13 avqust 2024 11:20
509

Bakıda “SOCAR” brendli növbəti yanacaqdoldurma stansiyası istifadəyə verilib

“SOCAR PETROLEUM” QSC-nin strateji inkişaf planına uyğun olaraq, 2022-ci ilin ikinci yarısından etibarən ölkəmizin müxtəlif bölgələrində “SOCAR” brendli 17 stasionar və modul tipli yeni yanacaqdoldurma stansiyası (YDS) istifadəyə verilib, həmçinin Bakı şəhərində QSC-nin xidmət şəbəkəsinə daxil olan stansiyaların sayı aktiv şəkildə artırılıb. Bu xüsusda, Bakının Nərimanov rayonunda növbəti YDS fəaliyyətə başlayıb.

“İki sahil” xəbər verir ki, Koroğlu Rəhimov küçəsi 65 ünvanında yerləşən YDS-nin açılış mərasimində “SOCAR PETROLEUM” QSC-nin nümayəndələri iştirak ediblər. Tədbirdə görülən işlərdən və qarşıda duran hədəflərdən danışılıb, həmçinin yeni əməkdaşlara fəaliyyətlərində uğurlar arzu edilib.

“Aİ-92”, “Aİ-95” Premium, “Aİ-98” SUPER və “Dizel” markalı yanacaq məhsullarının satışının həyata keçiriləcəyi YDS-də 6 yanacaqpaylayıcı kalonka quraşdırılıb. Bununla yanaşı, YDS nağdsız satış üçün POS-terminallar ilə təchiz olunub və burada gələcəkdə elektroşarj avadanlığının quraşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, yeni YDS-nin istifadəyə verilməsi ilə 20 yeni iş yeri yaradılıb. Hazırda fəaliyyətə başlayan YDS ilə birlikdə 8-i işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında olmaqla, ümumilikdə ölkə ərazisində “SOCAR” brendli 62 YDS və 13 neft bazası sahəsi fəaliyyət göstərir.