28 iyun 2024 02:58
222

Siyasi, iqtisadi maraqların birləşdiyi, humanitar çağırışların səsləndiyi platforma

Azərbaycan diplomatiyasının əsas istiqamətlərini təşkil edən bu prinsiplər bəşəri dəyərlərdən qaynaqlanır

Mürəkkəb tendensiyaların və qlobal problemlərin artdığı, çoxtərəfli diplomatik əlaqələrin aktuallaşdığı, transmilli korporasiyaların və qeyri-hökumət təşkilatlarının beynəlxalq danışıqlar prosesində rolunun intensivləşdiyi müasir dövrümüzdə dünyada sabitliyin qorunması ümdə məsələ kimi böyük əhəmiyyət daşıyır. BMT, ATƏT, Avropa Şurası, MDB, ASEAN (Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası), APEC (Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı), ŞƏT (Şanxay Əməkdaşlıq Təşkilatı), BRHÇC (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası), eyni zamanda digər regional və sahəvi ittifaqlar arasında əməkdaşlığın genişlənməsi dünya siyasətinin aktual problemlərindəndir. Tanınmış nüfuzlu təşkilatları, blokları ilə əlaqələrini müasir dövrün tələbləri baxımından inkişaf etdirən Cənubi Qafqazın lider dövləti Azərbaycanın milli maraqlarını və dövlətçilik mənafeyini əks etdirən xarici siyasətinin dəstəklənməsi ölkəmizin diplomatik səylərinin nəticəsidir. Çoxtərəfəli və ikitərəfli əməkdaşlığı genişləndirməklə xarici siyasətini şaxələndirmə prinsipləri əsasında təkmilləşdirən Azərbaycanın diplomatiya modelinin ölkəmizin inkişaf strategiyasına, yeni hədəflərə uyğun inkişafı nəticəsində ölkəmiz regionda və onun hüdudlarından kənarda mehriban qonşuluq, qarşılıqlı faydalı əməkdaşlıq və tərəfdaşlıq mühiti formalaşdırmağa nail olub. Hərbi-siyasi blokların üzvü olmayan Azərbaycanın xoşməramlı siyasət vasitəsilə «yumşaq təhlükəsizlik» mühiti yaradılması naminə göstərdiyi səylər qarşılıqlı əməkdaşlıq prinsiplərinə əsaslanır.

BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi iclasında, üç il sədrlik etdiyi Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) COVID-19 pandemiyası ilə mübarizədə həmrəylik və əməkdaşlıq məsələsinə həsr olunmuş Zirvə görüşlərində bütün xalqları «vaksin millətçiliyi»nə qarşı birgə mübarizəyə səsləyən Prezident İlham Əliyevin xeyirxahlıq və humanizm səylərinin yekdilliklə dəstəklənməsi Azərbaycanın həmrəyliyə çağırış siyasətinin uğurudur.

Şərqlə Qərb dəyərlərini bəşəri ideyalar ətrafında birləşdirən ölkə adını son aylarda ev sahibliyi etdiyi tədbirlərin əhəmiyyəti ilə doğruldan Azərbaycan qazandığı siyasi, iqtisadi, humanitar platforma adını, sivilizasiyalararası körpü rolunu ləyaqətlə davam etdirir. Respublikamızda keçirilən Qlobal Bakı forumlarında, Ümumdünya Mədəniyyətlərarası Dialoq forumlarında Avropa ilə Şərq ölkələri təmsilçilərinin iştirakı, aktual problemlərin birgə müzakirəsi, insanlıq naminə bəşəri dəyərlərin qorunması ilə bağlı çağırışların vəhdət halında səslənməsi etibarlı tərəfdaş kimi tanınan Azərbaycanın diplomatik uğurları olmaqla, ölkəmizin dünyada sabitliyin qorunmasına töhfəsidir.

SPECA-ya üzv dövlətlərin-Azərbaycanın, Əfqanıstanın, Qazaxıstanın, Qırğızıstanın, Tacikistanın, Türkmənistanın və Özbəkistanın, eyni zamanda, müxtəlif beynəlxalq təşkilatlarda Avropa təsisastları ilə birlikdə təmsil olunmaları ölkələrarası əməkdaşlığı genişləndirməklə Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq imkanlarını artırır. SPECA-ya sədrlik edən Azərbaycanın təşəbbüsü, dövlət və hökumət başçılarının iştirakı ilə Bakıda keçirilən Zirvə görüşündə iqtisadi maraqları birləşdirən ən mühüm amil kimi siyasi sabitliyin vacibliyini diqqətə çatdıran Prezident İlham Əliyev «Dünyada uğursuz, asılı, iki və ya daha çox stulda oturmaq istəyən, bir neçə ağaya xidmət edən, özünü daha böyük dövlətlərin qarşıdurma arenasına çevirən ölkələrin sayı az deyi» sözləri ilə taleyi xarici ağalarının əlində olan itaətkar dövlətləri sülh naminə birliyə çağırdı. Qərb və Şərq dəyərlərini bəşəri ideyalar ətrafında birləşdirməklə humanizm prinsiplərinin mütləq qələbə çalacağına inamını ifadə etdi.

Enerji diplomatiyasında Qərb ölkələri ilə əməkdaşlığa prioritet kimi diqqət yetirən, Avropa bazarını ən sərfəli əməkdaşlıq məkanı adlandıran Prezident İlham Əliyevin dünyada dəstəklənən enerji diplomatiyası, şaxələndirmə siyasəti Azərbaycanın beynəlxalq səviyyədə önəmini daha da artırır, mövqeyini möhkəmləndirir. Avropa üçün sabit və mühüm enerji mənbəyi hesab edilən ölkəmizin Səudiyyə Ərəbistanının, İtaliyanın tanınmış şirkətləri ilə əməkdaşlığı «yaşıl enerji» gündəliyini daha da aktuallaşdırır.

Bəllidir ki, Azərbaycan təkcə zəngin karbohidrogen ehtiyatlarına malik ölkə deyil, eyni zamanda, Mərkəzi Asiyadan Avropa istiqamətində göndərilə biləcək karbohidrogen məhsullarının nəqlində mühüm tranzit ölkə kimi də mühüm önəm daşıyır. Avropanın doqquz ölkəsi ilə enerji sahəsindəki əməkdaşlığını genişləndirən ölkəmizin şaxələndirmə siyasətinə qoşulan qitə ölkələri də daxil olmaqla digər dövlətlər də Azərbaycanın bölgədə müstəqil siyasət yeritməsini, enerji asılılığı olmayan bir dövlət kimi söz sahibliyini etiraf edirlər.

Ötən aylarda Slovakiyanın Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri və səfər çərçivəsində mühüm sənədlərin imzalanması iki ölkə arasında əməkdaşlığa verilən böyük önəmin təcəssümü idi. Səfər çərçivəsində iki ölkə arasında tərəfdaşlıq haqqında Birgə Bəyannamənin, müdafiə sənayesi ilə bağlı sənədlərin imzalanması, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rola malik «Həmrəylik Halqası»na verilən dəyərdir. Slovakiyaya təbii qazın ixracı iqtisadi əməkdaşlığı daha da gücləndirəcək. Türk dövlətlərinin həmrəylik ənənələrinin davamı kimi dəyərləndirilən Slovakiyanın Ağdamın Qərvənd kəndinin yenidən qurulmasında iştirakı ilə bağlı humanist addımı ölkəmizin sülh təşəbbüslərində fəal iştirakına verilən dəyərdir. Prezident İlham Əliyevə səmimi duyğularını «Siz beynəlxalq hüququ müdafiə edən şəxsiyyətsiniz. Siz praqmatik şəxsiyyətsiniz və Sizin xarici siyasətiniz təkcə bir istiqamətdə köklənməyib. Siz ərazi bütövlüyünün nə dərəcədə vacib olduğunu çox gözəl bilirsiniz. Bununla yanaşı, Avropa İttifaqının üzvü olan ölkənin nümayəndəsi kimi deyə bilərəm ki, Avropa İttifaqı ara-sıra digərlərinə təlimat verməyi xoşlayır. Mən isə siyasi təcrübəmdə heç vaxt heç bir ölkənin daxili işlərinə qarışmamağa üstünlük verirəm» sözləri ilə ifadə edən Robert Fitso ikili standartlara qarşı mübarizliyi ilə fərqlənən dövlət başçımızla həmrəyliyini bildirdi. Azərbaycanın beynəlmiləl dəyərlərə əsaslanan diplomatiyasının uğurlarını dəstəklədi.

Mayın 16-da Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun azərbaycanlı həmkarı Prezident İlham Əliyevin dəvəti ilə ölkəmizə dövlət səfəri, hər iki ölkə arasındakı iqtisadi, siyasi əlaqələrin möhkəmlənməsinə müsbət təsir göstərəcək mühüm əhəmiyyətli sənədlərin imzalanması dostluğa və əməkdaşlığa əsaslanan kreativ tərəfdaşlığın ifadəsi idi. Mərasimdə Bakı –Minsk, Gəncə – Qomel, Qəbələ- Qrodno şəhərləri arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair Anlaşma memorandumlar”ının imzalanması hər iki ölkədə müasir şəhərsalma mədəniyyətini əks etdirən təcrübə mübadiləsinə göstərilən diqqətin təzahürüdür.

Müasir dövrün tələbinə, çağırışına uyğun, regional və beynəlxalq məsələlər üzrə aparılan müzakirələrin, möhkəmlənən münasibətlərin strateji xarakterinə uyğun davamını sınaqdan çıxan təcrübə adlandıran Prezident İlham Əliyevin vurğuladığı kimi, yalnız çoxplanlı, yaxşı keçmişə və yaxşı gələcəyə hesablanmış, qarşılıqlı etimada, ikitərəfli dəstəyə arxalanaraq irəliləmək mümkündür.

Az müddətdə ölkəmizin siyasi həyatında baş verənlərin qısa xronologiyası, müxtəlif dövlət və hökumət başçılarının ölkəmizə rəsmi və dövlət səfərləri göstərir ki, dünyanın qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı, müəllifi və əsas tərəfdaşı olan Azərbaycan həqiqi mənada siyasi, iqtisadi, humanitar platforma, sivilizasiyalararası körpü, mədəni müxtəlifliyin məkanı, mültikultural dəyərlərə sadiq, tolerant dövlət olduğunu təsdiqləyir.

Son aylarda ölkəmizdə keçirilən, mühüm əhəmiyyətli tədbirlərdə iştirakçıların sayının artması, müzakirə olunan məsələlərin aktuallığı Azərbaycanın xarici siyasətinin uğurlarındandır.

Möhtəbər qlobal dialoq mərkəzi, beynəlxalq enerji ailəsinin ortaq tribunası kimi dəyərləndirilən Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – «Caspian Oil&Gas» və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – «Caspian Power» sərgilərinin açılış mərasimləri ilə beyənlxalq ictimaiyyətin diqqətini cəlb edən, dünyanın enerji xəritəsini yeniləyən Azərbaycanda irəli sürülən təkliflərdə bütün dövlətlərin maraqları əks olunurdu. Enerji təhlükəsizliyinin daha etibarlı təminatı və qorunması üçün irəli sürülən təkliflərin müzakirə olunduğu, dünyanın enerji sənayesi sahəsində iştirak edən dövlətlərin təmsilçilərini bir araya gətirən tədbirdə 300-dək şirkətin iştirakı eyni zamanda ölkəmizin «yaşıl enerji gündəliyi»nə artaq maraqdan qaynaqlanır. Tədbir çərçivəsində Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlinin qoyulması bərpaolunan enerji sahəsində yeni eranın başlanğıcı kimi dəyərləndirilməklə ölkəmizin enerji ixracınını yeni istiqamətlərini də hədəfəldi. Bu cür yeniliklər cari ildə COP29-a ev sahibliyi edəcək, dünyanın enerji xəritəsini yeniləyən Azərbaycanın təşəbbüsü ilə yaradılan əməkdaşlıq formatının daha geniş mənada dəstəklənməsi, təqdimatıdır.

Əməkdaşlıq coğrafiyasında türkdilli, İslam dövlətləri ilə həmrəyliyinin, strateji tərəfdaşlığının ortaq və oxşar tarixi əlaqələrin inkişafı daim diqqətdə saxlanılan məsələlərdir. Xarici siyasətini bütün dövlətlərlə qarşılıqlı hörmət, biri-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında davam etdirən ölkəmizin Avropa, ərəb ölkələri ilə əməkdaşlığı da sağlam münasibətlər zəminində davam etdirilir.

Tacikistan Prezidenti Emoməli Rəhmonun Azərbaycana səfəri ölkəmizin siyasi həyatında yaşanan hadisə kimi yaddaşlarda qaldı. Səfər zamanı təkbətək və geniş formatda keçirilən görüşlərdə, mətbuata bəyanatlarında iki dost ölkənin başçıları arasındakı münasibətlərin sarsılmazlığını bildirən prezidentlər İlham Əliyev və Emoməli Rəhmon sənaye kooperasiyası, humanitar sahədə əməkdaşlıq üzrə iqtisadi xarakterli bir çox layihələrin reallaşdırılmasına dair müzakirələri səmərəli adlandırdılar.

İki ölkə arasında möhkəmlənən əməkdaşlığın keyfiyyət baxımından daha zəngin olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev Orta Dəhlizi və onun bir hissəsi olan TransXəzər Nəqliyyat Dəhlizini Tacikistandan yükgöndərənlər üçün daha cəlbedici etmək məqsədilə logistika əlaqələrinə dair məsələləri xüsusilə diqqətə çatdırdı. Qeyd olundu ki, geosiyasi dəyişikliklər, dünyadakı vəziyyət, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, təhsil, mədəniyyət və kənd təsərrüfatı ilə bağlı məsələlər ətrafında müzakirələrin aparılması ölkələrarası əlaqələri daha da gücləndirəcək. Vurğulandı ki, Tacikistanla Azərbaycan arasındakı təmaslar, beynəlxalq tədbirlər çərçivəsində keçirilən görüşlər qarşılıqlı fəaliyyətin ən mühüm amilidir.

Azərbaycanla Tacikistan arasındakı əməkdaşlığın sarsılmazlığı İslam həmrəyliyinin bariz nümunəsi adlandırıldı. Tacikistan Prezidenti beynəlxalq və regional təşkilatlar çərçivəsində hər iki ölkə tərəfindən dəstəklənən təşəbbüslərin qarşılıqlı faydasını qeyd etməklə bu təcrübənin davamının vacibliyini də diqqətə çatdırdı.

Enerji istehsalı və suvarma məqsədilə Araz çayı üzərində inşa edilən, enerji güclərinin bərabər bölünməsini təmin edəcək «Xudafərin» və «Qız Qalası» hidroqovşaqlarının istifadəyə verilməsi təkcə İranla Azərbaycan arasında deyil, bölgənin sabitliyi, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi baxımından əhəmiyyətlidir.

Türk dünyasının gücləndirilməsi, beynəlxalaq nüfuzunun artırılması üçün Prezident İlham Əliyevin səyləri Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr tərəfindən daim yüksək dəyərləndirilir. Diplomatiyasında əsas xətt kimi, daim diqqətdə saxlanılan türk dövlətləri ilə birlik və həmrəyliyin gücləndirilməsi Azərbaycanın dövlətçilik və milli maraqlarının da əsas prioritetlərindəndir. Qırğızıstanın Prezidenti Sadır Japarovun ölkəmizə səfəri TDT-nin üzv dövlətləri arasındakı həmrəyliyə daha bir nümunə oldu. Azərbaycanla Qırğızıstan arasında imzalanan Birgə Bəyannamənin əhəmiyyətini mətbuata bəyanatlarında xüsüsilə qeyd edən prezidentlər bu kimi sənədləri münasibətlərin gələcək inkişafı baxımından yüksək dəyərləndirdilər.

Bu günlərdə TÜRKPA-nın nümayəndə heyətini qəbul edən Prezident İlham Əliyevin vurğuladığı kimi, istəyi, niyyəti işbirliyi, əməkdaşlıq, dostluq olan türk birliyi heç kim üçün təhdid mənbəyi deyil heç vaxt olmayacaq. Qərəzli qüvvələrin formalaşdırdığı islamofobiya və dini radiaklizmə qarşı mübarizədə öz sözünü birliyi ilə təsdiqləyən türk dövlətlərinin müxtəlif təşkilatlar çərçivəsində əməkdaşlığının genişlənməsi, Azərbaycanın bölgədə yaratdığı yeniliklər, dünya siyasətinə təsiretmə imkanlarının artması uğurlarımızdan yalnız bir nümunədir.

2021-ci ildə imzalanan «Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi» bütünlükdə türk dövlətlərinin əməkdaşlığının, enerji və nəqliyyat infrastrukturunu genişlənməsi, təhlükəsizliklərinin qorunması, diplomatik, siyasi, hərbi, iqtisadi və sosial-mədəni münasibətlərinin təkmilləşdirilməsi yolunda bələdçidir. «İqlim məsələləri isə bu gün Azərbaycanın gündəliyində duran əsas vəzifələrdən biridir. Bildiyiniz kimi, Azərbaycan bu il COP29 konfransına ev sahibliyi edəcək. Bu, bizim üçün həm böyük məsuliyyətdir, həm də böyük şərəfdir. Bu qlobal tədbirə hazırlıq ərəfəsində, əlbəttə ki, qardaş ölkələrlə bu məsələləri də müzakirə etmək böyük fayda verəcəkdir» sözləri ilə ölkəmizdə keçiriləcək COP29-un bütünlükdə türk dövlətlri üçün də faydalı olacağını diqqətə çatdıran Prezident İlham Əliyevin vurğuladığı kimi, İslam ölkələrində nəqliyyat infrastrukturunun coğrafiyasının genişlənməsi, səmərəli təşkili, enerji resurslarının bolluğu, insan kapitalı, artan əhali, demoqrafik vəziyyətin müsbət olması TDT-nin güc potensialıdır. «Bu gün nəqliyyat, energetika, ticarət, mədəniyyət sahələrində və digər sahələrdə çox geniş əlaqələr var. Bu gün təhlükəsizliklə, hərbi, hərbi-texniki sahə və təhlükəsizliklə bağlı olan digər sahələr də mütləq diqqət mərkəzində olmalıdır» söyləyən Prezident İlham Əliyev öz haqqını ədalət, güc yolu ilə və beynəlxalq hüquq çərçivəsində həll edən Azərbaycanın təcrübəsinin beynəlxalq səviyyədə ən mükəmməl seçim adlandıranların sayının artması xalqlarası həmrəyliyə ən böyük töhfədir.

«Yaşıl dünya naminə həmrəy olaq!» çağırışı ilə bütün ölkələri planetimizin qorunmasında həmrəyliyə səsləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, ölkəmizə yüksək səviyyəli etimadın nümunəsi olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının ölkəmizdə keçirilməsi bir daha təsdiqləyəcək ki, Azərbaycanın inkişaf strategiyası, enerji diplomatiyası, humanitar təşəbbüsləri, ekoloji tərazlığın qorunmasında göstərdiyi səylər yaşıl enerji gündəliyi ilə bağlıdır

Xuraman İsmayılqızı, «İki sahil»