04 iyul 2024 00:47
215

COP29 üzrə baxışımız - Ambisiyaları artırmaq, inklüziv və şəffaf tədbirlər görmək...

“29 İqlim Söhbəti: COP29-a gedən yol” təşəbbüsü çərçivəsində BMT-nin Azərbaycandakı nümayəndəliyi və “PwC Azərbaycan” şirkəti “Dayanıqlı inkişaf naminə dövlət-özəl tərəfdaşlığı” mövzusunda ikigünlük ekoloji, sosial və idarəetmə (ESG) sammiti təşkil edib. Ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev sammit iştirakçılarına videomüraciətində deyib ki, hazırda ümumi həllər tapmaq çox vacibdir. Bu, hər kəsə iqlim dəyişikliyi ilə mübarizə aparmağa imkan verəcək. İştirakımız və bu sammitdən öyrəndiyimiz dərslər gələcək üçün planlarımızı formalaşdıracaq. Bizim COP29 üzrə baxışımız ambisiyaları artırmaq, inklüziv və şəffaf şəkildə tədbirlər görmək imkanını təmin etməkdir. Azərbaycan milli iqlim fəaliyyət planları, uyğunlaşma planları və şəffaflıq hesabatları vasitəsilə bütün tərəflərə öz ambisiyalarını artırılmasında dəstək verməyə çalışır.

Nazir vurğulayıb ki, COP29-a sədrlik bizə bütün tərəflər üçün vacib olan digər məsələlərə diqqət yetirməyə imkan verəcək: “Bunlara biomüxtəliflik, dayanıqlı kənd təsərrüfatı, su ehtiyatları, elm, texnologiya və innovasiya, davamlı urbanizasiya və s. məsələlər daxildir.

Məhz bu baxımdan Azərbaycanda keçiriləcək COP29 tədbiri böyük əhəmiyyətə malikdir. Bakının məqsədi ev sahibi kimi iqlim kataklizmlərindən əziyyət çəkən bütün ölkələrlə körpülər qurmaqdır. Bu nöqteyi-nəzərdən ötən ilin sonunda Azərbaycan dünya dövlətlərinin yekdil qərarı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etmək şərəfinə layiq görülməsini tarixi fürsət kimi dəyərləndirir.

COP29-a ev sahibliyi hüququnun qazanılması həm də ölkəmizin “yaşıl” gündəliyə münasibətinin ifadəsidir. Son illər Xəzər regionunun Avropanın enerji keçidinin əsas mərkəzlərindən birinə çevrilməsi təsadüfi deyil. Çünki dünyada neft-qaz ölkəsi kimi tanınan Azərbaycan Avropa İttifaqının prioritet elan etdiyi “yaşıl keçid” platformasının reallaşmasına da mühüm töhfələr verməyə çalışır. Heç şübhəsiz, bu da ölkəmizə olan inamı bir qədər də artırır. Elə COP29 kimi böyük bir tədbirə ev sahibliyinin Azərbaycana həvalə olunması da məhz bu inamdan irəli gəlir.

Ekoloji maarifləndirmə və iqlim dəyişmələri istiqamətində gənclərin fəal iştirakının təmin edilməsi məqsədilə COP29 Akademiyası da fəaliyyətə başlayıb. Akademiyanın yaradılması təşəbbüsü iqlim və dayanıqlılıq mövzularında peşəkar səriştələr, liderlik, dərin bilik nümayiş etdirən və fərqlənən universitet məzunlarını tanımaq və dəstəkləməyi, ölkənin parlaq gəncləri vasitəsilə dayanıqlılığın əhəmiyyəti barədə cəmiyyətin məlumatlandırılmasını hədəfləyir.

Bu proqram iştirakçılara mentorluq, davamlı peşəkar inkişaf və özünü inkişaf üçün imkanları təklif etməklə iştirakçıların dayanıqlılıq sahəsində biliklərə yiyələnməsi, bu biliklərin həmyaşıdları, ailələri və ictimaiyyət ilə paylaşmaları üçün bir platforma rolunu oynayacaq.

İstənilən ixtisas sahəsi üzrə məzunların müraciətlərini qəbul edəcək akademiya qeydiyyatdan keçən gənclər üçün ünsiyyət, layihələrin idarəedilməsi, peşəkar davranış kodeksi və sairə kimi yumşaq bacarıqlara yiyələnmək üçün müvafiq mütəxəssislərin iştirakı ilə seminarlara qatılma imkanı yaradacaq. COP29 Akademiyasının iştirakçıları Əməliyyat Şirkəti tərəfindən işlə təmin edilərək COP29 tədbirinin təşkilinə işçi heyətinin üzvü qismində töhfə verməyə cəlb ediləcəklər. Bütün bunlar gənclərimizin peşəkar bacarıqlara yiyələnməsinə, təcrübə toplamasına, məşğulluğuna da mühüm töhfə olacaq.

COP29-a hazırlıq mərhələsində digər mühüm faəliyyətlərıə başlanılıb. Bunlardan biri də COP29-un media portalıdır. Belə ki, media nümayəndələrinin COP29-a akkreditasiyası üçün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) akkreditasiya platformasının fəaliyyətinə start verilib.

2 iyul tarixindən etibarən portal vasitəsilə dünyanın hər yerindən media nümayəndələri UNFCCC Katibliyinə akkreditasiya üçün müraciət edə bilirlər.

COP29 konfransı media nümayəndələri üçün planetimizin gələcəyini formalaşdıracaq konstruktiv müzakirələr, əlamətdar qərarlar və dayanıqlı gələcək üçün atılan birgə addımları dünya ictimaiyyətinə çatdırmağa unikal imkan yaradacaq. Belə ki, COP29-a akkreditə olunmuş jurnalistlər konfrans çərçivəsində media üçün nəzərdə tutulmuş peşəkar məzmun və infrastruktura birbaşa çıxış əldə etməklə yüksək səviyyəli danışıqları əyani və ya onlayn şəkildə izləmək, konfransın rəsmi proqramına birbaşa çıxış əldə etmək, iqlim dəyişmələri sahəsində elmi və texnoloji yeniliklərdən xəbərdar olmaq kimi bir sıra imkanlardan, eləcə də konfransın rəqəmsal qlobal auditoriya platformasından yararlana biləcəklər.

COP29-un Yaşıl və Mavi zonalarına giriş imkanı yaradan akkreditasiya ilə jurnalistlər həmçinin tədbir çərçivəsində təşkil ediləcək mətbuat konfransları, brifinqlər və digər media tədbirlərinə qatıla biləcək, eyni zamanda, tədbir məkanında yerləşən mətbuat mərkəzlərinə və media zonalara giriş əldə edəcəklər. Yaşıl Zonaya girişi təmin edən akkreditasiya növü üzrə isə qeydiyyat COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən aparılacaq və yaxın zamanda elan ediləcək.

Bilavasitə UNFCCC tərəfindən müəyyən edilmiş tələb və prosedurlara əsasən təşkil olunan akkreditasiya prosesi Konvensiyanın rəsmi saytında mövcud olan qeydiyyat portalı vasitəsilə aparılmaqdadır. Akkreditasiya çap və onlayn media orqanları, televiziya və radio təmsilçiləri, fotojurnalistlər və digər media nümayəndələrinə təqdim olunacaq. Elektron platformada qeydə alınan ərizələr UNFCCC tərəfindən qiymətləndiriləcək və akkreditasiya meyarlarına cavab verən media nümayəndələri təsdiq bildirişini aldıqdan sonra asanlıqla qeydiyyatı tamamlaya biləcək.

Hər bir COP konfransında olduğu kimi, bu il keçiriləcək COP29-a da geniş miqyasda media nümayəndələrinin qatılması gözlənilir. Bu səbəbdən, media iştirakçılığının səmərəli təşkilinin təmin edilməsi və bütün lazımi texniki hazırlıqların icrası üçün müraciətlərin qısa müddət ərzində təqdim edilməsi tövsiyə edilir.

Nigar Orucova, “İki sahil”