28 iyun 2024 00:11
189

Əli Kərimovun seçki qorxusu

AXCP sədri artıq növbədənkənar parlament seçkilərindən imtina üçün bəhanələr axtarmağa başlayıb

AXCP sədri Əli Kərimli və onun müavini Fuad Qəhrəmanlı sosial şəbəkə hesablarında yenə də üfunət dolu yalan və böhtanlırını tirajlayırlar. Məsələn, Fuad Qəhrəmanlı yazır ki, ABŞ Azərbaycan hakimiyyətinə qarşı sərt tədbirlər görməyə hazırlaşır. Onun uydurmalarına görə, «ABŞ Azərbaycana demokratiya gətirmək üçün» (???) konkret planlar  üzərində işləyir.  Hətta bu vətənsiz adam öz milli kimliyini o dərəcədə itirib ki,  ABŞ-ı və Avropa İttifaqını Azərbaycana qarşı sanksiya tətbiq etməyə çağırır. Səbəb isə sadədir:  İkinci Qarabağ  müharibəsindəki tarixi Qələbəmizi və Qarabağdakı separatçı- terrorçu xuntanın özünü buraxaraq mövcudluğuna son verməsini məğlub ermənilər nə qədər həzm edə bilmirlərsə, Əli Kərimli və onun yaxın çevrəsindən olan Fuad Qəhrəmanlı kimiləri də eyni  səviyyədə  qəbul edə bilmirlər. 

AXCP sədrinin son bir neçə ildəki statuslarını oxuyanda düşünürsən ki, bu adamın fəaliyyəti kodlaşdırılıb və missiyası yalnız Azərbaycan xalqının və dövlətinin ünvanına iftiralar yağdırmaqdan ibarətdir. Məsələn, bu antimilli ünsür statusunda yazır: «Dövrümüzün daha bir eybəcərliyi. Növbədənkənar parlament seçkilərinə sayılı günlər qalıb. Normal halda Azərbaycanda seçki müşahidəçiliyini təşkil edən yeganə yerli təşkilatın - Seçkilərin Monitorinqi Mərkəzinin rəhbəri Anar Məmmədli də indi bütün ölkə boyu minlərlə könüllü fəalı seçkilərin müşahidəsinə hazırlamalı idi. Ancaq çox təəssüf ki, biz indi Anar Məmmədlinin seçki fəalları üçün keçirdiyi maarifləndirici seminarlardan yox, Kürdəxanı Təcridxanasında onun səhhətinin pisləşməsi haqqında xəbərlər alırıq. Əgər indiki vəziyyət olduğu kimi qalacaqsa, bu mühitdə heç bir seçkidən söhbət gedə bilməz.»

Özünü ana müxalifət lideri hesab edən bir partiya rəhbərinin dayaz düşüncələrini oxuduqca dəhşətə gəlirsən. Bunların seçki anlayışı, siyasi mübarizə prinsipləri hələ də otən əsrin əvvəllərindəki  xaos illərində ilişib qalıb. Məntiqsizliyə diqqət edin- sanki Əli Kərimlinin bütün siyasi fəaliyyəti  Anar Məmmədlinin azadlığından asılı imiş. Əvvəla, Anar Məmmədli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin konkret maddələri ilə günahkar bilinərək həbs edilib. Hazırda bu istiqamətdə istintaq tədbirləri davam etdirilir.

Digər tərəfdən, Əli Kərimli bu statusları ilə elan ediləcək növbədənkənar parlament seçkilərində iştirakdan imtina üçün artıq ideololji baza hazırlmağa başlayıb. Çünki onlar ölkəmizdə keçirilən bir çox seçkilərdə iştirak etməkdən boyun qaçırıblar. Adını da qoyublar ki, guya ölkədə demokratik seçki mühiti yaradılmayıb. Əslində isə dağıdıcı müxalifət kimi mübarizənin sivil variantına deyil, radikal variantına meyilləniblər. Bununla da cəmiyyətdəki sıfırlaşan nüfuzlarını həmişə  pərdələməklə məşğul olublar. İndi ölkə ictimaiyyətinə də məlumdur ki, dağıdıcı müxalifət düşərgəsinin boykot qərarları öz güclərinə inamsızlıqdan, sosial bazalarının yoxluğundan qaynaqlanır.

Bəli,  Müzəffər Ali Baş Komandan İlham Əliyevin  bu gun nəinki ölkəmizdə,  hətta dünyada artan nüfuzu  dağıdıcı müxalifəti ciddi şəkildə narahat edir. Əli Kərimlinin və ətrafının  ən böyük yaramazlıqları odur ki, onlar sadəcə qaragüruhçudurlar, avantüristdirlər və ən nəhayət milli hisslərdən uzaqdırlar.  Hazırda AXCP-də hökm sürən antidemokratik durum partiyadakı siyasi mühiti də tamamilə iflic edib. Ona görə də partiyanı tərk edənlər etməyənləri əbləh və gerizəkalı qocalar yığnağı da adlandırırlar. O da məlumdur ki, nə qədər ki, AXCP-də Əli Kərimli diktaturası mövcuddur, bu partiyadan ciddi və dəyərli bir fəaliyyət gözləməyə də dəyməz. Çünki onlar hələ də çağdaş dünyanın inkişafı ilə ayaqlaşmağı bacarmırlar. Bir sözlə, burada yeni söz, yeni fikir, yeni dünyagörüşü sıfır səviyyəsindədir.

23 ildir ki, AXCP-nin sədri postunu zəbt edən bu özündənrazı  «siyasətçi» hələ də  imkan vermir ki, oradakı gənclərdən biri irəli çıxıb özünün siyasi fəaliyyətində fərqlənsin. Bəli, bu gün Əli Kərimli nəinki AXCP-ni, ümumilikdə dağıdıcı müxalifəti öz inhisarına alıb. O, bu düşərgədə haqq söz deyənləri, konstruktiv müxalifətçiliyə meyil edənləri sıxışdıraraq elə bir aciz duruma salır ki, onlar da ya partiyadan, ya da ki, ölkədən çıxıb gedirlər.

Elçin Zaman, «İki sahil»