10 iyul 2024 17:34
313

ADY və Mətbuat Şurasının birgə elan etdiyi media müsabiqəsinin qalibləri mükafatlandırıldı - FOTO

Müsabiqəsinin qalibləri arasında "İki sahil"in əməkdaşı da dar

İyulun 10-da “Azərbaycan Dəmir Yolları” QSC (ADY) və Azərbaycan Mətbuat Şurasının “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı elan etdiyi media müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Hazırda Azərbaycan Dəmiryol Muzeyi kimi fəaliyyət göstərən tarixi Sabunçu vağzalında baş tutan tədbirdə ADY-nin və Mətbuat Şurasının rəhbərliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və Medianın İnkişafı Agentliyinin məsul əməkdaşları, tanınmış media nümayəndələri iştirak ediblər.

Tədbirdə ADY sədrinin müşaviri Aysel Soltanova çıxış edərək müsabiqənin “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilməsinin əhəmiyyətini vurğulayıb. ADY rəsmisi media nümayəndələrini qarşıdan gələn Milli Mətbuat Günü münasibətilə təbrik edib, şirkət tərəfindən media ilə əməkdaşlığa xüsusi önəm verildiyini qeyd edib: “Müsabiqəyə təqdim olunan araşdırma materialları Azərbaycanın “yaşıl təşəbbüsləri”ni və gələcək planlarını nümayiş etdirir. Azərbaycan Dəmir Yolları olaraq daha dayanıqlı ətraf mühit üçün sizin araşdırmalarınızda qeyd olunan təşəbbüsləri dəstəkləyirik”.

Daha sonra tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, sözügedən müsabiqəyə daxil olan 40-dan çox müraciət jurnalistlərin analitik yazı, videoreportaj və məqalələrin hazırlanması üzrə bacarıqlarını əks etdirib: “Media müsabiqəsinin əhatə etdiyi istiqamətlər jurnalistlərimiz tərəfindən geniş araşdırılıb və maraqlı faktlar ortaya çıxarılıb. Peşəkar media ekspertlərindən ibarət münsiflər heyəti materialları ədalətli və şəffaf qaydada qiymətləndirib”.

Münsiflər heyətinin üzvləri professor Qulu Məhərrəmli və MEDİA-nın Müşahidə Şurasının üzvü Şəfəq Mehrəliyeva müsabiqəyə daxil olan araşdırma yazılarının dolğun, analitik və innovativ olduğunu vurğulayıblar. ADY tərəfindən müsabiqəyə hazırlıq məqsədilə təşkil edilmiş təlimin mövzuların daha əhatəli araşdırılmasına dəstək olduğu xüsusi qeyd edilib.

Müsabiqəyə 1 iyun – 1 iyul 2024-cü il tarixlərində kütləvi informasiya vasitələrindən 41 iş təqdim olunub. Müsabiqənin şərtlərinə əsasən, 12 nəfər jurnalist əsas, 15 nəfər isə həvəsləndirici mükafata layiq görülüb.

Tədbirin sonunda müsabiqənin qaliblərinə sertifikat və xatirə hədiyyələri təqdim edilib.

Qeyd edək ki, ötən il BMT-nin Qlobal Sazişinə üzv olan ADY ətraf mühit, sosial və korporativ idarəetmə sahələri istiqamətində fəaliyyət proqramını daha da təkmilləşdirərək BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə, eləcə də ölkə iqtisadiyyatına töhfə verməyi planlaşdırır. Son illərdə ekoloji yönümlü islahatların qabaqcıl iştirakçılarından birinə çevrilən ADY sərnişindaşımada ekoloji təmiz qatarların istismara verilməsi, eləcə də lokomotiv depolarında günəş panellərinin istifadəsi kimi bir çox istiqamətlərdə ətraf mühitin qorunmasına töhfə verir.

ADY “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 2024-cü ildə də yeni texnologiyalar və rəqəmsallaşdırmanın tətbiqini sürətləndirərək tullantılardan səmərəli istifadə və təkrar emal proseslərinin genişləndirilməsi, biomüxtəlifliyin qorunması, çirkab sularının idarə olunması, eləcə də bərpa olunan enerji resurslarından istifadə istiqamətində fəaliyyətini genişləndirməyi hədəfləyir və ekoloji məsuliyyətini daha da artıraraq bütün maraqlı tərəflərlə həmrəy olmağa çalışır.

Qeyd edək ki, müsabiqənin qalibləri arasında "İki sahil"in əməkdaşı da yer alıb. 

Yaqut Ağaşahqızı, “İki sahil”