21 iyun 2024 21:49
222

Dünya Livanın ikinci Qəzzaya çevrilməsinə tab gətirə bilməyəcək - Quterreş

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş BMT-nin Nyu Yorkdakı qərargahında Təhlükəsizlik Şurasından çıxarkən mətbuata açıqlama verib.

“İki sahil” xəbər verir ki, Quterreş regionun və dünya xalqlarının Livanın ikinci Qəzzaya çevrilməsinə tab gətirə bilməyəcəyini deyib.

“Bu gün İsrail və Hizbullah arasında mavi xətt üzrə gərginliyin artması ilə bağlı dərin narahatlığımı ifadə etmək məcburiyyətində qaldım. Hər iki tərəf “sanki hərtərəfli müharibə yaxınlaşır” kimi döyüşkən ritorika səsləndirirlər.” – deyə o bildirib.

Daha sonra Yaxın Şərqdə qarşıdurmanın genişlənmə riskinə diqqət çəkən Quterreş tələsik bir addımın, təkcə bir yanlış hesablamanın təsəvvürə gətirilə bilinməyəcək bir fəlakətə səbəb ola biləcəyini deyib.

"Tərəflər təcili olaraq Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin tam yerinə yetirilməsinə dair öhdəlik götürməli və hərbi əməliyyatları dərhal dayandırmalıdırlar. Dünya yüksək səslə və aydın şəkildə deməlidir ki, gərginliyin aşağı salınması təkcə mümkün deyil, həm də vacibdir. Hərbi gərginliyin daha da artması yalnız Livan və İsraildəki insanların daha çox əzab çəkməsinə və region üçün potensial olaraq daha dağıdıcı nəticələrə gətirib çıxaracaq.” – deyə diplomat bildirib. (APA)