05 iyul 2024 22:50
1905

ŞƏT-də Azərbaycana münasibət yüksək səviyyədədir

Məlum olduğu kimi Qazaxıstanın paytaxtı Astanada Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Zirvə görüşü keçirilib. “ŞƏT+” formatında keçirilən Sammitə 16 ölkənin dövlət və hökumət başçıları qatılıblar. Bu nüfuzlu təşkilatın Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edib. Azərbaycanın belə mötəbər təşkilatın Sammitinə ikinci dəfə dəvət olunması və iştirakı ölkəmizin, xüsusilə Prezident İlham Əliyevin dünya miqyasında nüfuzunun və dövlətimizin başçısına göstərilən yüksək ehtiramın ifadəsidir. Xatırladaq ki, dövlətimizin başçısı Şanxay Əməkdaşlıq Təşkilatının 2022-ci ilin sentyabrında Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə görüşündə də iştirak edib.

Azərbaycan gənc müstəqil dövlət olmasına baxmayaraq, özünü bütün dünyada mötəbər beynəlxalq qurumlara uğurla rəhbərlik edən ölkə, qlobal səviyyəli məsələlərin müzakirə olunduğu mühüm platforma kimi sübut edib. 2011-ci ildə dünyanın 155 dövlətinin dəstəyini alaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən Azərbaycanın BMT-dən sonra dünyada ən böyük təşkilat olan Qoşulmama Hərəkatına uğurlu sədrliyi, ölkəmizin bu il COP29 kimi ən nüfuzlu tədbirə ev sahibliyi etməsi Azərbaycan Prezidentinin dünyada böyük hörmət və nüfuz sahibi olmasının göstəricisidir. Xüsusi vurğulamaq lazımdır ki, Prezident İlham Əliyevin ŞƏT-in Astana Sammitində iştirakı Azərbaycanın COP29 ilə bağlı mesajlarının bu mötəbər platforma vasitəsilə bir daha çatdırılması, eləcə də bu istiqamətdə səmərəli müzakirələrin aparılması baxımından da çox əhəmiyyətlidir.

Azərbaycan hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna sahibdir. 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. Memorandumda terrorizm, ekstremizm və separatizm ilə mübarizə məsələləri öz əksini tapıb ki, bu da ölkəmizin maraqlarına tam uyğundur. Azərbaycan lideri bu samitin verdiyi imkanlardan istifadə edərək regionda yaranan yeni reallıqları diqqətə çatdırıb.

Prezident İlham Əliyevin Zirvə görüşü çərçivəsində Rusiya Prezidenti Vladimir Putin, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşləri oldu. Bu görüşlər Azərbaycan Prezidenti ilə təşkilata üzv dövlətlərin rəhbərləri arasında qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli münasibətlərin göstəricisidir.

ŞƏT-də Azərbaycana münasibət yüksək səviyyədədir. Təşkilatın əsas üzvləri ilə dostluq münasibətlərimiz, güclü ikitərəfli əlaqələrimiz təşkilatın ölkəmizə münasibətində özünü açıq şəkildə büruzə verir. Təsadüfi deyil ki, 2011-ci ildə qurumun Pekindəki mənzil-qərargahında Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi qeyd edildi və qərargahın binasında onun büstü ucaldıldı. Qərargahda iki məşhur tarixi şəxsiyyətin büstü var: Nizami Gəncəvi və Çin filosofu Konfutsinin. Azərbaycanı ŞƏT üçün cəlbedici edən digər məqam dövlətimizin başçısının təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı layihələrdir. Azərbaycan mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilib. Şərq-Qərb və Şimal-Cənub Nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələri ölkəmizə olan marağı artırıb.

Məhərrəm Əlverdiyev,
YAP Xətai rayon təşkilatının fəalı