27 iyun 2024 17:00
321

Sosial məsuliyyət, vətəndaş məmnunluğu - “Azərbaycan Dəmir Yolları”nın əsas prioritetlərdəndir

140 ildən artıq tarixə malik olan Azərbaycan dövlət dəmir yolunun ən sürətli inkişaf dövrü Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyinin hər iki dönəminə təsadüf edir. Bütövlükdə Ümummilli Lider Heydər Əliyev tərəfindən Azərbaycanda nəqliyyat xidmətlərinin təkmilləşdirilməsi və yol tikintisi sahəsində həyata keçirilən quruculuq işləri müstəqil Azərbaycan Respublikasının iqtisadi inkişafı üçün xüsusi əhəmiyyət kəsb edir. Təməli dahi Heydər Əliyev tərəfindən qoyulmuş dəmir yolu islahatları bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun olaraq uğurla davam etdirilir. Xüsusilə vurğulamaq lazımdır ki, son illərdə Azərbaycan dəmir yolunun yenidən qurulması, müasir dünya standartlarına cavab verməsi üçün misli görünməmiş işlər həyata keçirilir. Prezident İlham Əliyev 7 oktyabr 2005-ci il tarixli “Dəmir yolu işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Sərəncamı ilə ölkəmizdə 2005-ci ildən 13 oktyabr dəmir yolu işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Cənab İlham Əliyevin 2009-cu il 20 iyul tarixli Sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) yaradıldı. Böyük İpək Yolunun bərpası istiqamətində davamlı işlər görən Azərbaycan Respublikası nəhayət, 2005-ci ildə Şimal-Cənub Nəqliyyat Dəhlizinə də qoşulub. Beləliklə, ölkənin Şərq-Qərb (Böyük İpək Yolu) və Şimal-Cənub Nəqliyyat dəhlizlərinin kəsişməsində Avropa və Asiyanın mühüm nəqliyyat qovşağına çevrilmək imkanları daha da artdı. Azərbaycan yeganə ölkədir ki, Şimal-Cənub və Şərq-Qərb Nəqliyyat dəhlizləri layihələrinin hər ikisində iştirak edir. 

Son vaxtlar ölkəmizdə şaxələndirilmiş nəqliyyat infrastrukturu yaradılıb. Hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatının inkişafı istiqamətində mühüm multimodal layihələr həyata keçirilməkdədir. Yenidən qurulan dəmir yolu infrastrukturunun daha da müasirləşdirilməsi istiqamətində həyata keçirilən zəruri tədbirlər və beynəlxalq nəqliyyat dəhlizlərində fəal iştirak daşımaların həcminin artırılmasına və ölkəmizin tranzit potensialının gücləndirilməsinə önəmli töhfələr verib.

İşğaldan azad olunmuş ərazilərdə quruculuq işləri çərçivəsində ən zəruri infrastrukturun yaradılması ilə bağlı ölkə başçısı İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən dəmir yollarının və onun infrastrukturunun tikintisi işləri də qrafik üzrə davam etdirilir. İşğaldan azad olunmuş ərazilərimizdə ilk növbədə dəmir yolu infrastrukturunun müasir standartlara uyğun yenidən qurulması onu göstərir ki, Azərbaycan regional nəqliyyat istiqamətində düşünülmüş rasional addımlar atır, siyasi iradəni ortaya qoyur.

Yenidən qurulan Bakı-Xırdalan-Sumqayıt, Bakı – Sabunçu dəmir yolu xətləri, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Abşeron dairəvi xəttinin yenidən qurulan Sabunçu-Pirşağı xətti, Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsi, Ləki-Qəbələ birxətli dəmir yolu xəttinin istifadəyə verilməsi Prezident İlham Əliyevin bu sahəyə olan diqqətinin təzahürüdür. Bundan əlavə, yaxın günlərdə ADY tərəfindən İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan yeni, müasir və komfortlu FLIRT markalı qatarları Bakı–Ağstafa–Bakı marşrutu üzrə sərnişinlərin istifadəsinə verilib. Həmçinin ADY sərnişin məmnunluğunun təmin edilməsi məqsədilə sürətli sərnişin qatarlarına ilk dəfə olaraq Ləki və Ucar stansiyalarında da dayanacaq verir. Bu, Ağdaş rayon sakinləri üçün açılan artıq ikinci stansiyadır. Beləliklə, həmin ərazilərdə yaşayan daha 200 minə yaxın vətəndaşın müasir “Stadler” qatarlarından istifadə etməklə səfərlərini rahat və təhlükəsiz təşkil edə bilməsi üçün imkan yaranacaq. “Stadler” qatarlarının geniş və səmərəli istifadəsi, müasir texnologiyalar, yüksək komfort və təhlükəsizlik səviyyəsi, enerji səmərəliliyi bizə bunu deməyə imkan verir.

Təbii ki, sərnişin daşınmasında sosial məsuliyyət, vətəndaş məmnunluğu ADY üçün prioritetlərdəndir. Təsadüfi deyil ki, “Azərbaycan Dəmir Yolları” QSC həyata keçirdiyi layihələrdə, tətbiq etdiyi yeniliklərdə ilk öncə ətraf mühitin mühafizəsi məsələsinə xüsusi önəm verir, ekoloji məsələləri diqqətdə saxlayır. Ətraf mühitin qorunması “Milli Prioritetlər 2030’’ Fəaliyyət Proqramında, o cümlədən ADY-nin Dəyərlər sistemində də yer alır. Horadiz-Ağbənd xəttinin 85-ci km-də, Mincivan stansiyasının yaxınlığında meşəlik ərazinin zərər görməməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmış şəkildə həmin ağacların yeri həssaslıqla dəyişdirilib. Bərdə–Ağdam layihəsinin artıq bir hissəsində şam ağacları və digər növ ağaclar əkilib.

Bundan başqa, ekoloji məsuliyyətini artırmaq baxımından davamlı işlər görən ADY infrastruktur quruculuğunda təbiətə mənfi təsirlərin minimuma endirilməsi, tullantı sularının səmərəli idarə olunması, təmiz enerji mənbələrindən istifadə, həmçinin kağız əsaslı əməliyyatların rəqəmsallaşdırılması istiqamətində dayanıqlı həllər təklif edir. Bu istiqamətdə ilk addımlardan biri Abşeron dairəvi dəmir yolu xəttində hərəkət edən qatarlara kağız biletlərin satışının dayandırılması olub. Sərnişinlərə bütün marşrutlar üzrə səfərlərini daha rahat təşkil etməyə imkan yaradan “ADY Mobile” tətbiqi istifadəyə verilib. Həmçinin sərnişinlərin “Google Pay və “Apple Pay” kimi ödəniş üsullarından istifadə etməklə onlayn bilet ala bilməsi üçün aparılan işlər son mərhələdədir. Görülmüş işlərin nəticəsində bu gün sərnişinlərin təxminən 70%-i səyahət ödənişlərini onlayn qaydada həyata keçirir. Bundan başqa, qatarlarda və stansiyalarda ödənişsiz “Wi-Fi” zonalarının yaradılması istiqamətində müvafiq addımlar atılır.

Qeyd etmək yerinə düşər ki, ADY reallaşdırdığı layihələrin yalnız iqtisadi tərəfini düşünmür, bu məsələyə sosial baxımdan da xüsusi həsaslıqla yanaşır. Qurum çalışır ki, balanslaşdırılmış yanaşma, yəni həm iqtisadi, həm də sosial, yəni bir sözlə regionların və iqtisadiyyatın davamlı inkişafını nəzərə almaqla layihələrimizi uğurla icra edilir. Bir sözlə, ADY tərəfindən vətəndaşların məmnunluğunun təmin edilməsi istiqamətində səmərəli işlər görülür. Buna misal olaraq vurğulamaq lazımdır ki, sərnişinlərin rahatlığını təmin etmək üçün vağzallar təmir olunaraq istismara verilib.

“Azərbaycan Dəmir Yolları” QSC hər bir sərnişinin, xüsusilə də fiziki məhdudiyyətli şəxslərin rahat səyahəti üçün maksimum imkanlar yaratmağa çalışır. Sərnişindaşımada hər kəsə bərabər imkanlar yaratmağı hədəfləyən ADY inklüziv cəmiyyət prinsiplərinə xüsusi önəm verir, maneəsiz səyahətin təmin edilməsi baxımından davamlı olaraq kompleks tədbirlər həyata keçirir. Yeni qatarlarda da fiziki imkanları məhdud şəxslər üçün yönləndirmə sistemləri və dəstəkləyici xidmətlər təklif olunur. Fiziki məhdudiyyətli sərnişinlərin hərəkətini asanlaşdırmaq üçün yeni tikilmiş və ya əsaslı təmir edilmiş stansiyalarda onlar üçün xüsusi yerlər ayrılıb, turniketlər və liftlər quraşdırılıb. Görmə məhdudiyyətli sərnişinlər üçün vağzal və platformalara onları müşayiət edən ev heyvanı ilə daxil olmaq imkanı yaradılıb, o cümlədən taktil plitələr döşənib.

Hazırda Bakı-Sumqayıt-Bakı, Bakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı marşrutları üzrə hərəkət edən “Stadler” şirkətinin KISS markalı oturacaq tipli ikimərtəbəli elektrik qatarlarında fiziki məhdudiyyətli şəxslər üçün xüsusi yerlər ayrılıb. Həmçinin Bakı-Tbilisi-Qars-Ankara marşrutu üzrə hərəkət edəcək “Stadler” şirkətinin istehsalı olan vaqonlardan birində fiziki məhdudiyyətli şəxslər üçün ayrıca kupe nəzərdə tutulub.

Azərbaycan Dəmir Yollarında birinci siniflə səyahət edən sərnişinlər Bakı, Gəncə və Qəbələ Dəmiryol vağzallarının VİP zallarından istifadə edə bilərlər. Yeni nəsil təhlükəsizlik texnologiyası və bir sıra innovativ mexanizmlərlə təchiz olunmuş qatarlarda standart, standart plyus, biznes və birinci sinif yerlər mövcuddur. Xidmət keyfiyyətinin yüksəldilməsi baxımından qatarlar geniş bar-vaqon salonuna malikdir və hər bir sərnişin rahatlıqla bu salonun xidmətindən istifadə edərək isti və soyuq içkilər, qəlyanaltılar əldə edə bilər. Təqdim edilən qidaların qablaşdırılması üzərində istehsal tarixi, saxlanma şərtləri, istifadə müddətinin son tarixi qeyd edilir.

Sərnişinlərin təhlükəsiz hərəkətini təmin etmək üçün maşinist və maşinist köməkçilərinin məcburi reysqabağı müayinələri həyata keçirilir. QSC Həkim-Sanitar Xidmətinin tibb məntəqələrində lokomotiv briqadası işçilərinin fiziki, psixoemosional, zəruri halda psixoloji göstəricilərinin kompleks qiymətləndirilməsi aparılır. Zəruri hallarda sərnişinlərə də ilkin tibbi yardım göstərilir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin əsas hədəfləri əməliyyat və idarəetmə proseslərinin rəqəmsallaşdırılmasına start verməklə fəaliyyətinin səmərəliliyini əhəmiyyətli dərəcədə artırmaq, bazar yönümlü və yüksək keyfiyyətli xidmətlər göstərən müasir və inteqrə olunmuş quruma transformasiya olunmaqdır. Verilən məlumata görə, “Azərbaycan Dəmir Yolları" tərəfindən bu ilin yanvar-may aylarında şəhərətrafı və ölkədaxili qatarlarla 3,3 milyon sərnişin rahat və təhlükəsiz mənzilbaşına çatdırılıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 21 % çoxdur.

Orxan Vahidoğlu, “İki sahil”

Yazı “Azərbaycan Dəmir Yolları” QSC-nin Azərbaycan Mətbuat Şurası ilə birlikdə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi iqlim təşəbbüsləri müsabiqəsinə təqdim olunur