04 iyul 2024 02:14
442

“Freedom House”nin mərəzi

Erməni diasporunun muzdlu carçısı kimi tanınan “Freedom House” təşkilatı növbəti anti-Azərbaycan hesabat dərc edib. “Sənəd”də heç bir əsas olmadan Azərbaycanın Qarabağ bölgəsindən erməni əsilli şəxslərin Ermənistana köçüb getmələri hüquq pozuntusu kimi qələmə verilib.

Bəri başdan qeyd edək ki, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini, müstəqil siyasət yürütməsini, işğaldan azad edilmiş ərazilərdə geniş bərpa-quruculuq işləri aparmasını həzm edə bilməyən ABŞ-da fəaliyyət göstərən bu təşkilatın belə bir iddia ilə çıxış etməsi absurddur. Çünki Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun ötən ilin sentyabr ayında keçirdiyi lokal antiterror tədbirindən sonra erməniəsilli şəxslər heç bir səbəb olmadan bölgəni tərk ediblər.

 Halbuki, rəsmi Bakı beynəlxalq hüquq və daxili qanunvericiliyə uyğun olaraq, onların təhlükəsizliyi üçün bütün şəraiti yaratmışdı, bunu beynəlxalq təşkilatlar da təsdiq etmişdi. Bunun üçün onlardan yalnız bir şey tələb olunurdu: Azərbaycan vətəndaşlığını qəbul etmək və  qanunlarımız çərçivəsində yaşamaq. Amma haylar separatçıların təhriki lə Ermənistana üz tutmağa üstünlük verdilər. Azərbaycan da onların onların sərbəst və təhlükəsiz keçidini təmin edib. Bu məqamda belə bir sual ortaya çıxır: Görəsən bu qurum hansı mənbənin məlumatlarına əsasən belə iddia ilə çıxış edir? Şübhəsiz, onların informasiya mənbəyi radikal erməni funksionerlərinin, eləcə də ermənin diasporunun bu məsələ ilə bağlı uydurduqları reallıqlardan uzaq nağıllardır. Bu mənada həmin erməniəsilli şəxslərin “etnik təmizləmə”yə məruz qaldıqlarını, yaxud hüquqlarının pozulduğunu iddia etmək heç bir məntiqə sığmır.

Amma Ermənistandan, həmçinin vaxtilə işğal edilmiş Azərbaycan torpaqlarından bir milyona yaxın insanın didərgin salınması, soydaşlarımızın soyqırımına, etnik təmizləməyə məruz qalması “Freedom House”un yadına düşmür. Bəlkə də yadına düşür. Amma erməni təəssübkeşliyi bu təşkilatı cənginə elə alıb ki,  həqiqətləri dilə gətirməyə cürəti çatmır. Halbuki, Prezident İlham Əliyev iyulun 1-də Kanadanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edərkən bildirdiyi kimi, qayıdış hüququ qarşılıqlı şəkildə təmin olunmalı, o cümlədən də Qərbi Azərbaycan İcmasının nümayəndələrinə də şamil edilməlidir.

Bütün bunlar “Freedom House”də ikili standarların hələ də hökm sürməsini, bu qurumun erməni disporunun pul kisələrindən asılı olduqlarını bir daha təsdiq edir.  Şübhəsiz, bu məsələdə son illər ermənidən betər ermənilik edən, elə bu səbəbdən ölkəmizə qarşı qərəzli mövqe sərgiləyən, Hayastanı silahlandırmaqda davam edən, ölkəsinin Cənubi Qafqazda möhkəmlənməsi məqsədilə dəridən-qabıqdan çıxan  Fransa Prezidenti Emmanuel Makronun və onun qulbeçələrinin də  əli vardır. 

Bu fakt, həm də  bir daha sübut edir ki, vitse-prezident Anni Boyacıyan daxil olmaqla çoxsaylı radikal erməni funksionerlərinin kök saldığı “Freedom House”un insan hüquqlarının qorunması ilə heç bir əlaqəsi yoxdur və bu təşkilat tamamilə irqçi düşüncəli dairələrin təsirinə düşüb. Bu mənada əminliklə demək olar ki, özünü “müstəqil QHT” adlandıran “Freedom House”nin bu kimi sayıqlamaları Qərbin, xüsusilə Fransanın məklri niyyətlərinə xidmətdən, həmçinin iki ölkə arasındakı sülh danışıqlarına maneələr yaratmaqdan başqa bir şey deyil. Bu məqamda Prezident İlham Əliyevin aşağıdakı sözlərini də xatırlatmaq yerinə düşər: “Azərbaycan davamlı olaraq mətbuatın hədəfindədir, dırnaqarası müstəqil QHT-lərin hücumuna məruz qalır. Hamımız bilirik ki, onlar müstəqil deyil. Kim deyə bilər ki, “Human Rights Watch”, “Amnesty International” və “Freedom House” müstəqildirlər. Baxın, onlar kimdən pul alırlar və kim musiqini sifariş edir. Onda görəcəksiniz ki, onlar tamamilə asılıdırlar”.

Bu fikirdən belə bir nəticə də hasil olur ki, obyektiv hesabatlar hazır­lamaq üçün ilk növbədə təşkilatın özü azad olmalıdır. Lakin gördüyümüz kimi, “Freedom House” özü azad və müstəqil deyil. Elə bu aspektdən çıxış etsək, əminliklə demək olar ki, “Freedom House”nin böhtan xarakterli həmin açıqlaması bu qurumun açıq qərəzindən  və destruktivliyindən irəli gəlir.

Qeyd edək ki, “Freedom House" ümumiyyətlə, indiyə qədər heç vaxt Azərbaycan haqqında obyektivlik nümayiş etdirməyib.  Yəni, bir qayda olaraq, uzun müddətdir ki, bu və ya digər hesabatlarında ölkəmizə qarşı qərəzli, qeyri-obyektiv münasibət sərgiləyib. Daha doğrusu, müstəqil siyasət yürüdən, Qərbin niyyətlərini puç edən ölkəmizə qarşı qərəz püskürüb. Bu mənada demək olar ki, “Freedom House"  əgər belə demək mümkünsə, sağalmaz böhtan mərəzinə düçar olub.

Şübhəsiz, belə təxribatlar dünyada, o cümlədən bölgədə söz sahibi olan, yeni reallıqlar yaradan Azərbaycanı öz haqq yolundan heç vaxt döndərə bilməyəcək.

Qvami Məhəbbətoğlu, “İkİ sahil”