28 iyun 2024 00:45
187

Armen Qriqoryan hayların köhnə vərdişindən əl çəkə bilmir

Ermənistan Təhülikəsizlik Şurasının katibi Armen Qriqoryanın iyunun 26-da “Rusiya Qarabağı əlimizdən alıb Azərbaycana verdi. Bu, Rusiyadan tamamilə asılı olduğumuz vaxt baş verdi. Bu reallıqdır. Rusiya aldı, mən bunu təsdiq edirəm. Rusiyanı icazəsi olmasaydı bu müharibə baş verməzdi” kimi açıqlaması rəsmi İrəvanın daxili auditoriyaya hesablanmış manipulyasiyasından və ağ yalandan başqa bir şey deyil. Həmçinin Paşinyan hakimiyyətinin revanşizm xülyasının əyani təsdiqidir.

Nə edəsən? A.Qriqoryanı qınamaq da olmur. Çünki o, hələ də hayların köhnə vərdişlərindən əl çəkə bilmir. Əslində bütün dünya, eləcə də haylar və Armen Qriqoryan da yaxşı bilir ki, Ermənistan silahlı qüvvələrinin təxminən 30 ilə yaxın müddətdə işğal altında saxladığı Qarabağ və Şərqi Zəngəzur Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun şücaəti, şəhidlərimizin qanı-canı bahasına azad edilib. Bu tarixi torpaqlarımızı heç kim bizə tabaqda hazır gətirib verməyib.   

Dövlətimizin başçısı 2024-cü il mayın 1-də Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki çıxışında beynəlxalq təşkilatların Ermənistanın işğala son qoyması ilə bağlı qətnamə və qərarlar qəbul etdiyini xatırladaraq bildirib ki, Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi: “Hesab edirəm ki, bu, lazımınca nəzərdən keçirilməlidir. Qətnamələri qəbul edənlər onların icrası üçün heç nə etmədilər. Onda biz sülhə müharibə yolu ilə nail olmalı idik. 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərimizin böyük hissəsini azad etdik. 2023-c ilin sentyabr ayında biz ərazi bütövlüyümüzü, suverenliyimizi tam şəkildə bərpa etdik”.

Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanın əleyhinə mövqe sərgiləyən bəzi dairələr sentyabrın 19-20-də lokal xarakterli antiterror tədbirlərinin ardınca ölkəmizin beynəlxalq qanunvericiliyə əsaslanan mövqeyindən, eləcə də hərbi-siyasi gücündən doğan reallıqları qəbul edərək geri addım atmağa məcbur oldular. İstər Ermənistan, istərsə də havadarları Azərbaycanın beynəlxalq hüququn aliliyinə əsaslanan iradəsi qarşısında rəsmi Bakıya qarşı məkrli və destruktiv siyasətlərindən əl çəkmək zorunda qaldılar.

Qırx dörd günlük Vətən müharibəsini şanlı Qələbə ilə başa vuran, düşmənin 5 milyard ABŞ dollarından artıq dəyəri olan silah və sursatını məhv edən və ya qənimət götürən, təcavüzkar ölkəni ağır məğlubiyyətə uğradaraq kapitulyasiya sənədini imzalamağa məcbur edən, lokal antiterror tədbirləri ilə suverenliyini tamamilə bərpa edən Azərbaycan döyüş meydanında qazandığı möhtəşəm Zəfəri bu gün diplomatik sahədə uğurla davam etdirir. Azərbaycan ilk təşəbbüsü irəli sürən tərəf kimi ərazi bütövlüyü və suverenlik prinsipləri əsasında  Ermənistanla sülh sazişini imzlamağa hazır olduğunu  daim bəyan edir. Ölkəmiz sülh müqaviləsinin əsasını təşkil edən prinsiplərin və onun mətninin təşəbbüskarı kimi ikitərəfli əsasda normallaşma prosesi və sülh gündəliyinin irəli aparılması səylərini ardıcıl davam etdirir.

Bu, bir gerçəklikdir ki, Cənubi Qafqazda sabitlik Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması sayəsində əldə olunub. Hazırda Azərbaycan Ermənistanla sülh əldə etmək üçün fəal işləyir. Danışıqlar Azərbaycan tərəfindən hazırlanmış sənəd əsasında aparılır. Hazırda sülh prosesində müsbət tendensiya müşahidə edilir, sərhədlərin delimitasiyası ilə yanaşı, həm də demarkasiyaya başlanılıb. Həm də bütün bunlar iki ölkə arasında əldə olunan razılaşmalar əsasında, vasitəçilərsiz həyata keçirilir.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev  bildirib ki, Ermənistan Təhlükəsizlik Şurasının katibinin bu açıqlaması əvvəlki və indiki Ermənistan siyasi-hərbi rəhbərliyinin məğlubiyyətini ört-basdır etmək, günahı başqasının üzərinə yıxmaq və özünə bəraət qazandırmaq cəhdindən başqa bir şey deyildir: “Təəssüflə qeyd etmək istərdik ki, bu kimi açıqlamalar Ermənistanın siyasi-hərbi rəhbərliyinin təfəkküründə hələ də revanşizm xülyalarının qalmasının təzahürüdür. Ermənistanın siyasi-hərbi rəhbərliyində olan şəxslərə tarixi səhvləri yenidən təkrarlamamaq üçün revizionizm və revanşizm xülyalarından tamamilə əl çəkməyi, militarizasiya siyasətinə son qoymağı tövsiyə edirik”.

Zahid Rza, “İki sahil”