03 iyul 2024 11:49
160

Azərbaycanda ESG prinsiplərinin tətbiq səviyyəsi qiymətləndirilib

Ötən il Azərbaycanda ətraf mühit, sosial və idarəetmə məsuliyyəti (ESG) prinsiplərinin tətbiq səviyyəsi 3,5 % olub.

“İki sahil” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bu gün Bakıda keçirilən "ESG sammiti: Davamlı inkişaf üçün dövlət-özəl tərəfdaşlığı" adlı tədbirdə deyib.

O bildirib ki, 2023-cü ildə peşəkar araşdırma şirkəti tərəfindən Azərbaycanda ESG-nin cari vəziyyətini göstərən ilk genişmiqyaslı sorğu aparılıb: "Sorğu müxtəlif sektorlar və bölgələr üzrə təxminən 300 respondenti əhatə edib. Sorğunun nəticələrinə əsasən Azərbaycanda ESG prinsiplərinin fərqindəlik səviyyəsi 7 %, təchizatçı seçiminə təsiri 2,5 %, bu prinsiplər üzrə hesabatlılıq 1,4 %-dir".

Orxan Məmmədov əlavə edib ki, sorğu ESG tətbiqinin ilkin ehtiyaclarını da müəyyən edir ki, bunlara detallı izahlar, əlavə bilik və bacarıqlar və insan resursları daxildir: "İkinci dərəcəli ehtiyaclar isə vergi güzəştləri, subsidiyalar, qanunvericilik dəyişiklikləri və güzəştli kreditlərdir. KOBİA ESG prinsiplərini bütün maraqlı tərəflər, o cümlədən bizneslər arasında təşviq etməyə davam edir".

KOBİA-nın sədri qeyd edib ki, ESG prinsipləri dayanıqlı inkişafı təmin etməyə, risklərə qarşı davamlılığı artırmağa, beynəlxalq maliyyə resurslarına və bazarlara çıxışı genişləndirməyə, ümumi biznes idarəetməsini optimallaşdırmağa kömək edir.