04 iyul 2024 19:31
190

Azərbaycan-İsrail Məzunları Assosiasiyasının təqdimat mərasimi keçirilib

“Ritz-Carslon Baku” otelində İsrail dövlətinin 76-cı Müstəqillik Günü qeyd olunub və tədbir çərçivəsində Azərbaycan-İsrail Məzunları Assosiasiyasının təqdimat mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki, İsrailin ölkəmizdəki səfiri Corc Dik, iqtisadiyyat naziri Mikayıl Cabbarov, “Codelandia”nın rəhbəri Günel Cənnətova və digər rəsmilər tədbirdə iştirak ediblər.

Tədbirdə çıxış edənlər Azərbaycan ilə İsrail arasındakı sarsılmaz əlaqələrdən danışaraq, xalqlarımızı dərin dostluq tellərinin bağladığını vurğulayıblar.

"Codelandia"nın rəhbəri Günel Cənnətova İsrail ilə Azərbaycan arasındakı münasibətlərin inkişafını Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi kimi dəyərləndirib.

Azərbaycan-İsrail Məzunları Assosiasiyasının iki böyük xalq arasında ikitərəfli münasibətləri gücləndirmək məqsədilə yaradıldığını diqqətə çatdıran G.Cənnətova deyib: “Bu, bizi bir-birimizə bağlayan davamlı dostluğun və ortaq dəyərlərin sübutudur. Bu assosiasiyanın məqsədi təhsil, mədəniyyət və iqtisadi mübadilələr vasitəsilə münasibətləri daha sıx inkişaf etdirmək, Azərbaycan ilə İsrail arasında əlaqələrin genişlənməsini və çiçəklənməsini təmin etməkdir”. Onun sözlərinə görə, Azərbaycan-İsrail Məzunları Assosiasiyası xalqlarımız arasında körpü, əməkdaşlıq çırağı və ortaq gələcəyimizin simvoludur.

O, İsrailin Azərbaycandakı səfiri Corc Dikin ölkələrimiz arasında əlaqələrin genişləndirilməsinə olan bağlılığının və sadiqliyinin Azərbaycan-İsrail Məzunları Assosiasiyasının yaranmasında mühüm rol oynadığını qeyd edib.

G.Cənnətova "Codelandia" komandasına göstərdikləri dəstəyə görə Negevdəki Ben Gurion Universitetinə təşəkkür edib, Azərbaycan-İsrail Məzunları Assosiasiyasının bu iki xalq arasında körpü və əməkdaşlıq rəmzi olduğunu bildirib.