22 iyun 2024 00:11
269

Əli Kərimlinin və dəstəsinin məqsədi qərəzli qrand fondlarının diqqətini çəkməkdir

Radikal müxalifətin-inkarçı, pozucu dəstənin parlament seçkilərinin vaxtının dəyişdirilməsi ilə bağlı mülahizələri, iddiaları absurd olduğu qədər də məntiqsiz, gülünc və ikrahdoğurucudur

İyunun 20-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin baş tutan növbəti iclasında Milli Məclisdə partiyanı təmsil edən deputatlara altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə edilməsi barədə yekdil qərar qəbul olunub.

Bundan sonra YAP-ı Milli Məclisdə təmsil edən deputatlar altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət edilməsi barədə təşəbbüslə çıxış ediblər. Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə göndəriləcək müraciət mətninin hazırlanması üçün komissiya yaradılıb. İyunun 21-də Milli Məclisdə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə məsələ səsverməyə qoyularaq qəbul edilib.

Bildiyimiz kimi, BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının və digər mötəbər beynəlxalq tədbirlərin keçiriləcəyi vaxtda-2024-cü ilin noyabr ayında Azərbaycan Respublikası Konstitusiyasının 981 maddəsinin II hissəsinə əsasən Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər keçirilməlidir.

Göründüyü kimi, parlament seçkilərinin vaxtından əvvəl keçirilməsi qərarı COP29 kimi kifayət qədər mühüm əhəmiyyətə malik olan, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu, mövqeyini və əlaqələrini möhkəmləndirəcək bir tədbirin ən yüksək səviyyədə təşkili və keçirilməsi ilə bağlıdır. Çünki parlament seçkilərinin şəffaf keçirilməsi, seçicilərin seçkilərdə iştirakının maneəsiz iştirakının təmin edilməsi COP29-un baş tutacağı vaxtda, yəni noyabr ayında çətin ola bilər. Bu mənada indiki şəraitdə də Milli Məclisin dövlət maraqlarını üstün tutaraq parlamentin buraxılması və seçkilərin daha erkən keçirilməsi təşəbbüsü məntiqidir.

Birmənalı demək olar ki, parlament seçkilərinin vaxtının dəyişdirilməsi ilə bağlı iqtidar partiyasının nümayəndələrinin gətirdikləri arqumentlər kifayət qədər əsaslandırıldığından ideya böyük ictimai dəstək qazanacaq. Ancaq ölkəmizdəki radikal müxalifət təmsilçiləri- AXCP sədri Əli Kərimli və dəstəsi həmişə olduğu kimi, bu məsələ ilə bağlı da ilk gündən inkarçı, pozucu mövqe nümayiş etdirməyə başlayıblar. Bu marginallar sosial şəbəkə seqmentlərində öz kifsimiş vağzal qoxuyan fikirləri, total yalanları ilə ictimai rəyi çasdırmaq üçün seçkilərlə bağlı dezinformasiyalar yayaraq qrant təşkilatlarının diqqətini çəkmək üçün yeni qarayaxma kampaniyasına start veriblər. İyunun 20-dən etibarən AXCP sədri Əli Kərimlinin, onun müavini Fuad Qəhrəmanlının, “Mİli Şura” adlı amorf qurumun Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylinin və digərlərinin ölkəmizdə demokratik proseslərin davamlılığının təmin edilməsinə xidmət edəcək yeni parlament seçkiləri ilə bağlı “təhlilləri”, necə deyərlər, klassik “moizələri” bunu bir daha təsdiq edir.

Şübhəsiz, bu antimilli ünsürlərin əsas məqsədi bir tərəfdən anti-Azərbaycan mövqeyi ilə tanınan qərəzli qrant təşkilatlarının diqqətini çəkməkdirsə, digər tərəfdən söz trolları vasitəsilə sosial şəbəkələrdə, necə deyərlər, “pərəstişkarlar” ovlamaq, daha doğrusu, dilənməkdir. Bu baxımdan birmənalı demək olar ki, məzmun və forma sarıdan sümüyünə, iliyinə qədər antimilli olan, sosial bazası olmayan bu merkantilləri seçki-filan heç maraqlandırmır. Buradaca bir neçə il əvvəl Aqşin Yeniseyin maraqla oxuduğum bir yazısında olduqca dəyərli hesab etdiyim bir fikri bir daha xatırladım: “Məzmun bəlli olanda forma ya qızıla çevrilər, ya da milçək qonmuş təzəyə bənzəyər”.

Müxalifətçiliklə imitasiya edən bu siyasi möhtəkirlər yeni parlament seçkilərinə hazırlaşmaq, öz qüvvələrini (əgər varsa) bir araya gətirərək seçkilərdə sivil, demokratik mübarizə aparmaq əvəzinə, necə deyərlər, dünən bir, bu gün iki qeyri-konsturktiv mövqe nümayiş etdirərək sosial şəbəkələrdə populist çıxışları ilə mənəviyyatsızcasına qarayaxma və gözdənsalma kampaniyasına start veriblər. Bu siyasi kəmsavadlar anlamırlar ki, (yaxud etiraf etməyə gücləri çatmır) COP29 kimi nəhəng miqyaslı bir beynəlxalq tədbirlə eyni vaxtda bütün ölkəni əhatə edəcək seçki kampaniyasının təşkili və səsvermənin keçirilməsinin məqsədəuyğun olmaması mübahisəsizdir. Bu inkarçı, pozucu dəstənin parlament seçkilərinin vaxtının dəyişdirilməsi ilə bağlı mülahizələri, iddiaları isə absurd olduğu qədər də məntiqsiz, gülünc və ikrahdoğurucudur.

Zahid Rza, “İki sahil”