26 iyul 2024 16:33
513

Xalqımız ümumbəşəri dəyərlərə sadiqdir

Beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşan Azərbaycan Respublikası, haqqın və ədalətin təntənəsi üçün hər zaman ardıcıl cəhdlər göstərir. Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev həm xarici ölkələrdə, həm də ölkəmizdə təşkil olunan bütün beynəlxalq forumlarda Azərbaycan Respublikasının ədalətli mövqeyini ortaya qoyur və dezinformasiyaya qarşı qətiyyətlə mübarizə aparır. Dünya ölkələri arasında beynəlxalq əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi istiqamətində dövlətimiz ardıcıl səylər göstərir. Göstərdiyimiz təşəbbüslər tərəqqipərvər ictimaiyyət tərəfindən çox müsbət qarşılanır.

Son illərdə iqtisadi inkişafda nail olduğumuz uğurlar, 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər, ölkəmizin dünyada hər ötən gün artan nüfuzu bizə qarşı olan qüvvələrin bir çox hallarda haqqımızda dezinformasiya yaymaları ilə də nəticələnir. Buna görə də dövlət başçımız Cənab İlham Əliyev hər bir fürsətdə Azərbaycan Respublikasının ədalətli, beynəlxalq hüquqa əsaslanan mövqeyini tutarlı faktlarla dünya ictimaiyyətinin diqqətinə çatdırır.

Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev 20 iyun 2024-cü il tarixində ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərində təşkil olunmuş “Yalan məlumatların iflası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində etdiyi çıxışda bir çox məsələrlə bağlı Azərbaycan Respublikasının obyektiv və xoş məramlı mövqeyini diqqətə çatdırdı. Dövlət başçımız bildirdi ki, hələ 1994-cü ildə Ulu Öndər Heydər Əliyev tərəfindən tarixi qərar qəbul edildi və həmin il sentyabrın 20-də xarici neft şirkətləri ilə “Əsrin kontraktı” imzalandı. 3-4 aydan sonra kontrakt parlamentdə ratifikasiya edildi. 1997-ci ilin noyabr ayında “Çıraq -1” platformasından ilk neft çıxarıldı. Bu müqavilə Azərbaycana əsl müstəqillik gətirə biləcək bir müqavilə idi və onu o vaxt biz də bilirdik, dostlarımız da bilirdi, bizi istəməyənlər də bilirdi.

Jurnalistlərin suallarını cavablandıran Cənab İlham Əliyev əlavə etdi ki, Azərbaycanın Afrika İttifaqının bir çox üzvləri ilə fəal təmasları var. Qoşulmama Hərəkatına sədrliyimiz bizə Afrika qitəsindən olan ölkələrlə praktiki təmaslar qurmağa kömək etmişdir. Bu gün artıq oradan rəsmilər Azərbaycana səfər edirlər. Azərbaycan Respublikası “OPEK+” formatının üzvü olaraq neft istehsalçısı olan ölkələrlə iş birliyindədir. Ölkəmiz həmçinin “Troykanın” təsis edilməsinin təşəbbüskarıdır. Bu, ötən, hal-hazırkı və gələcək sədrlərin - Birləşmiş Ərəb Əmirliklərinin, Azərbaycanın və Braziliyanın “Troykası”dır. Türk Dövlətləri Təşkilatı ilə bağlı sualı cavablandıran ölkə başçımız qeyd etdi ki, bu təşkilatın çox böyük gələcəyi var. Şimali Kipr Türk Cümhuriyyəti Türk Dövlətləri Təşkilatında artıq müşahidəçi üzv statusuna malikdir və Zirvə görüşlərində bu statusla iştirak edir. Gücümüz bir olanda dəmir yumruğumuz da daha ağır olur, daha möhkəm olur.

Beynəlxalq hüquq normalarına hər zaman hörmətlə yanaşan Azərbaycan Respublikası sülh, beynəlxalq təhlükəsizlik, iqtisadi-siyasi əməkdaşlıq, qlobal problemlərin həlli və s. məsələrlə bağlı öz fəaliyyətini ardıcıl şəkildə davam etdirir. Çoxmillətli cəmiyyət Azərbaycanın fəxr etdiyi amildir – düzgün siyasət, təhsil, tərbiyə, nümunə, davranış nümunəsi. Xalqımız və dövlətimiz hər zaman ümumbəşəri dəyərlərə sadiqdir.

Nigar Qocayeva,

YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi