05 iyul 2024 17:25
252

Azərbaycan şərabları, çayları və konservləri Çində getdikcə populyarlaşır - Din Tao

Çin və Azərbaycan iqtisadiyyatları bir-birini tamamlayır, eyni zamanda, istehsal və investisiya sahəsində böyük potensiala malikdir. “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Çin və Azərbaycan təmiz enerji, rəqəmsal iqtisadiyyat və sənaye istehsalı kimi sahələrdə əməkdaşlıq edirlər. Azərbaycanın İKT sektoruna sərmayə qoyacaq Çin şirkətlərinin sayə daha da artacaq.

“İki sahil” xəbər verir ki, bu sözləri Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Dövlət Başçıları Şurasının iclasının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O əlavə edib: “Yaşıl enerji sahəsində ikitərəfli əməkdaşlığımız həm Azərbaycan xalqı, həm də Çin xalqı üçün qarşılıqlı faydalıdır. Bu, Azərbaycanın enerji transformasiyasına, Çin şirkətlərinin isə yüksəkkeyfiyyətli istehsal potensialının reallaşmasına olan tələbatını ödəyir.

2023-cü il oktyabrın 26-da 230 meqavat gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirildi. O, Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır və ilkin hesablamalara görə, ildə 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edəcək. Elektrik stansiyası artıq istifadəyə verilib, Çin şirkətləri də külək enerjisi layihələrində iştirak edir”.

Diplomat iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın istehsal və investisiya sahələrində böyük potensiala malik olduğunu da vurğulayıb: “Azərbaycan biznes qurmaq üçün bərabər hüquqlar təmin edir. Azərbaycana sərmayə qoyacaq Çin şirkətlərinin sayı getdikcə artacaq”.

Müvəqqəti işlər vəkili xatırladıb ki, iyulun 2-də Azərbaycan tərəfi Çin şirkətləri ilə COP29-a qədər 160 elektrobus tədarükü və 100 elektrik enerjisi doldurma stansiyasının istifadəyə verilməsi barədə razılığa gəlib. “Gələcəkdə tərəflər yaşıl enerji sahəsində əməkdaşlığı gücləndirəcək”, -deyə diplomat qeyd edib.

Din Tao onu da bildirib ki, “Huawei” kompaniyası 2014-cü ildə Azərbaycan bazarına daxil olub və o vaxtdan əhalinin 70 faizini internet xidmətləri ilə təmin edib. Onun fikrincə, bu, Azərbaycanda rəqəmsal fərqin azaldılmasına töhfə verib.

Diplomat, həmçinin qeyd edib ki, Çin Azərbaycana ən çox məhsul ixrac edən ölkəyə çevrilib: “Son 10 ildə Çindən ixracın strukturu dəyişib, əvvəllər toxuculuq məhsulları idi, indi mexaniki avadanlıqlar, yüksək əlavə dəyəri olan məhsullardır. Bu gün biz Azərbaycan tərəfinin Çində ticarət evlərini açdığını görməkdən məmnunuq. Azərbaycan şərabları, çayları və konservləri Çin istehlakçıları arasında getdikcə populyarlaşır”.

Mətbuat konfransının sonunda Çin Xalq Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao Azərbaycan şirkətlərini Çində keçiriləcək Quançjou yarmarkasında və digər beynəlxalq sərgilərdə iştiraka dəvət edib.