27 iyun 2024 23:32
251

Hayların cangüdənləri...

Onlar hətta dörd il əvvəl gorbagor olanları da diriltməyə girişiblər

ATƏT-in Minsk qrupunun uzun illər  çıxardığı hoqqalar hamımızın xatirindədir. Bu qurumun həmsədrləri yaranandan “ölənə” qədər Ermənistana sədaqətlə xidmət etdilər. Nəhayət, Azərbaycan Ordusu Minsk qrupunun iyirmi altı ilə bacarmadığı məsələni cəmi 44 günə birdəfəlik həll etdi.  Artıq münaqişə illərində heç nəyə yaramayan bu qurumun mövcudluğuna heç bir lüzum yoxdur. Məlum idi ki, qurumun həmsədrləri həmişə erməni dəyirmanına su tökməklə məşğul olublar. Ona görə də İkinci Qarabağ Zəfərindən sonra Azərbaycan Prezidenti İlham Əliyev Minsk qrupunun buraxılmasını qətiyyətlə tələb etdi və indi bu qurumun ləğvini tələb edir.

Lakin görünür ermənipərəstlik, artıq dəfn edilmiş Minsk qrupu dönəminin nostaljisi ABŞ-dan olan həmsədr Ceyms Uorlikin canından hələ çıxmayıb. Yoxsa o, bağça uşağı kimi danışmaz, “ermənilərin Dağlıq Qarabağa qayıdışı istənilən sülh müqaviləsinin tərkib hissəsi olmalıdır” deməzdi. Məgər başabəla diplomat görmürmü ki, Ermənistanda bircə nəfər də olsun azərbaycanlı qalmayıb? Əlbəttə görür, amma onun dərdi başqadır. Onların sayı iki yüz əlli mindən də artıqdır. Açıq görünür ki, hay sevgisi Uorlikin qövr eləyən ürəyini hələ də tərk etməyib: “İndi Azərbaycanın erməniləri Dağlıq Qarabağa qaytarmaq imkanı var. Bilirəm, asan olmayacaq, Ermənistanla Azərbaycan arasında düşmənçilik davam edir. Amma hamımız ümid edirik ki, ermənilər Dağlıq Qarabağa  geri dönəndə özlərini təhlükəsiz hiss edəcəkləri məqam gələcək. Top Bakının meydanındadır. Əliyev məsələni ərazi nöqteyi-nəzərindən bağlanmış hesab edir. Ancaq Dağlıq Qarabağın  Azərbaycan ərazisinin tərkib hissəsi olması hələ o anlama gəlmir ki, ermənilərin Dağlıq Qarabağa qayıtması üçün qapı da bağlanıb”, - deyə eks-həmsədr sayıqlayıb. Uorlik səviyyədə təhsilinə, tutduğu vəzifəyə və dünyagörüşünə malik adamın bu cür bəsit fikirlər söyləməsi təəssüf doğurur. Bilmirsən bu adam özünü dolayır, ya başqalarını? Yəni, özünü qeyri-müəyyən vəziyyətə salır.

Əvvəla, hissə qapılmış diplomat unudur ki, Azərbaycanda “Dağlıq Qarabağ” adında inzibati ərazi bölgüsü yoxdur. Ceyms Uorlik daxil amerikalı diplomat və siyasilər Azərbaycanın dövlətinin ərazi bütövlüyünə, suverenliyinə, unitar dövlət quruluşuna sayğılı olmağı nəhayət, öyrənməlidirlər. Çünki indi iddialar, dəyərsiz fikirlər qəbul olunmur. Necə ki, iyirmi altı il ərzində həmsədrlərin ağılsız təklifləri qəbul olunmadı.

İkincisi, niyə Ermənistandakı dədə-baba yurdlarından zorla qovulmuş azərbaycanlıların deyil, məhz Qarabağdan könüllü köç etmiş ermənilərin yaşadıqları əraziyə qayıdışı sülh sənədinə salınmalıdır? Onları Azərbaycandan qovan var idimi?

Uorlik belə ədalətlidirsə nədən “azərbaycanlı qaçqınların məsələsini də sülh sənədində əks olunmaldır” söyləmir və qaçqınları “sortlara” bölür? Yəni “güzgü prinsipi”, 50:50-yə! Özü də ermənilərdən fərqli olaraq, azərbaycanlılar Ermənistanda separatizmlə məşğul olmayıb, dinc yaşayıblar, yerli qanunlara tabe olublar. Məgər azərbaycanlıları ana doğmayıb, yoxsa ermənilər kostyumda dünyaya gəliblər? Ya bəlkə Uorlik öz kasad düşüncəsi ilə Azərbaycanı hələ cəngəllik ölkəsi hesab edir? Xam xəyallardır. İndiyədək Azərbaycan əleyhinə yeritdikləri düşmənçilik planları baş tutmayanda gərək Uorlik və başqaları əməllərində düzəliş edəydilər.

Üçüncüsü, əgər amerikalı eks-həmsədr qayıdışdan danışırsa, onda nə üçün Bakının qayıdış şərtlərini yada salmır, ermənilərin Azərbaycanın Konstitusiyası və qanunlarına əməl etməli olduğuna xüsusi diqqət çəkmir? Azərbaycan sərhədi “karvansara qapısıdır”mı ki, erməni nə vaxt istədi sərbəst çıxsın, nə vaxt istədi qayıtsın? Daha mühümü, kim zəmanət verə bilər ki, geri dönən haylar az sonra təzədən ərazimizdə separatizm ocağı yaradıb dövlətimizə meydan oxumayacaqlar? Axı, onlar yüz illər boyu zəli kimi qanla qidalanıblar, başqalarının ərazisinə soxulandan sonra oranı “əzəli Hayastan ərazisi” adlandırıblar və bu yolda qan axıdıblar. Belə qanlı ssenariləri çox görmüşük və haylara heç bir inam qalmayıb. Bəlkə amerikalı diplomatın bunlardan da xəbəri yoxdur? Varsa pis, yoxdursa ondan da pis...

Lakin heç də elə deyil, Uorlik bunları yaxşı bildiyi halda Hayastanı belə cidd-cəhdlə müdafiə edir. Bu, nədən qaynaqlanır?  Görəsən Fransanın silah verib Ermənistanı Azərbaycan əleyhinə qızışdırması və sülhə mane olması ilə Uorlikin eyni şeyi sözlə etməsi və sülhə əngəl olması arasında nə fərq var? Uorlik və onun kimiləri belə hərəkətləri ilə nə demək istəyirlər? Bu anormal münasibətlər və yanaşmalar nə vaxta qədər davam edəcək?

Vəli İlyasov, “İki sahil”