27 iyun 2024 16:10
278

İsti havalarda necə qidalanmalı? - MÜTƏXƏSSİS MƏSLƏHƏTİ

Rusiya Biotexnoloji Universitetinin Biotexnologiya və Bioorqanik Sintez Məhsullarının Texnologiyası kafedrasının müdiri Dmitri Kulikov RT ilə söhbətində isti havalarda düzgün qidalanma ilə bağlı məsləhətlər verib.

“İki sahil” xəbər verir ki, o, söhbətində isti havalarda yüngül yeməklərə üstünlük verilməli olduğunu bildirib: “Tərəvəz salatları, soyuq şorbalar, meyvələr, balıqlar, dəniz məhsullarına üstünlük verilməlidir. Yeməkləri tez-tez yeyin (gündə 4-5 dəfə), ancaq bədəni çox yükləməmək üçün kiçik hissələrdə. Nəzərə almaq lazımdır ki, yağlı qidaların həzm edilməsi uzun çəkir.”

Onun sözlərinə görə, qida rasionuna daha çox tərəvəz və meyvə daxil edilməlidir: “Tərəvəz və meyvələr vitaminlər, minerallar və həzmi normallaşdıran liflə zəngindir. Zülalı da (yağsız ət, quş əti, balıq, paxlalılar) unutmaq olmaz. Bu, gücü qorumaq üçün lazımdır."

Mütəxəssis xatırladıb ki, 1 kq çəkiyə orta hesabla 30 ml su lazımdır, lakin istidə mayeyə ehtiyac artır: “Bədəninizə qulaq asın: susuzluq əsas siqnaldır. İstəməsəniz belə, su için. Əlbəttə ki, təmiz su içmək daha yaxşıdır, ancaq şəkərsiz meyvə içkiləri, kompotlar, yaşıl çay içə bilərsiniz. Balansı bərpa etməyə imkan verən aşağı minerallaşdırılmış qazlı su da içmək məsləhətdir. İsti havalarda orqanizm tərləyərək xeyli miqdarda mineral itirir.”

Onun fikrincə, isti havalarda şirin soda, qəhvə və spirt istehlakını məhdudlaşdırmaq daha yaxşıdır: “Unutmayın ki, isti havalarda qidaların təzəliyinə və gigiyena qaydalarına nəzarət etmək xüsusilə vacibdir. Yeməkdən əvvəl əllərinizi və qidaları yaxşıca yuyun.”