətləri onun möhkəmləndirilməsi üçün töhfələr verməyə səy göstərirlər. Hazırkı dövrün əsas çağırışlarından birinin məhz iqlim dəyişmələrinin yaratdığı problemlərə qarşı beynəlxalq həmrəyliyin gücləndirilməsi olduğunu nəzərə alsaq həm iyul ayında keçiriləcək Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü, həm də Azərbaycanın noyabr ayında ev sahibliyi edəcəyi COP29 bu sahədə də birliyimizi, həmrəyliyimizi daha da möhkəmləndirəcək. Sözügedən Zirvə görüşündə əsas müzakirə  mövzuları nəqliyyat və iqlimlə bağlı olacaq. Bu gün nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi türk dünyasının birləşməsi ilə sıx bağlı olan prosesdir. Orta Dəhlizin fəaliyyətə başlaması və yükdaşımaların artırılması günümüzün reallıqları sırasındadır. Burada Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr birgə fəaliyyət göstərirlər. Dövlətimizin başçısının vurğuladığı kimi, Orta Dəhlizin potensialına dünyada daha böyük ehtiyac var. Zirvə görüşündə bütün bu məsələlər geniş müzakirə ediləcək, vahid mövqe ortaya qoyulacaq.”

Millət vəkili diqqəti iyunun 15-də Milli Qurtuluş Günündə Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Şuşada keçirilən “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda beynəlxalq konfransa, dövlət başçısı İlham Əliyevin tədbir iştirakçılarına müraciətinə yönəldərək bildirib ki, Türk Dövlətləri Təşkilatında bir araya gələn ölkələrin siyasi partiyalarının qarşılıqlı faydalı əməkdaşlığı da müştərək məqsədlərin həyata keçirilməsində əhəmiyyətli rol oynayır: “Milli Qurtuluş Gününə və Şuşa Bəyannaməsinin imzalanmasının üçüncü ildönümünə həsr edilən beynəlxalq konfransda hazırkı dövrün çağırışlarına bir daha diqqət yönəldilərək bildirildi ki, hər bir beynəlxalq əhəmiyyətli tədbir məqsədlərə doğru atılan mühüm addımdır. Türk Dövlətləri Təşkilatının dünya miqyasında böyük bir güc mərkəzinə çevriləcəyi  qaçılmazdır. Bu birlik möhkəm təmələ əsaslanır və atılan addımlar onu daha da möhkəmləndirir. Ölkələr arasında əlaqələrin inkişafında siyasi partiyaların rolu inkaredilməzdir. Bu baxımdan Yeni Azərbaycan Partiyasının hər bir qərarı, təşəbbüsü təqdir edilir, birliyimizin, həmrəyliyimizin möhkəmləndirilməsinə töhfə kimi diqqətdədir. Cənab İlham Əliyevin beynəlxalq konfransın iştirakçılarına müraciətində qeyd etdiyi kimi, yeni ittifaq modeli kimi dünyanın diqqət mərkəzində olan Türk Dövlətləri Təşkilatında təmsil olunan ölkələrin sıx həmrəylik şəraitində dostluq və qardaşlıq prinsiplərinə, qarşılıqlı anlaşmaya, bərabərhüquqlu tərəfdaşlığa və çoxşaxəli əməkdaşlığa əsaslanan münasibətləri həm milli və regional səviyyədə, həm də qlobal miqyasda sabitliyə, təhlükəsizliyə və inkişafa xidmət edən çox önəmli amildir.”