27 iyun 2024 15:47
342

COP29-a ev sahibliyi edəcək ölkəmizin üzərinə çox böyük məsuliyyət düşür

Azərbaycanın dünya birliyindəki nüfuzu getdikcə yüksəlir, əlaqələri genişlənir. Ölkəmizin mötəbər beynəlxalq təşkilatlarla fəal əməkdaşlığı, bəzi hallarda bir sıra nüfuzlu qurumlara sədrlik etməsi və qarşıya qoyduğu vəzifələri layiqincə yerinə yetirməsi beynəlxalq aləmdə yüksək dəyərləndirilir. Vətən müharibəsində qazandığımız şanlı Qələbə respublikamızın reytinqini daha da artırdı. Dünya ictimaiyyəti də şahid oldu ki, 30 il ərzində qüdrətli dövlətlərin və nüfuzlu beynəlxalq təşkilatların həll edə bilmədikləri problemi Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuz 44 gün ərzində icra etdi. Bu tarixi Qələbə Azərbaycanın xarici siyasətinin növbəti uğuru oldu.

Cari ilin 21 iyun tarixində Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycanın yaşıl gündəliyini nümayiş etdirən 29-cu Beynəlxalq Neft və Qaz – “Caspian Oil & Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji –“Caspian Power” sərgiləri keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərgi zamanı “Euronews” televiziyasına verdiyi müsahibədə ölkəmizin enerji siyasəti ilə bağlı mühüm məqamlara toxunub. Dövlətimizin başçısı müsahibəsində “Masdar”ın bizim bərpaolunan enerji sahəsində strateji tərəfdaşımız olduğunu deyib. Qeyd edib ki, “Ötən ilin oktyabrında biz 230 meqavatlıq ilk Günəş və külək enerjisi stansiyalarının açılışını etdik. Bu gün isə ümumi gücü 1 qiqavat olan üç Günəş və külək stansiyalarının təməlqoyma mərasimini keçirdik. Bu, yalnız başlanğıcdır, çünki biz orta perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 giqavata qədər gücü əhatə edən bütün müqavilələri və anlaşma memorandumlarını icra etməyi planlaşdırırıq. Hədəfimiz belədir. Potensial var”.
Bu sahədə Azərbaycan olduqca böyük işlər görür. Xarici ölkələri, şirkətləri özünə cəlb edir. Odur ki, ölkəmizdə energetika sahəsinə yaxşı sərmayə mühiti mövcuddur. Bütün bunlar göstərir ki, respublikamız ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir.
Azərbaycan COP29-a ev sahibliyi edir, odur ki, Azərbaycanın yaşıl enerjiyə keçid prosesində üzərinə çox böyük öhdəlik və məsuliyyət düşür. Respublikamız eyni zamanda bu səbəbdən də öndəgedənlərdən olmalıdır.

Çox sevindirici haldır ki, Azərbaycanın “Masdar”, “ACWA Power” kimi strateji tərəfdarları var və bizimlə işləmək istəyən, sərmayə qoymağı planlaşdıran bir sıra xarici şirkətlər vardır. Onu da qeyd edək ki, BP də sərmayədarlar sırasındadır.
Prezident İlham Əliyev müsahibəsində respublikamızın neft və qaz sahəsini yaxşı bildiyini və bu işə isə təzə başlanıldığını və milli enerji şəbəkəsi ilə bağlı müəyyən çətinliklərin olduğunu və eyni zamanda sərmayədarların verdiyi mümkün qədər çox enerjinin qəbul edilməsi üçün milli enerji şəbəkəsinin gücləndirilməsinin lazım olduğunu söyləyib.

Dövlətimizin başçısı digər çətinliyin ötürülmə xətləri ilə bağlı olduğunu və bu halda öz qonşularımızla fəal çalışmağımızın lazım olduğunu deyib. Qeyd edib ki, Azərbaycanın özünə planlaşdırdığımız qədər bərpaolunan enerji lazım deyil və bu səbəbdən hədəfimiz ixracdır. Bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşmaq tətbiq edilməlidir ki, o, əsasən indi Avropaya lazım olan qaydada nəql olunsun.
Bu il Azərbaycan COP29-a ev sahibliyi edir. Prezident İlham Əliyev bu ili xüsusi Sərəncamla Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edib.
Azərbaycan Prezidenti çıxışında qeyd etdi ki, COP29-a ev sahibliyi edən ölkə kimi bizim əsas məqsədlərimizdən biri birliyi və həmrəyliyi yaratmaqdır. Biz COP29 zamanı və ondan sonra sədrliyimizin davam edəcəyi dövrdə elə müsbət mühit qurmaq istəyirik ki, ölkələr və şirkətlər bir-biri ilə istəklə işləsin və qarşılıqlı iddiaları kənara qoysunlar, planetin qorunması ilə əlaqədar əsas gündəliyə diqqət yetirsinlər.
Beləliklə, bütün bunlar onu göstərir ki, Prezident İlham Əliyevin müsahibəsində toxunduğu məsələlərin həlli ilə bağlı söylədiyi fikirlər onun qlobal problemlərin həllinə töhfə vermək niyyətində olduğunu, bununla bağlı təşəbbüslər irəli sürdüyünü, görülən işlərdə dəstək vermək əzmini göstərir. Azərbaycanın hələ bir neçə il bundan əvvəl həyata keçirməyə başladığı və bu gün zəruriliyi daha yaxşı başa düşülən layihələr dövlətimizin başçısının müdrik, uzaqgörən Lider olduğunu bir daha təsdiqləyir.

Fidan Hüseynova
YAP Quba rayon təşkilatının sədri