28 iyun 2024 01:14
267

Erməni separatizminin başladığı və bitdiyi şəhər

Xankəndinin tarixi siması bərpa olunur

Xankəndi digər Azərbaycan şəhərlərinin əksəriyyətindən nisbətən gənc olması ilə fərqlənir. Arxiv sənədlərinə görə, şəhər XVIII əsrin axırlarında o dövrdə müstəqil Azərbaycan xanlıqlarından biri olan Qarabağ xanlığı başçılarının - xanların istirahəti üçün yaşayış məskəni kimi salınıb. Xanların fəaliyyətinə maksimum şərait yaradılması üçün bu məskən xanlığın paytaxtı Pənahabadın (indiki Şuşanın) 10 kilometrliyində salınmışdır. Bu zaman onun xanlığın digər vacib şəhər və kəndlərinə - Ağdama, Xocalıya, Malıbəyliyə, Kərkicahana və digərlərinə yaxın olması da diqqətə alınmışdır. Belə ki, yeni yaşayış məntəqəsi kimi digər yaşayış məntəqələrində də ancaq yerli əhali, azərbaycanlılar yaşayırdı. İlk illər yeni yaşayış məskənində ancaq xan ailəsi və onun yaxınları yaşadığından el arasında “Xanın kəndi” kimi tanınıb. Qısa bir müddətdən sonra qəsəbə Xankəndi adını alıb.

Qarabağ Xanlığının Rusiya imperiyasına birləşdirilməsini rəsmiləşdirən 14 may 1805-ci il tarixli Kürəkçay və 12 oktyabr 1813-cü il tarixli Gülüstan müqavilələrindən sonra Xankəndiyə rus hərbi süvari korpusu yerləşdirilir. Beləliklə, kəndin əvvəlki sakit, firavan həyatı pozulur. 10 fevral 1828-ci ilin Türkmənçay müqaviləsindən sonra bu əraziyə Qacarlar İranı və Osmanlı Türkiyəsindən xeyli sayda erməni ailəsi köçürülür, onlar çar ordusunun hərbi hissələrində, dövlət idarələrində işlə təmin edilir və silahlandırılır.

Birinci Dünya müharibəsindən sonra yaranmış vəziyyətdən istifadə edən ermənilər Rusiyada bolşeviklərin hakimiyyətə gəlişi ilə daha da fəallaşırlar. Bununla da, tamahkar torpaq zəbti, məkrli erməniləşdirmə siyasətini Qafqazda reallaşdırmağa başlayırlar. Bu fəaliyyətin ilkin bəhrəsi bolşevizm siyasətinin köməyi ilə Azərbaycanın İrəvan, Naxçıvan, Zəngəzur bölgələri ərazisində tarixdə ilk dəfə “Sovet Ermənistanı” dövlətinin yaradılması olur. Bitib-tükənməz torpaq tamahı ilə bu ərazilərlə də qane olmayan ermənilər bir müddət sonra – 1920-ci illərdə Azərbaycanın Qarabağ torpaqlarına iddia ilə çıxışlar etməyə, onlara yer-yurd vermiş dinc azərbaycanlıları rus silahlı hərbi birləşmələrinin köməyi ilə doğma torpaqlarından sıxışdırmağa başlayırlar. Azərbaycanlılara qarşı törədilən cinayət tərkibli təxribatlar, kütləvi qətillər 1923-cü ildə Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması ilə  nəticələnir.

1923-cü ildə Xankəndi şəhərinin adı Moskva tərəfindən Azərbaycana rəhbər təyin edilən Sergey Kirovun qərarı ilə dəyişdirilir. Tarixi şəhərimizin adı erməni bolşeviklərinin lideri, 20 mindən çox azərbaycanlının qətlinə şəxsən başçılıq etmiş Stepan Şaumyanın şərəfinə “Stepanakert” adlandırılır.

1988-ci ildən başlayaraq xarici ölkələrdə kök salmış erməni diaspor şəbəkəsinin maliyyəsi və millətçi emissarların təşkilatçılığı ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarılaraq Ermənistana verilməsi tələbini irəli sürən icazəsiz mitinqlər başlayır. “Miatsum” adlanan bu hərəkatın ilk hədəfi – vilayətin mərkəzi şəhəri olan Xankəndini azərbaycanlı əhalidən təmizləmək, burada, ümumiyyətlə, azərbaycanlı izini yoxa çıxarmaq, park, küçə, məktəb, mədəni-maarif obyektlərinin adlarını erməniləşdirərək məscid və tarixi abidələri dağıtmaq olur. Həmin illər doğma yurdlarını tərk etmək istəməyən azərbaycanlıların evləri yandırılır, insanlar mənəvi-fiziki işgəncələrə məruz qalır.

1988-ci ilin sentyabrında ermənilər Xankəndində yaşayan bütün etnik azərbaycanlıları silah gücünə şəhərdən qovub çıxarır. Dağlıq Qarabağda yerləşən rus hərbi hissələrinin silah-sursatı, döyüş texnikası qanunsuz erməni hərbi birləşmələrinin, terrorçu qrupların nəzarətinə keçir.

Müharibə boyunca Azərbaycan Ordusunun bölmələri bir neçə dəfə Xankəndinə yaxınlaşsa da, şəhəri işğaldan azad etmək mümkün olmayıb. 1991-ci ilin dekabr ayının 27-dən 28-nə keçən gecə Xankəndi şəhəri erməni silahlı qüvvələri tərəfindən işğal edilir. Nəhayət, ötən il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirlərində tarixi şəhərimiz separatçılardan təmizləniR.

Uğurlu 23 saatlıq lokal xarakterli antiterror tədbirlərindən sonra vaxt itirilmədən Xankəndinin tarixi-milli simasının özünə qaytarılmasına və genişmiqyaslı quruculuq-abadlıq işlərinə start verilib. Xankəndidən olan azərbaycanlıların da üç onillik ərzində yaşadıqları məşəqqətli qaçqınlıq və məcburi köçkünlük dövrünün sona çatacağı günə az qalıb. Bu ilin sentyabrında Xankəndiyə zamanında orada yaşamış soydaşlarımızın köçürülməsi həyata keçiriləcək. Buraya ilk köç isə Kərkicahana olacaq. Qeyd edək ki, Xankəndinin Baş planı hələ Sovet dövründə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsdiqlənib. Artıq işğal illərində şəhərin simasına yamaq edilən binalar, saxta simvollar, xaçkarlar sökülüb. Bu binaların sökülməsi əslində, vaxtilə tərtib olunmuş və icra edilmiş Baş planın, eləcə də tarixin bərpa olunmasıdır. Bu tikililərin simvolik mənasına xüsusi diqqət yetirmək lazımdır. Belə ki, “Parlament” adlanan bina Azərbaycana qarşı işğal və soyqırımı planlarının cızıldığı və qərarların qəbul olunduğu terrorçu yuvası olub, YERKRAPA isə terrorçu dəstədir və minlərlə azərbaycanlının ölümündə əli var. Digər tərəfdən, haradan baxsan, bu tikililər qanunsuzdur. Qanunsuz tikililər isə Azərbaycanın istənilən şəhərində sökülür.

Hazırda şəhərdə abadlıq-quruculuq işləri davam etdirilir. Bu günlərdə  Xankəndi prokurorluğunun inzibati binası istifadəyə verilib. İnzibati binanın istifadəyə verilməsi ilə əlaqədar təntənəli tədbir keçirilib. Tədbirdə Baş prokuror Kamran Əliyev, Baş Prokurorluğun rəhbər şəxsləri, Milli Məclisin deputatları, QHT sədrləri və digər ictimaiyyət nümayəndələri iştirak ediblər. Xankəndi şəhər prokurorluğunun inzibati binasının istifadəyə verilməsi münasibətilə keçirilən tədbirdə Baş prokuror bildirib  ki, Azərbaycan xalqı bu gün sözlə ifadə edilməsi mümkün olmayan misilsiz qələbə sevinci, yüksək fəxarət duyğuları, hədsiz fərəh, qürur hissləri yaşayır: “Ümummilli Lider Heydər Əliyev, eləcə də Azərbaycan Prezidenti İlham Əliyevin prokurorluq orqanlarına göstərdikləri daimi diqqət və qayğı hər zaman hiss olunub.

Ölkə Prezidentinin cari ilin 24 may tarixli Sərəncamı ilə Xankəndi şəhər prokurorluğunun təsis edilməsi və qısa müddətdə qurumun bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri ilə təmin edilməsi, habelə digər maddi-texniki təminatı məsələlərinin həlli bunun göstəricisidir”.

İnzibati binanın istifadəyə verilməsini prokurorluq orqanlarının əməkdaşlarının əməyinin yüksək qiymətləndirilməsi kimi dəyərləndirən Baş prokuror Azərbaycan dövlətinin inkişafı naminə bundan sonra da böyük səylə çalışacaqlarını bildirərək kollektivə uğurlar arzu edib. Binada vətəndaşların qəbul otağı, prokuror, prokuror köməkçiləri, müstəntiq və inspektorlar üçün otaqlar, dəftərxana və arxiv yaradılıb. Bina  bütün zəruri avadanlıq, kompüter sistemi, kommunikasiyalar və mühəndis qurğuları ilə təchiz edilib, mebel və digər inventarlarla təmin olunub.

Nigar Orucova, “İki sahil”