03 iyul 2024 11:37
139

Sahib Məmmədov: Azərbaycan investisiya cəlb etmək üçün stimul və təminatlar yaradıb

Azərbaycan dayanıqlı inkişaf məqsədlərinə sadiqdir və ekoloji, sosial və korporativ idarəetmənin inkişafında dövlət-özəl tərəfdaşlığın həlledici rol oynadığını qəbul edir.

“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov “Dayanıqlı inkişaf naminə dövlət-özəl tərəfdaşlığı” mövzusunda keçirilən ekoloji, sosial və korporativ idarəetmə (ESG) sammitində çıxışı zamanı deyib.

“Azərbaycan sektorlar arasında möhkəm əməkdaşlığı təmin etmək üçün 2022-ci ilin dekabrında dövlət-özəl tərəfdaşlıq haqqında qanununu qəbul etməklə böyük dəyişiklik yoluna qədəm qoyub. Bu prinsiplərə uyğun olaraq, şəffaflığı, səmərəliliyi və ədalətliliyi təmin etməklə yanaşı, investisiyaların cəlb edilməsi və iqtisadi artımın stimullaşdırılması üçün aydın stimullar və təminatlar hazırlamışıq. Bu, bizim qanunun aliliyini, azad rəqabəti qorumaq, tərəfdaşlığımızın təkcə iqtisadi cəhətdən faydalı deyil, həm də etik və sosial məsuliyyət daşımasını təmin etmək öhdəliyimizlə uyğunlaşır. Mən dövlət-özəl tərəfdaşlıq mexanizmi çərçivəsində həyata keçirdiyimiz təşəbbüslərdən birini - içməli suyun istehsalı üçün dəniz suyunun duzsuzlaşdırılmasını elan etməkdən məmnunam”, - o bildirib.

S.Məmmədov qeyd edib ki, ətraf mühit qlobal təchizat zəncirinin ayrılmaz hissəsidir, çünki dünya üzrə ümumi ÜDM-in yarıdan çoxu, xüsusilə tikinti, kənd təsərrüfatı və meşə təsərrüfatı kimi sahələrdə təbiətdən asılıdır:

“Qeyd etmək istərdim ki, Azərbaycan dairəvi iqtisadiyyata keçiddən tutmuş “təmiz texnologiyalar”ın tətbiqinə və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsinə qədər müxtəlif təşəbbüsləri dəstəkləyir”.