09 iyul 2024 02:15
511

Yaşıllıq depressiya riskini azaldır

Yaşıl rəng adətən sakitlik, rahatlıq və sağlamlıq ilə əlaqələndirilir. Təbiətdə vaxt keçirmək, parklarda gəzmək və ya yaşıl sahələrdə olmaq stresin azalmasına, ruh halının yaxşılaşmasına, ümumi olaraq zehni və fiziki sağlamlığın dəstəklənməsinə kömək edir. Bu anlayış bir çox mədəniyyətlərdə və elmi araşdırmalarda qəbul olunmuşdur.

Tədqiqatlar göstərir ki, böyük şəhərlərdə yaşayanların “təbiət dozasına” ehtiyacı var.

JAMA şəbəkəsində dərc olunan  araşdırmada, 14000 nəfərin məlumatlarının təhlil edilməsi nəticəsində ortaya çıxmışdır ki, yaşıl sahələrin yaxınlığında yaşayan insanlar daha az depressiyaya məruz qalır və şəhər mühitində yaşayanlara nisbətən daha yaxşı idraki funksiyalara malikdirlər. Məlum olub ki, yaşıllıqların tez-tez olduğu bir mühitdə yaşamaq depressiya riskini azaldır, diqqəti, yaddaşı və yaradıcılığı gücləndirir, əhval-ruhiyyəni artırır.

Edinburq Universitetinin psixoloqları tərəfindən aparılan araşdırma isə göstərir ki, bağçılıq fəaliyyəti ilə tez-tez və ya bəzən məşğul olan yaşlı insanlar məşğul olmayanlara nisbətən daha yaxşı idrak qabiliyyətinə malikdirlər. Bağça işlərinə sərf olunan vaxt, iqtisadi vəziyyətindən və təhsilindən asılı olmayaraq insanları 80 yaşa qədər demensiyadan qoruyur.

Antidepressantlara ehtiyac yoxdur

Finlandiya Sağlamlıq və Rifah İnstitutunun araşdırması da göstərir ki, şəhər sakinləri yaşıl ərazilərdə keçirdikləri vaxtı artırsa, narahatlıq, yuxusuzluq, depressiya, yüksək qan təzyiqi və astma kimi xəstəliklərlə daha az qarşılaşa bilərlər. Müəyyən edilib ki, yaşıl məkanlara müntəzəm səfərlər antidepressantlardan istifadə ehtimalını 33 faiz, qan təzyiqi dərmanlarından istifadə ehtimalını 36 faiz, astma dərmanlarından istifadə ehtimalını isə 26 faiz azalda bilər. Saysız-hesabsız araşdırmalar var ki, hətta yaşıl sahələrə baxmaq da gərginliyi və stressi azaldır. Yenə Finlandiyada 36 qadın könüllünün iştirak etdiyi bir araşdırma göstərdi ki, yaşıl sahələrdə qadınların qan təzyiqi və ürək döyüntüləri azalır. 40 - dan çox təcrübəni nəzərdən keçirən bir məqalədə təbiətə və ya kənar mühitə məruz qalan insanların stres hormonu (kortizol) səviyyəsinin aşağı düşdüyü aşkar edilib.

Bəlkə də ən maraqlısı...

Diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu (DÇHP) diaqnozu qoyulan uşaqların təbiətdə 20 dəqiqəlik gəzintidən sonra diqqətlərini daha yaxşı topladıqları ortaya çıxıb. Digər bir araşdırma isə yaşıl sahələrin sümük sıxlığına təsir etdiyini göstərir. Yaşıl sahələrin bol olduğu ərazilərdə yaşayan uşaqların sümük minerallarının sıxlığının şəhər mühitində yaşayan uşaqlara nisbətən daha yüksək olduğu aşkar edilib. Həmçinin uşaqların yay tətilində ekran asılılığından xilas olmalarının ən yaxşı yolu da təbiətdə daha çox vaxt keçirməkdir.

Nigar Orucova, “İki sahil”