18 iyul 2024 19:25
747

SOCAR neft-qaz şirkətindən enerji şirkətinə çevrilməkdədir - Ekoloji parka media-tur təşkil olunub

Milli Mətbuat Günü və “Əsrin müqaviləsi”nin 30 illiyi münasibətilə media nümayəndələri üçün SOCAR-ın Ekoloji parkına media-tur təşkil olunub

İyulun 18-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) təşəbbüsü ilə Milli Mətbuat Günü və “Əsrin müqaviləsi”nin 30 illiyi münasibətilə media nümayəndələri üçün SOCAR-ın Ekoloji parkına SOCAR-ın yaşıl enerji gündəliyi barədə media-tur təşkil olunub.

Tədbirdə KİV nümayəndələri üçün SOCAR-ın yaşıl gündəliyi üzrə təqdimatlar edilib.

Tədbir iştirakçılarını salamlayan SOCAR-ın mətbuat katibi Orxan Hüseynov şirkətin müxtəlif istiqamətlər üzrə fəaliyyətindən, neft şirkətindən enerji şirkətinə transformasiya prosesindən, bu günədək SOCAR-ın yaşıl gündəlik üzrə götürdüyü öhdəliklər, həyata keçirilən tədbirlər və layihələr haqqında məlumat verib. Mətbuat katibi “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 çərçivəsində təşkil olunan və keçirilməsi planlaşdırılan tədbirlərdən danışıb. Orxan Hüseynov SOCAR-ın media nümayəndələri ilə sıx əlaqələr qurmasının vacibliyini vurğulayaraq bu kimi tədbirlərin əhəmiyyətindən bəhs edib. 

Bakı buxtasının təmizlənməsi həyata keçirən SOCAR gələcəkdə də bu cü layihələrin həyata keçirilməsinə öz dəstəyini və töhfəsini verməyə hazırdır 

O.Hüseynov bildirib ki, SOCAR neft-qaz şirkətindən enerji şirkətinə çevrilməkdədir: “Beynəlxalq enerji şirkətinə çevrilmək yolunda irəliləyən şirkət olaraq ətraf mühitin mühafizəsi və təmizlənməsi bizim prioritet istiqamətlərimizdən biridir. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Bakı buxtasının təmizlənməsi həyata keçirilir. Bura, həmçinin Bakı buxtası ərazisində suda batmış və yarımbatmış qurğuların və digər tullantıların təmizlənməsi daxildir. Biz bu işləri uğurla həyata keçiririk. Gələcəkdə də dövlət tərəfindən bu cür nəhəng layihələrin həyata keçirilməsinə SOCAR hər zaman öz dəstəyini və töhfəsini verməyə hazırdır.”

2050-ci ildə bütün əməliyyatlarda “Xalis sıfır”a nail olma əsas hədəflərdən biridir

SOCAR-ın Ətraf mühit ilə bağlı məlumatların açıqlanması və əlaqələrin idarə edilməsi departamentinin rəisi Mustafa Qurbanlı görüşdə “SOCAR-ın dekarbonizasiya strategiyası və gələcək perspektivlər” mövzusunda təqdimatla çıxış edərək COP28-də SOCAR-ın elan etdiyi orta və uzunmüddətli perspektivdə dekarbonizasiya hədəfləri haqqında ətraflı bəhs edib. SOCAR-ın dekarbonizasiya proqramının emissiya göstəricilərinin tədqiqi, qiymətləndirilməsi və emissiyaların azaldılması ilə hədəflərin ətraflı araşdırılmasına əsaslandığını bildirən M.Qurbanlı 2050-ci ildə bütün əməliyyatlarda “Xalis sıfır”a nail olmanın şirkətin əsas hədəflərindən olduğunu diqqətə çatdırıb.

SOCAR aparıcı qlobal şirkətlərlə birgə irimiqyaslı bərpa olunan enerji və "yaşıl hidrogen" layihələrində iştirak edir

Mustafa Qurbanlı alternativ və bərpa olunan enerji mənbələrindən istifadə edilməsi üzrə dövlət siyasətinə dəstək olaraq bərpa olunan enerji mənbələrinin genişləndirilməsi strategiyasının icrası ilə əlaqədar SOCAR tərəfindən həyata keçirilən layihələrdən bəhs edib: “Dekarbonizasiya mərhələsində azalmanı təmin etməyi hədəfləmişik. SOCAR-da yeni seqmentlər yaradılıb, yeni bizneslərin yaradılması istiqamətində işlər görülür. Külək, günəş, "yaşıl hidrogen" məsələləri araşdırılır.” 

SOCAR aparıcı qlobal şirkətlərlə birgə Azərbaycanda həyata keçirilən irimiqyaslı bərpa olunan enerji və "yaşıl hidrogen" layihələrində iştirak edir.”M. Qurbanlı əlavə edib ki, SOCAR, "Azərbaycan İnvestisiya Şirkəti və BP 2025-ci ilin sonuna kimi 240 MVt gücündə "Şəfəq" günəş elektrik stansiyası layihəsinin həyata keçirilməsini planlaşdırır: "Eyni zamanda SOCAR aparıcı qlobal şirkətlərlə birgə Azərbaycanda həyata keçirilən irimiqyaslı bərpa olunan enerji və "yaşıl hidrogen" layihələrində iştirak edir.”

Şirkət tərəfindən davamlı əsasda iməcilik, abadlaşdırma və ağacəkmə aksiyaları keçirilir

“Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyətinin Marketinq və xarici iqtisadi əlaqələr şöbəsinin mühəndisi Sabutay Əliyev tullantıların idarə olunması, neftlə çirklənmiş ərazilərin, o cümlədən Bakı buxtasının təmizlənməsi və abadlaşdırılması istiqamətində SOCAR tərəfindən görülən işlər barədə ətraflı məlumat verib. Rekultivasiya işlərinin planlı şəkildə həyata keçirildiyini vurğulayan baş direktor təmizlənən ərazilərin ətraf mühitə təsirinə xüsusi diqqətlə yanaşıldığını bildirib. S.Əliyev ətraf mühitin mühafizəsi və ekoloji aksiyaların əhəmiyyətindən bəhs edərək şirkət tərəfindən davamlı əsasda iməcilik, abadlaşdırma və ağacəkmə aksiyalarının keçirildiyini qeyd edib.

Sahil zonası batmış və yarımbatmış tullantılarından təmizlənir

SOCAR-ın "Neftqaztikinti" trestinin müdiri Qağaməli Seyfullayev ətraf mühitin qorunması, çirklənmiş ərazilərin təmizlənməsi üzrə SOCAR tərəfindən görülən işlər haqqında məlumat verib. Bakı buxtası və sahil zonasında xüsusi texnologiya və avadanlıqlar vasitəsilə batmış və yarımbatmış vəziyyətdə olan iri qabaritli tullantıların müəyyənləşdirilməsi, çıxarılması, daşınması və utilizasiyası üzrə görülən işlərdən bəhs edib. Trestin müdiri həyata keçirilən layihənin ətraf mühitin qorunması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb

Tədbirin sual-cavab hissəsində çıxışçılar media nümayəndələrinin suallarını cavablandırıblar.

Orxan Vahidoğlu,
Vüsal Cahanov (foto), “İki sahil”