27 iyun 2024 10:14
124

Azərbaycanda ilk dəfə keçiriləcək Beynəlxalq Kiberdiplomatiya Konfransına onlayn qeydiyyat başlayıb

Bu il sentyabrın 25-də Azərbaycanda ilk dəfə keçiriləcək Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransın (ICCD) rəsmi internet səhifəsi (cyberdiplomacy.gov.az) istifadəyə verilib.

“İki sahil” xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) məlumat yayıb. Saytda tədbirdə iştirak etmək üçün qeydiyyat bölməsi yaradılıb.

Bildirilir ki, saytda konfrans haqqında ümumi məlumat, təşkilatçılar, məruzəçilər, və konfransın gündəliyi kimi bölmələr yer alıb.

Xatırladaq ki, XRİTDX ilə Rumıniya Respublikasının İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu arasında imzalanmış memoranda əsasən Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransın keçirilməsi və regional təmsilçiliyi eksklüziv olaraq Azərbaycana verilib. Tədbirin əsas tərəfdaşları Azərbaycan Prezidentinin Administrasiyası, Xarici İşlər Nazirliyi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzidir.

ICCD ilə paralel olaraq, eyni ərəfədə Azərbaycanda “ADEX 2024” 5-ci Yubiley Beynəlxalq Müdafiə Sərgisi keçiriləcək.