29 iyun 2024 13:30
638

Azərbaycan xalqının yurd həsrətinə son qoyan Qalib Lider - ŞƏRH

Bu gün Ermənistanın “Hrapark” saytında “Kim nə ilə yadda qalacaq” adlı bir yazı dərc olunub. Həmin yazıda bildirilir ki, bəzi tarixi faktlar onilliklər ərzində təhrif olunur, halbuki, bəşəriyyətin tarixi yaddaşını dəyişmək, redaktə etmək mümkün deyil. Müəllifin fikrincə, uzun müddət SSRİ-yə rəhbərlik emiş Stalin “37” rəqəminin müəllifi, Çörçil Böyük Britaniyanın qəhrəmanı, Corc Buş İraqı işğal edən dövlət rəhbəri, Levon Ter-Petrosyan, Robert Koçaryan və Serj Sarkisyan seçkiləri saxtalaşdıran prezidentlər  kimi tarixdə qalacaqlar. Həmin yazıda Azərbaycan Prezidentindən də söz açılıb. Müəllif dövlətimizin başçısını əvvəlki məğlubiyyətlərin əvəzini çıxan lider kimi xarakterizə edib. Bu yerdə deyiblər də, düşmən olanda nə olar? Həqiqətən də müəllif dövlətimizin başçısının tarixdə həm də belə bi adla qalacağını vurğulamaqla heç də səhv etməyib. 

Bəli, bu gün Azərbaycanın yeni tərəqqi və inkişaf erasına daxil olmasında Ulu Öndər kursunun layiqli davamçısı cənab İlham Əliyevin misilsiz xitmətləri var. Məhz dünya liderləri arasında böyük nüfuza malik uzaqgörən Liderin sayəsində ölkəmizdə  əmin-amanlıq hökm sürür, beynəlxalq münasibətlər yüksək səviyyədədir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində, 23 saat davam edən lokal antiterror tədbirlərində qazandığı zəfərlərlə isə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi  bərpa olunub. Hətta bu yolda dövlətimizin başçısını heç bir təzyiq, heç bir təhdid  öz yolundan döndərə bilməyib, nəticədə torpaqlarımızı işğaldan azad etmək missiyasını yerinə yetirib. O, Azərbaycan xalqının Vətən və yurd həsrətinə son qoyub, onun arzularını gerçəkliyə çevirib. Bir sözlə, məhz Prezidentimizin sayəsində Azərbaycan tarixi ədaləti bərpa edib, BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın kağız üzərində qalan qətnamələrini öz gücü, qüdrəti hesabına həyata keçirib. Bununla da cənab İlham Əliyev həm Zəfərimizin, həm də Böyük Qayıdışımızın müəllifi kimi adını tarixə Qalib Lider kimi yazdırıb.

Yeri gəlmişkən, işğadan azad edilmiş ərazilərimizdə hazırda genişmiqyaslı abadlıq-quruculu işləri davam etdirilir. Təkcə bir faktı xatırladaq ki, qısa müddətdə iki beynəlxalq hava limanı tikilib, üçüncüsü də bu yaxınlarda başa çatdırılacaq. Prezident İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyeva mütəmadi olaraq həmin ərazilərə səfərlər edir, həyata keçirilən işlərə öz xeyir-dualarını verir, yerli sakinlərlə görüşürlər. Qeyd edək ki, 2026-cı ilin sonunda başa çatdırılması nəzərdə tutulan Böyük qayıdış proqramının birinci mərhələsi üzrə 140 min keçmiş məcburi köçkünün öz dədə-baba torpaqlarına qayıtması hədəflənir.

Amma həmin yazının müəllifinə bir iradımız var. Belə ki, Prezident İlham Əliyev yalnız əvvəlki məğlubiyyətlərin əvəzini çıxan Lider kimi deyil, həm də Azərbaycanı dünya müqyasına çıxaran, hayların qondarma, xəstəlik səviyyəsində olan “Böyük Ermənistan” xülyasını cəhənnəmə vasil edən, xunta rejimini gorbagor edən, Cənubi Qafqazda yeni reallıqlar yaradan bir Liderdir.

Qvami Məhəbbətoğlu, “İki sahil”