İyul ayının 15-də Biləsuvar rayonunun Ağalıkənd kəndində şəhid Sadıqov Surac Ədalət oğlununun doğum günü ilə əlaqədar ailəsi ziyarət olundu. Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov, şəhid valideyinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarət zamanı qəhrəman şəhidimizin şərəfli döyüş yolundan söz açılaraq xatirəsi yad edilmiş, ruhuna dualar oxunmuş və valideyinlərinə başsağlığı verilmişdir.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri olmuş şəhid Sadıqov Surac Ədalət oğlu 15 iyul 2001-ci ildə Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olmuşdur. 2008-2019-cu illərdə Ağalıkənd kənd tam orta məktəbində təhsil almış və 2019-cu ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə yollanmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak edərək, döyüşlərdə şücaət göstərmiş və Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 11 oktyabr 2020-ci ildə Ağalıkənd kənd qəbirstanlığında dəfn olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Sadıqov Surac Ədalət oğlu ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Hazırda Ağalıkənd kəndinin küçələrindən biri – şəhidin yaşadığı küçə Surac Ədalət oğlu Sadıqovun adını daşıyır.
Allah şəhidlərimizə rəhmət eləsin!