05 iyul 2024 18:38
262

Əqli Mülkiyyət Agentliyində BDU-nun magistrantlarının dissertasiya işlərinin müdafiəsi keçirilib - FOTO

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyində Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Hüquqşünaslıq ixtisasının “Əqli mülkiyyət hüququ” və “İnformasiya hüququ” ixtisaslaşması üzrə 9 nəfər magistrantın dissertasiya işlərinin müdafiəsi keçirilib.

“İki sahil” xəbər verir ki,  tədbirdə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov çıxış edərək, əqli mülkiyyət hüquqlarının qorunmasının hər bir ölkənin hüquq sistemində mühüm yer tutduğunu və bu hüquqların effektiv qorunmasının iqtisadi, sosial-mədəni və elmi inkişafın əsasını təşkil etdiyini vurğulayıb. K.İmanov bildirib ki, əqli mülkiyyət hüququ əqli fəaliyyətin nəticələrinin təmin edilmiş hüquqlarıdır. Daha sonra sədr məzunları təbrik edərək, təhsil yollarında onlara uğurlar arzu edib və onların biliklərini yüksək səviyyədə nümayiş etdirəcəklərinə əmin olduğunu bildirib.

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev K. İmanova əqli mülkiyyət sahəsində yaratdığı şəffaflığa görə təşəkkürlərini bildirib. Rektor xüsusi olaraq vurğulayıb ki, onun yüksək idarəetmə fəaliyyəti nəticəsində bu sahədə olan boşluqlar aradan qaldırılıb. Rektor onu da bildirib ki, əqli mülkiyyətin mühafizəsi sahəsində ixtisaslı kadrların hazırlanması məqsədilə 2019-cu il 16 dekabr tarixində birgə əməkdaşlıq çərçivəsində ilk dəfə olaraq BDU-da “Əqli mülkiyyət hüququ” kafedrası yaradılıb və kafedra əqli mülkiyyət sahəsində ixtisaslı kadrların hazırlanmasına böyük töhfələr verir.

Sonda imtahan komissiyası üzvləri tərəfindən magistrantların dissertasiya işləri qiymətləndirilib.

Qeyd edək ki, 4 magistrant “Əqli mülkiyyət hüququ” ixtisaslaşması üzrə Fransanın Lion-2 Universiteti və Bakı Dövlət Universitetinin birgə həyata keçirdikləri layihə çərçivəsində ikili diplomlu magistr proqramını müvəfəqiyyətlə bitirib. Digər 5 magistrant isə “İnformasiya hüququ” ixtisaslaşması üzrə dissertasiya işlərini uğurla müdafiə ediblər.