22 iyun 2024 11:49
347

Bakı Təşəbbüs Qrupu Fransanın və Niderlandın kolonializm siyasətini İFŞA EDİR - ŞƏRH

Bu gün də Fransa və Niderland müstəmləkəçilik siyasətlərini davam etdirməkdədirlər. Halbuki, bu dövlətlərin rəsmiləri dünyanın ayrı-ayrı məmləkətlərinə bəşəri dəyər və prinsiplərlə bağlı dərs verməyə çalışır, insan hüquq və azadlığının fundamentallığından dəm vururlar. Azərbaycan isə onların iç üzlərini açmaqda davam edir. Bakı Təşəbbüs Qrupunun (BTQ) kolonializmin siyasi, iqtisadi və mədəni nəticələrinə, müstəmləkə ölkələrində insan haqlarının pozulmasına dair təşkil etdiyi beynəlxalq tədbirlər buna sübutdur. 

Xəbər verildiyi kimi,  Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən iyunun 20-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında “Müstəqilliyə və fundamental azadlıqlara doğru: Müstəmləkəçiliyə son qoyulmasında C24 Komitəsinin rolu” adlı beynəlxalq konfrans keçirilib.  BMT-nin müstəmləkə altında olan ölkələr və xalqlara müstəqillik verilməsi haqqında bəyannamənin icrası ilə bağlı yaradılmış xüsusi Komitənin - C24-ün illik iclası çərçivəsində baş tutan bu konfransda hazırda müstəmləkəçiliyə məruz qalmış regionların real vəziyyəti diqqət mərkəzində olub. 

Fransa və Niderlandın işğalı altında olan 8 ərazidən - Korsika, Fransız Qvianası, Qvadelup, Martinik, Maohi Nui (Fransız Polineziyası), Kanaki (Yeni Kaledoniya), eləcə də Sent-Martin, Bonayredən olan rəsmi şəxslərin, müstəqillik hərəkatlarının rəhbərlərinin, eləcə də müxtəlif ölkələrin dekolonizasiya üzrə ekspertlərinin, deputatlarının və tədqiqatçıların iştirakı ilə keçirilən konfransda vurğulanıb ki,  Niderland, xüsusilə Fransa beynəlxalq təşkilatların və müstəqillik uğrunda mübarizə aparan xalqların uzun illərdir tələblərinə məhəl qoymur, neokolonializm siyasətini davam etdirir. Odur ki, onlar onlar təmsil etdikləri xalqların tələblərini və səsini dünya ictimaiyyətinə çatdıran və Qoşulmama Hərəkatına sədrliyi dövründə dekolonizasiya prosesi ilə mübarizəyə müstəsna dividendlər qazandıran Azərbaycana dərin minnətdarlıq bildiriblər və beynəlxalq platforma rolunu oynayan BTQ-nin dəstəyi ilə müstəqilliyin uzaqda olmadığına inam ifadə ediblər. Yeri gəlmişkən qeyd edək ki, beynəlxalq konfransda iştirak edən təşkilatın idarəçilik üzrə eksperti Karlayl Korbin deyib ki, dünyada olan müstəmləkə ərazilərinin nümayəndələrini bir araya toplamaq çox yaxşı təşəbbüsdür. O həmçinin bildirib ki, hər zaman eyni mövqedə olan insanlarla bir araya gəlib müzakirələr aparmaq mümkün olmur. Hekayələri dinləmək, ən əsası da birgə strategiyaları inkişaf etdirmək çox gözəl addımdır və Bakı Təşəbbüs Qrupu bunu edir. Ümid edirik ki, bu təmaslar davamlı olacaq.

Konfransın sonunda siyasi müraciət qəbul olunub. İştirakçılar BTQ tərəfindən təşkil edilən regional və qlobal tədbirlərdə iştiraklarını daha da fəallaşdırmağa dair öhdəlik götürüblər. Bu, bir daha sübut edir ki, BTQ müstəmləkə regionlarının azadlıq uğrunda ədalətli mübarizəsini dəstəkləməklə onlara öz töhfəsini verməkdədir. Belə ki, müstəmləkəçi Fransa Afrikadan artıq qovulur, güc yolu ilə əlində saxlamağa çalışdığı digər koloniyalarından da tezliklə çıxarılacağı şübhəsizdir. Son zamanlar dənizaşırı ərazilərdə Fransa əsarətindən qurtulmaq üçün azadlıq mübarizəsinə qalxan yerli xalqların müstəqillik tələblərində israrlı olmaları da bunu deməyə əsas verir

Şübhəsiz, müstəmləkə əsarətindən qurtulmaq həmin xalqların fundamental hüququdur. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olan və bu gün də müstəmləkəçilik siyasəti yürüdən, yerli xalqların fundamental hüquqlarının kobud şəkildə pozan, təbii sərvətlərinin qanunsuz talan edən və beynəlxalq öhdəlikləri yerinə yetirməyən Fransanın bütün cəhdlərinə baxmayaraq, müstəmləkiçiliyə qarşı mübarizənin vacib olduğunu yaxşı dərk edən Azərbaycan beynəlxalq hüquq normaları çərçivəsində  onları dəstəkləyir. Yeri gəlmişkən qeyd edək ki, Fransa belə tədbirlərin keçirilməsinə hər vasitə ilə mane olmaqda davam edir. Elə Fransa hökumətinin  heç bir əsas  göstərmədən sözügedən tədbirə gəlmək üçün  nümayəndələri öz hava limanlarından buraxmamasına cəhdlər göstərməsi buna sübutdur. Görünür, Fransa Azərbaycanın müstəmləkəçiliklə bağlı atdığı tutarlı addımlardan yaman əndişələnib. Elə  son aylar onun Azərbaycana qarşı təxribatlarının genişləndirməsi də bunu təsdiq edir. Şübhəsiz, bu kimi çətinliklərə baxmayaraq, əzilən, müstəmləkə altında inləyən xalqların müstəqillik uğrunda ədalətli mübarizəsini dəstəkləyən BTQ-nin fəaliyyəti  təqdirəlayiqdir. Bu  məqamda Prezident İlham Əliyevin aşağıdakı fikirlərini də xatıtlatmaq yerinə düşər:  “Bakı Təşəbbüs Qrupu bu gün dünya miqyasında böyük hörmətə malik olan qurumdur və yenə də deyirəm ki, bu qurumun nəticələri göz qabağındadır”.

Qeyd edək ki, Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 2023-cü il iyulun 6-da Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb.

Qvami Məhəbbətoğlu, “İki sahil”