01 iyul 2024 19:19
198

Azərbaycan Çinin Cianqsu əyaləti ilə bir sıra sahələrdə işbirliyini inkişaf etdirir YENİLƏNİB

Azərbaycan Çinin Cianqsu əyaləti ilə ticarət, investisiya, nəqliyyat-tranzit, baramaçılıq, kənd təsərrüfatı, turizm və başqa sahələrdə işbirliyinin inkişafı imkanlarını müzakirə edib.

“İki sahil” İqtisadiyyat Nazirliyinə istinadla xəbər verir ki, bu müzakirələr iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev və Çinin Cianqsu Əyalət Hökumətinin baş katibinin müavini Sü Huaçin ilə keçirilən görüşdə aparılıb.

Görüşdə Çinlə münasibətlərin yüksələn xətlə inkişaf etdiyi, iqtisadi-ticarət əlaqələrinin genişləndiyi qeyd olunub. 2024-cü ilin 5 ayında ticarət dövriyyəsinin həcmi 26 %-dən çox artıb.

Ölkələr arasında investisiya sahəsində də işbirliyi güclənir. Azərbaycanda sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət, xidmət sahələri üzrə 320-dək Çin kapitallı kommersiya qurumu qeydiyyatdadır. Çin şirkətləri Azərbaycandakı layihələrə sərmayə yatırmağa maraq göstərir. Bununla yanaşı, Çin şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası layihələrində fəal iştirak edə bilər.

Qeyd olunub ki, Azərbaycanda yüksək texnologiyalı istehsal sahələrində daha çox çinli investorun olması qarşılıqlı faydalı əməkdaşlıq baxımından önəmlidir. Ölkəmizdə investorlar üçün yaradılmış əlverişli işgüzar mühit, həmçinin region ölkələrinə asan çıxış imkanları bu baxımdan geniş potensial təqdim edir. Çinlə sənaye, rəqəmsal iqtisadiyyat, nəqliyyat və telekommunikasiya, “yaşıl enerji”, turizm və digər istiqamətlər üzrə tərəfdaşlığın möhkəmləndirilməsi üzrə böyük imkanlar var.