02 iyul 2024 01:14
470

Yeni dövr uğurla başlayaraq uğurla da davam edir - ŞƏRH

Prezident İlham Əliyevin Sərəncamı əsasında sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri  bütövləşən Azərbaycanın reallıqlarının, demokratik inkişafının növbəti təqdimatı olacaq  

Dövlət başçısı  İlham Əliyevin altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncamına uyğun olaraq növbədənkənar parlament seçkiləri  2024-cü il sentyabrın 1-nə təyin edildi. Atılan hər bir addım, gündəmə gətirilən hər bir məsələ dövrün çağırışlarını özündə ehtiva edir.

Tarixi Zəfərimiz bütün sahələrdə yeniliklərə, təkmilləşməyə yol açdı. Ən əsası müstəqillik tariximizin Zəfər səhifələri daha da zənginləşir. Ötən ilin aprelin 23-də ərazi bütövlüyümüzün və sentyabr ayında suverenliyimizin tam bərpa olunması ölkəmizin həyatında yeni dövrün başlanğıcı oldu. Dövlət başçısı İlham Əliyevin bu ilin yanvar ayında yerli televiziya kanallarına müsahibəsində qeyd etdiyi kimi, yeni dövrün yeni hədəfləri olmalıdır. Yeni dövrə köhnə hədəflərlə gedə bilmərik, çünki o hədəflər artıq əldə edildi və indi bəzi ölkələr var ki, öz tarixi keçmişini, tarixi uğurları illər boyunca, onilliklər ərzində istismar edirlər. Halbuki onların özlərinin o zəfərlərə heç bir aidiyyəti yoxdur. Yəni, biz o ölkələrdən olmaq istəmirik: “Biz nə etmişiksə etmişik, xalq da bunu qiymətləndirir və qiymətləndirəcək. Ancaq bu tarixi Zəfəri də bundan sonra daim istismar etmək düzgün olmaz. Çünki birincisi, siyasi nöqteyi-nəzərdən düzgün olmaz. İkincisi, cəmiyyətdə elə bir sakitləşmə ovqatı da yaradılmamalıdır. Birincisi, biz hər zaman çox ayıq olmalıyıq, çünki bizə qarşı olan hərəkət, dediyimiz bu məsələlərlə bitməyəcək, bundan sonra da davam edəcək. Çünki biz dünya miqyasında çox böyük layları tərpətdik. Bəlkə də təhlilçilər görürlər ki, bizim Zəfərimizin bəzi ölkələr üçün fəsadları onlara çox baha başa gəlib. Böyük layları tərpətdik biz. Elə bir Zəfər çaldıq ki, bu, lokal əhəmiyyətli məsələ deyil. Bu, bir növ beynəlxalq gündəliyin əsas məsələlərinin birinə çevrilibdir.”

Yeni dövrün başlandığı gün  ötən ilin  20 sentyabr tarixi oldu. Azərbaycan bu tarixdə suverenliyini tam bərpa etdi və ölkəmizin bütün əraziləri üzrə seçkilərin keçirilməsi, Zəfərimizin yaratdığı reallıqların qəbulu və təsdiqi üçün daha geniş imkanlar yarandı. Həmin dövrün başlanğıcı isə Prezident İlham Əliyevin Sərəncamı əsasında bu ilin 7 fevral tarixində keçirilən növbədənkənar prezident seçkiləri oldu. Cənab İlham Əliyevin  cari ilin  hədəflərini və mühüm çağırışlarını özündə ehtiva edən həmin müsahibəsində vurğulandığı kimi, bunu şərtləndirən əsas amil   suverenliyimizin tam bərpasıdır. Çünki seçkilər bir dövrə yekun vurur: “Sentyabr ayında biz elə bir dövrə yekun vurmuşuq ki, bu, epoxal bir hadisədir. Yəni, Azərbaycanın çoxəsrlik tarixində mən hesab edirəm ki, buna oxşar Zəfər olmamışdır. Bütün amilləri - siyasi, hərbi və 30 illik işğalı, ərazinin relyefini, müdafiə xətlərinin çox olmasını nəzərə alsaq hesab edirəm ki, bu, xalqımızın, dövlətimizin ən parlaq Qələbəsidir. Təbii ki, bu yeni dövr başlayarkən, əlbəttə, prezident seçkiləri də bu yeni dövrün başlanğıcı olmalıdır. Çünki hər bir dövr bir zaman kəsiyidir və 30 il ərzində işğal altında olmuş ərazilərin işğaldan azad edilməsi və suverenliyi tam bərpa etməyimiz yeni dövrün başlanğıcı idi.” Dövlətimizin başçısı digər səbə kimi onu da vurğuladı ki, ilk dəfə olaraq müstəqil həyatımızda seçkilər ərazilərimizin hər bir yerində keçiriləcək. Prezident seçkiləri bütün digər seçkilərlə müqayisədə ən vacib seçkilər olduğu üçün  birinci bütün ərazilərdə keçiriləcək seçkilər prezident seçkiləri olmalıdır. Üçüncü səbəb isə cənab İlham Əliyevin  Prezident kimi fəaliyyətimin 20 ili tamam olması oldu.  Ölkə Prezidenti böyük qürur və əminliklə qeyd etdi ki, prezident seçkiləri  yeni dövrə də xeyir-dua verəcək.

  Artıq 7 fevral növbədənkənar prezident seçkilərindən 5 aya yaxın vaxt keçir. Yeni Azərbaycan Partiyasının  Prezidentliyə namizədi cənab İlham Əliyevin seçkilərdə inamlı qələbəsi Azərbaycanın yeni dövrün yeni hədəflərini uğurla icra etməsini şərtləndirir. Dövlət başçısı İlham Əliyevin ailə üzvləri ilə birlikdə prezident seçkilərində Xankəndi şəhərində səs vermələri özündə mühüm mesajları əks etdirdi. Təbii ki, bu torpaqlar bizimdir və burada əbədi olacağıq.

Növbədənkənar prezident seçkiləri Azərbaycanın demokratik inkişafının yeni mərhələsi kimi də dəyərləndirilir. Bu gün isə bu inkişafa yeni əlavələr edəcək  1 sentyabr növbədənkənar parlament seçkilərindən bəhs edirik. Əvvəldə də qeyd etdiyimiz kimi, ölkəmizin həyatında hər bir mühüm hadisə keçilən yolun təhlilini və onların fonunda yeni hədəflərin müəyyənləşdirilməsini bir zərurət kimi qarşıya qoyur. Xatırladaq ki, 2019-cu ilin sonlarında da ölkəmizin həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası qanunverici orqanın da  Azərbaycanda geniş vüsət alan islahatlar prosesindən kənarda qalmaması üçün parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Bu təşəbbüs cənab İlham Əliyevin 9 fevral 2020-ci il tarixdə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı Sərəncamında öz təsdiqini tapdı. Keçirilən seçkilər əsasında formalaşan yeni  parlamentin ötən dövr ərzində gördüyü işlərə, qəbul olunan yeni Qanunlara və mövcud sənədlərə edilən əlavə və dəyişikliklərə diqqət yetirmək kifayətdir. Yeni parlament, ilk olaraq ölkəmizdə demokratik inkişafın əsas göstəricilərindən olan siyasi dialoq mühitinin daha da təkmilləşdirilməsinə öz töhfəsini verdi. Cənab İlham Əliyev altıncı çağırış Milli Məclisin ilk iclasındakı çıxışında bu əminliyi ifadə etmişdir ki, seçkilərdən sonrakı proseslər müsbət istiqamətdə inkişaf edəcək. Altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir. Bu, çox müsbət əlamətdir. Hesab edirəm ki, siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin çox böyük rolu olacaqdır və olmalıdır. İndiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Cənab İlham Əliyev parlamentin və komitələrin rəhbərliyində müxalifət nümayəndələrinin təmsil olunmasını təqdir edərək siyasi sistemin möhkəmləndirilməsində, siyasi münasibətlərin sağlam zəmində gücləndirilməsində  buna böyük ehtiyac olduğunu bildirmişdir. 2020-ci ilin 10 mart tarixindən, yəni altıncı çağırış Milli Məclisin ilk iclasından ötən dövr ərzində qeyd olunan istiqamətdə əldə olunan uğurlu  nəticələr göz qabağındadır.    

   Azərbaycan möhkəm təməl üzərində  davamlı uğurlara imza atır.  Bu reallığı da xüsusi qeyd etməliyik ki, ölkəmiz iqtisadi, siyasi, humanitar və diplomatik mərkəz kimi daim dünyanın diqqətindədir. Bu tədbirlərə Azərbaycanın ev sahibliyini şərtləndirən mühüm amillər sırasında ölkəmizin sabitlik diyarı kimi nüfuz qazanması, həmçinin bütün sahələrdə zəngin təcrübəyə malik olmasıdır. Bu baxımdan bu ilin  noyabr ayında Azərbaycanın ev sahibliyi edəcəyi COP29 hazırda ölkə və dünya mətbuatında geniş müzakirə edilir. Ölkəmizin iqlim dəyişmələrinin yaratdığı problemlərə qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsinə töhfələri təqdir edilir. 2024-cü ilin ölkəmizdə məhz “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi də hazırkı dövrün əsas hədəflərini özündə birləşdirir. Azərbaycan ev sahibliyi etdiyi hər bir beynəlxalq əhəmiyyətli tədbirin yüksək səviyyədə keçirilməsi üçün zəruri olan bütün addımları atır. Beynəlxalq tədbirlərin keçirilməsi üçün ideal məkan kimi qəbul edilməsini şərtləndirən amillərdən biri də məhz budur.   

   Suverenliyimizin tam bərpa edilməsi fonunda bütün ölkə ərazisini əhatə edəcək  növbədənkənar parlament seçkilərinin keçirilməsi də bir zərurət kimi qarşıda dayandı. Cəmiyyətin avanqard qüvvəsi olan Yeni Azərbaycan Partiyasının hər bir qərarı, irəli sürdüyü təşəbbüslər müasir müstəqil, qalib Azərbaycanın daha da qüdrətlənməsinə, möhkəmlənməsinə, beynəlxalq nüfuzunun artmasına xidmət edir.  

 Məlum olduğu kimi, iyunun 20-də Yeni Azərbaycan Partiyasının  İdarə Heyətinin növbəti iclası keçirildi. YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər tarixi qələbələr əldə edildiyini, ictimai-siyasi həyatın, dövlət idarəçiliyinin bütün sahələrində çoxşaxəli və məqsədyönlü islahatların uğurla və ardıcıl şəkildə həyata keçirildiyini önə çəkərək  bu mühüm məqamı, hazırkı dövrün əsas çağırışını da diqqətə çatdırmışdır ki, COP29-un və digər mötəbər beynəlxalq tədbirlərin keçiriləcəyi vaxtda - 2024-cü ilin noyabrında Azərbaycan Konstitusiyasının 981-ci maddəsinin II hissəsinə əsasən Milli Məclisə növbəti seçkilər keçirilməlidir. Həm seçkilərin, həm də qeyd olunan tədbirlərin yüksək səviyyədə təşkili mühüm əhəmiyyət kəsb edir. Həmin dövrdə ölkə parlamentinin tam fəaliyyətdə olmasının məqsədəmüvafiqliyi də nəzərə alınmalıdır. Altıncı çağırış Milli Məclis fəaliyyət dövrü ərzində dövlətin daxili və xarici siyasətini qanunvericilik səviyyəsində dəstəkləmək, dövlət idarəetməsinin təşkili və daha da təkmilləşdirilməsi fəaliyyətində yaxından iştirak etmək, yerlərdə seçicilərlə müntəzəm iş aparmaq, həmçinin parlament diplomatiyasının verdiyi imkanlardan səmərəli istifadə olunması sayəsində milli maraqları beynəlxalq məkanda təəssübkeşliklə təmsil etməklə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışıb. İndiki şəraitdə də Milli Məclis dövlət maraqlarını üstün tutaraq Milli Məclisin buraxılması və seçkilərin daha erkən keçirilməsi təşəbbüsü ilə çıxış etməlidir.

YAP-ın İdarə Heyətinin iclasında  partiyanı Milli Məclisdə təmsil edən deputatlara altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə olunması barədə yekdil qərar qəbul edilmişdi.

Yeni Azərbaycan Partiyasının tarixi Zəfərimizin reallıqları  fonunda hazırlanan və 2021-ci ilin  sonunda təsdiqlənən “Biz birlikdə güclüyük!” devizi əsasında yeni Proqramı hazırkı dövrün əsas hədəflərini əks etdirir. Ölkədə gedən bütün proseslərin mərkəzində dayanan Yeni Azərbaycan Partiyası zəngin seçki təcrübəsinə malikdir. YAP ənənələri olan partiyadır. Hər bir seçki prosesinin nəticələri hazırlıq prosesinin yüksək səviyyədə təşkilindən asılıdır. Yeni Azərbaycan Partiyası ölkədə keçirilən hər bir seçki prosesində yüksək fəallığı ilə diqqətdə olub.

1 sentyabr 2024-cü il tarixdə keçiriləcək növbədənkənar parlament seçkiləri  müasir müstəqil, bütövləşən Azərbaycanın demokratik inkişaf tarixinə yeni bir səhifəni yazacaq. Bu gün hər bir azərbaycanlı qürurludur. Müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisini əhatə edəcək parlament seçkiləri keçiriləcək. Dünyanın diqqəti növbəti dəfə Azərbayana, Qarabağa və Şərqi Zəngəzura yönələcək. Tarixi Zəfərimizdən ötən dörd ilə yaxın müddətdə 4 şəhərə və 4 kəndə sakinlərin qayıdışı, onlara burada ən yüksək şəraitin yaradılması bu torpaqların sahibi olaraq Azərbaycanın malik olduğu imkanların təqdimatıdır. Sentyabr ayı, eyni zamanda, Xankəndi şəhərinə köçün başlanması ilə yadda qalacaq.

Göründüyü kimi, hər gün tariximizin bir əlamətdar hadisəsi kimi yadda qalır. 30 il torpaqları işğal altında qalan Azərbaycan o illərdə də bütün sahələrdə qazandığı uğurlarla diqqətdə oldu. Azərbaycan iqtisadi möcüzələr, demokratik ölkə, dünya birliyində söz sahibi olan, sabitlik məkanı kimi nüfuz qazandı. Tarixi Zəfərimizdən sonra isə uğurlarımızın sırası daha da genişləndi. Qarabağımız və Şərqi Zəngəzurumuz dünyaya dirçəlişin Azərbaycan modelini təqdim edir. Paytaxt Bakı ilə yanaşı, işğaldan azad edilmiş ərazilərimiz də beynəlxalq tədbirlər üçün ideal məkan kimi qəbul olunur. Suverenliyimizin tam bərpası fonunda 7 fevral   prezident seçkilərindən sonra ölkəmizdə yeni dövrün tələbinə uyğun parlamentin formalaşdırılması zamanıdır. 1 sentyabr 2024-cü il  tarixdə sahibinə qovuşaraq cənnət məkana çevrilən torpaqlarımız  növbədənkənar parlament seçkilərinin ab-havasını yaşayacaq, Azərbaycanın demokratik inkişafına şahidlik edərək dünyanın diqqətində olacaq.  Prezident İlham Əliyevin  7 fevral növbədənkənar prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində böyük əminliklə söylədiyi “Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik! Bu yeni dövr uğurla başlayır. Əminəm ki, uğurla da davam edəcək” çağırışı  reallıqda öz əksini tapır. Uğurla başlayan yeni dövr  uğurla da davam edir.

Yeganə Əliyeva, “İki sahil”