03 avqust 2024 15:48
1256

MSK-nın sədri: Parlament seçkilərini izləmək üçün 99 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə müşahidəçi qismində iştirak etmək üçün indiyədək ümumilikdə 14 min 506 yerli müşahidəçi akkreditasiyadan keçib.

“İki sahil” xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın avqustun 3-də keçirilən iclasında söyləyib.

O bildirib ki, bu müşahidəçilərdən 5477 nəfəri Mərkəzi Seçki Komissiyasında, 9029-u isə dairə seçki komissiyalarında qeydiyyatdan keçib.

M.Pənahov vurğulayıb ki, növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün 8 beynəlxalq qurumdan və 26 ölkədən 99 nəfər akkreditə olunub. Belə ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosundan 40 nəfər, MDB Parlamentlərarası Assambleyasından 36 nəfər, Müstəqil Dövlətlər Birliyindən 14 nəfər, Maldiv Mərkəzi Seçki Komissiyasından 3 nəfər, Gürcüstan Mərkəzi Seçki Komissiyasından 2 nəfər, Pakistan Mərkəzi Seçki Komissiyasından 2, Qazaxıstan Mərkəzi Seçki Komissiyasından 1, Monteneqro Seçki Komissiyasından isə 1 nəfər akkreditasiyadan keçib.