“Reuters”in Kiprin yerli mənbələrinə istinadən verdiyi məlumata görə, bp və “ADNOC” kimi iri enerji şirkətləri bu ölkənin inkişaf etməkdə olan təbii qaz sektoruna investisiyaları nəzərdən keçirmək üçün Kiprin Energetika Nazirliyinin rəsmiləri ilə müzakirələr aparıblar.
Bu addım Şərqi Aralıq dənizi regionunun enerji resurslarına olan marağın bir hissəsi kimi irəli sürülür. Danışıqlar Rusiya qazının tədarükündəki son fasilələr nəticəsində daha da gücləndirilib.
İsrail və Misir kimi qonşu ölkələrdə əhəmiyyətli qaz kəşflərindən sonra Şərqi Aralıq dənizində aktivlik artıb.
Xatırladaq ki, Kipr 2007-ci ildən bəri 13 dəniz blokundan 10-u üçün kəşfiyyat lisenziyası verib. Onlardan üç blokda qazılmış beş quyuda qaz kəşfinə imza atılıb.
Lakin bu tapıntıların hələ də kommersiya cəhətdən yararlı olduğu təsdiqlənməyib.
Bu ilin əvvəlində bp və “ADNOC” Şərqi Aralıq dənizində yeni qaz ehtiyatlarının işlənməsi üçün müştərək müəssisə yaradıblar. Müəssisədə bp 51%, “ADNOC” isə 49% paya sahibdir.
bp və “ADNOC”un bölgədəki mövcudluğunu genişləndirmək üçün əvvəllər etdiyi cəhdlər arasında İsrailin qaz istehsalçısı “NewMed”də 50% payın 2 milyard dollara alınması təklifi də var idi. Lakin regional qeyri-müəyyənliklər səbəbindən bu təklif dayandırıldı.
Nubar Süleymanova, “İki sahil”