17 iyul 2024 23:55
394

Görəsən, Əli Kərimli AXCP-dən danışanda heç olmasa utanıb-qızarırmı?

AXCP sədri Əli Kərimli dünən özünün sosial şəbəkə seqmentlərində AXC(P) nin təsis olunması ilə bağlı status paylaşıb. Daha doğrusu, AXCP sədri yenə “gül” vurub: AXC(P) yeganə təşkilatdır ki, onun təsis olunduğu günü ölkənin bütün bölgələrində minlərlə insan hər il bayram edir.  AXC(P) yeganə təşkilatdır ki, Vətən torpaqlarını qorumaq üçün sıralarından minlərlə şəhid verib… Bizi daxilən, mənəvi baxımdan güclü edən haqq yolunda olduğumuza və xalqımızın ədalətinə sarsılmaz inamımızdır”.

 Gəlin bir az köhnə illərə qayıdaq. Aradan uzun illər keçməsinə baxmayaraq yaşlı nəsil AXC-nin (sonralar AXCP oldu) yaranmasını, araya-ərsəyə gətirilməsini, sonrakı fəaliyyətini yaxşı xatırlayır. Ötən əsrin 80-ci illərinin axırı, 90-cı illərinin başlanğıcında Azərbaycan xalqının azadlıq harayını boğmaq istəyən M.Qorbaçov başda olmaqla sovet rəhbərliyi xalqımıza qarşı düşmən münasibəti bəsləyir, Qarabağda erməni seperatizminə gizli və açıq şəkildə dəstək verirdi. Həmin dövrdə respublikamıza başçılıq edən səriştəsiz rəhbərlərin Moskva qarşısında mütiliyi və xəyanətkar siyasəti onları xalqın gözündən tamamilə salmışdı. Respublikada vəziyyət idarəolunmaz idi.

Təbii ki, belə bir şəraitdə “mərkəz” Azərbaycanı əldə saxlamaq üçün müxtəlif vasitələrə əl atırdı. Belə vasitələrdən biri də yeni bir təşkilatın yaradılması və onun vasitəsi ilə respublikaya nəzarəti əldə saxlamaq idi. Təbii ki, bu qısa yazıda bütün bu məsələlərin təfərrüatına varmadan konkret olaraq yalnız AXC-nin yaranması məsələlərinə diqqət yetirmək istəyirik.

Elə buradaca onu da xatırlatmaq yerinə düşər ki, Azərbaycanda Pribaltika nümunəsi əsasında Xalq Cəbhəsinin yaradılması ideyası meydana çıxdı. Bir müddət sonra Pribaltika formatı əsasında AXC yaradıldı.

Bütün bunlar öz yerində. Məsələ orasındadır ki, təşkilatın təsis konfransına seçilən İdarə Heyətinin üzvləri arasında bu gün AXCP-ni özəlləşdirərək onu özünün şəxsi təsərrüfatına çevirən Əli Kərimlinin adı yox idi. O zaman AXC-yə qoşulan “Varlıq” və “Çənlibel” təşkilatlarının arasında Ə.Kərimlinin “Yurd”u da yox idi. Bu zatın adı “yurdçu” ləqəbi ilə yalnız həmin təşkilatda gərginlik, qruplaşma yaradılması ilə bağlı məsələlərdə, eləcə də xəyanətdə hallanıb. Çünki onun mayası xəyanətlə yoğrulub.

Bir vaxtlar Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) komsomol təşkilatı katibi olan Ə.Kərimli elə o illərdə bu təhsil müəssisəsində yaradılan “Yurd” təşkilatının rəhbərliyinə gətirildi. Qısa müddət ərzində xüsusi xidmət orqanları tərəfindən onun pafoslu təbliğatı aparıldı. Ə.Kərimlinin saxta “demokrat” obrazı yaradıldıqdan sonra Azərbaycan Xalq Cəbhəsinə yeridildi. Həmin gündən etibarən AXC-də təfriqələr, intriqalar və xəyanətlər başladı. AXC-Müsavat tandeminin birillik hakimiyyəti dövründə dövlət idarəçiliyində yüksək postda təmsil olunan Ə.Kərimli baş verən bütün xəyanətlərdə və uğursuzluqlarda öz rolunu məharətlə oynadı. Keçmiş dövlət başçısı, AXC-nin sədri mərhum Əbülfəz Elçibəy müsahibələrində bunu dəfələrlə vurğulamışdı. Ə.Elçibəy deyirdi ki, Ə.Kərimlinin bir əli mənim cibimdə, digər əli isə başqalarının cibindədir. Ə.Kərimli nəinki el malına, respublikanın var-dövlətinə xain gözlə baxmış, o hətta ona çörək vermiş, vəzifə sahibi etmiş öz lideri Ə.Elçibəyə də xəyanət etmişdi. Ə.Elçibəy Kələkidə olarkən Ə.Kərimli “cəbhə”nin idarəçiliyini ələ almış, inhisarında olan qəzetlərin muzdlu mirzələrinə onun barəsində dilə gətirilməsi mümkün olmayan təhqirlər yazdırmışdı.

Bu da bir gerçəklikdir ki, uzun illərdən bəri bu siyasi təşkilatda baş verən bütün neqativ proseslər Ə.Kərimlinin ətrafında cərəyan edib. Məhz onun xəyanətkarlığı, riyakarlığı, kreslo sevgisi, eqoizmi, narsizmi, avtoritar idarəçiliyi nəticəsində bu təşkilat bir neçə yerə parçalanıb. AXCP-nin tanınmış simaları zaman-zaman məhz bu həşəmətli “cəbhəçi”ni xəyanətdə, əqidəsizlikdə ittiham edərək təşkilatdan ayrılıblar.

Şübhəsiz, xəyanətin, satqınlığın bir bumeranq effekti var. Yəni, xəyanət edən özü də əməllərinin bədəlini ödəmiş olur. Ə.Kərimli də bu gün etdiyi xəyanətin əvəzini ödəyir. Bu yerdə haqlı bir sual meydana çıxır: Görəsən, Ə.Kərimli AXCP-dən danışanda heç olmasa iynənin ucu boyda qızarırmı?

Zahid Rza, “İki sahil”