27 iyun 2024 23:19
181

Azərbaycan güclü ölkələr sırasındadır

Dövlət başçısı İlham Əliyev bildirir ki, əgər güclü Azərbaycan qurmasaydıq, əgər kimdənsə istər siyasi, istərsə də iqtisadi sahədə asılı olmuş olsaydıq, heç vaxt ərazi bütövlüyümüzü bərpa edə bilməzdik

“Güclü Azərbaycan bizim həmişə hədəfimiz olub. Əgər güclü Azərbaycan qurmasaydıq, əgər kimdənsə istər siyasi, istər iqtisadi sahədə asılı olmuş olsaydıq, heç vaxt biz ərazi bütövlüyümüzü bərpa edə bilməzdik.” Dövlət başçısı İlham Əliyev bu çağırışı ilə Azərbaycanın keçdiyi inkişaf yolunun aydın mənzərəsini yaradır. Düzgün qurulan, düşünülmüş və məqsədyönlu siyasət daim ölkənin qarşısında yeni-yeni imkanlar yaradır. Dünya bunu Azərbaycanın timsalında aydın görür.

Təkcə bir faktı qeyd etmək kifayətdir ki, öz iqtisadi strategiyasını dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə uyğun müəyyənləşdirməsi, iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması Azərbaycanın üzləşdiyi hər bir iqtisadi çətinlikdən uğurla çıxmasını təmin edir. Azərbaycan dayanıqlı inkişafı ilə daim dünyanın diqqətindədir. Ümummilli Lider Heydər Əliyevin «İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir» tezisi bütün dövrlər üçün aktuallığını qoruyur. Ulu Öndərin iqtisadiyyatın inkişafında neft amilinə önəm verməsi bugünümüzə və gələcəyimizə xidmət edən addımları sırasındadır. Yeni neft strategiyasının uğurları hazırda Azərbaycanın bütün bölgələrinin, o cümlədən işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulmasında, infrastrtuktur layihələrinin uğurlu icrasında özünün aydın ifadəsini tapır. Azərbaycanın qısa müddətdə sabitlik diyarı kimi tanınması, normal iqtisadi mühitin yaradılması böyük investisiyalar məkanına çevrilməsini şərtləndirdi. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 310 milyard dollardır ki, bunun da 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Bugünkü reallıqlarımız Azərbaycanın qarşıya qoyduğu bütün hədəflərə yüksək səviyyədə çatdığını təsdiqləyir. Hər bir layihənin uğurlu sonluqla başa çatması növbəti layihələrin gündəmə gətirilməsinə stimul verir. Dövlət başçısı İlham Əliyev «Azərbaycan xalqı da tam əmindir ki, dediyimiz bütün sözlər, verdiyimiz bütün vədlər hər zaman yerinə yetirilir» söyləməklə düzgün qurulan siyasətin daim uğurların davamlılığına yol açdığını təsdiqləyir.

Neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafı son 20 ildən artıq dövrün əsas hədəfləri sırasındadır. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən bildirdi ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Regional inkişaf proqramlarının uğurlu icrası bu məqsədə xidmət etdi. Bölgələrimiz arasında sağlam rəqabət gedir. Dövlət başçısı İlham Əliyevin irəli sürdüyü təşəbbüslər ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır, dəstəklənir. Bir çox neft hasil edən ölkələrdən fərqli olaraq Azərbaycan nefti insan kapitalına çevirə bildi. Çünki neft həm xeyir, həm də problem gətirə bilər. Çıxışlarında «Biz bilirik ki, dünyada neft üstündə əvvəlki dövrlərdə də, hazırda da mübarizələr, münaqişələr gedir, qan axıdılır. Neft hasilatı hələ o demək deyil ki, ölkələr çiçəklənəcək, orada inkişaf olacaq» söyləyən dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, neftlə zəngin olan bir çox ölkələrdə bu gün müşahidə edilən mənzərə bunun əksini deyir. Ona görə, bizim əsas vəzifəmiz ondan ibarət idi ki, neft gəlirlərini insan kapitalına çevirək və hər bir Azərbaycan vətəndaşı bu müsbət dəyişikliyi görsün.

Cənab İlham Əliyev Dövlət proqramlarından irəli gələn vəzifələrin uğurlu icrası ilə yaxından tanış olmaq məqsədilə müntəzəm surətdə regionlara səfər edir, tapşırıq və göstərişlərini verir. Bütün bölgələrdə quruculuq-abadlıq işləri daha geniş vüsət alıb. Görülən və görüləcək işlərin fonunda bir daha bu reallıq öz təsdiqini tapır ki, ölkənin davamlı inkişafında iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması əsasdır. Bölgələrin inkişafını qeyri-neft sektorunun inkişafı, yeni iş yerlərinin yaradılması kimi dəyərləndirən dövlət başçısı İlham Əliyev qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmaq üçün infrastrukturun yenilənməsini, beynəlxalq standartlara uyğunlaşdırılmasını vacib amil kimi diqqətə çatdırır. Ölkə Prezidentinin bölgələrə səfərləri davamlılığı ilə diqqət çəkir. Cənab İlham Əliyevin regionlara səfərləri bölgələrin yüksəlişinin davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi olduğunu bir daha təsdiqləyir. Ümumiyyətlə, regionların inkişafı üçün uğurla reallaşdırılan Dövlət proqramları ölkədə qeyri-neft sektorunun davamlı yüksəlməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, yeni iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun təmin olunmasına təkan verib. Bu mühüm məqam da hər zaman önə çəkilir ki, tarixi Zəfərmizdən sonra əsas hədəf işğaldan azad edilmiş ərazilərimizin bərpası, yenidən qurulması olsa da cənab İlham Əliyev bütün bölgələrin tərəqqisini daim diqqətdə saxlayır, səfərlər edir. Bölgələrin inkişafına kompleks yanaşmanı regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət proqramlarından da görə bilərik. Belə ki, regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı Bakı şəhəri və qəsəbələri, Abşeron, Aran, Dağlıq Şirvan, Gəncə-Qazax, Quba-Xaçmaz, Lənkəran, Naxçıvan, Şəki-Zaqatala, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını əhatə edir ki, bu da öz növbəsində respublikanın heç bir hissəsinin diqqətdən kənarda qalmadığını göstərir. Statistik rəqəmlərə diqqət yetirsək görərik ki, son 4 ildə, yəni şanlı Qələbəmizdən bu gunədək ölkə Prezidenti işğaldan azad olunan ərazilər də daxil olmaqla bölgələrə 140-dan çox səfər edib. Cənab İlham Əliyev rayonlara hər səfərində yeni obyektlərin açılışlarında və təməlqoyma mərasimlərində iştirak edir, görülən və həyata keçiriləcək işlərlə tanış olur, tapşırıq və tövsiyələrini verir. Bu səfərlərdə dinamika xüsusilə diqqət çəkir.

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq, xüsusilə bölgələrdə yaşayan insanların məşğulluğu üçün şərait yaratmaqdır. Azərbaycanda həyata keçirilmiş infrastruktur layihələri ölkəmizi tamamilə yeni bir səviyyəyə qaldırıb. Elektrik enerjisi, avtomobil yolları, dəmir yolları, su kəmərləri, içməli su layihələri, o cümlədən suvarma ilə bağlı olan layihələr artıq öz səmərəsini göstərir.

Hazırkı dövrün çağırışlarına diqqət yetirsək görərik ki, iqtisadiyyatın tərəqqisində üç mühüm sahənin inkişafı əsasdır: enerji, nəqliyyat və ərzaq təhlükəsizliyi. Regional inkişaf proqramlarının uğurlu icrası nəticəsində yol-nəqliyyat kompleksinin müasir infrastrukturunun yaradılması istiqamətində həyata keçirilən mühüm tədbirlərin miqyası genişdir. Prezidentin Fərman və sərəncamlarına uyğun olaraq çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunub və olunur, beynəlxalq standartlar səviyyəsində avtomobil yolları salınır. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, ən ucqar kənd yolları belə müasir standartlara uyğun qurulub.

Atılan addımlarda əsas məqsəd təbii ki, bölgələrin inkişafına nail olmaqla yanaşı, sahibkarlara dəstəkdir. İnfrastrukturun yenilənməsi öz növbəsində iş adamlarının fəaliyyətlərini daha yüksək səviyyədə qurmalarını şərtləndirir. Prezident İlham Əliyevin aqrar sahədə sahibkarlığın inkişafının stimullaşdırılması ilə bağlı qəbul etdiyi bir sıra qərarlar, imzaladığı sənədlər nəticəsində bu gün ölkəmizin istehsalı olan məhsullar “Made in Azerbaijan” brendi ilə Çindən ABŞ-a qədər dünyanın bir çox dövlətlərə ixrac edilir. 2023-cü ildə ixrac olunan kənd təsərrüfatı və emal məhsullarının dəyərinin təqribən 1 milyard dollara çatması bu istiqamətdə həyata keçirilən siyasətin səmərəsidir. Göründüyü kimi, istehsal olunan məhsulların böyük əksəriyyəti kənd təsərrüfatı və emal sənayesinin payına düşür ki, bu da aqrar sahənin və qeyri-neft sektorunun dinamik yüksəlişini nümayiş etdirir.

Qeyd etdiklərimizin ümumiləşdirilmiş ifadəsi dövlət başçısı İlham Əliyevin «Bugünkü Azərbaycan, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır. Hesab edirəm ki, bu, həm beynəlxalq aləmdə, həm regionda, eyni zamanda, daxili siyasət prioritetlərinin düzgün seçilməsində bir çox ölkələr üçün nümunə ola bilər. Bu, təkcə mənim fikrim deyil, mənim bəzi həmkarlarım da bu barədə kifayət qədər açıq danışıblar. Bu gün ölkə qarşısında duran yeni vəzifələr yeni dövrün vəzifələridir» fikirləridir

Yeganə Əliyeva, «İki sahil»