16 avqust 2024 23:57
2247

Azərbaycan güclü idman dövlətidir

Dövlətin nüfuzunu və onun beynəlxalq münasibətlər sistemindəki yerini bir sıra amillər müəyyən edir. Bu amillər arasında beynəlxalq idman tədbirləri də xüsusu yer tutur. Beynəlxalq idman tədbirləri dövlətlər arasında əlaqələrin qurulmasına, mədəni, iqtisadi və siyasi əlaqələrin genişlənməsinə öz töhfəsini verir. Azərbaycanda idmana göstərilən dövlət qayğısı, ölkənin sosial və milli inkişaf strategiyasının mühüm bir hissəsidir. Çünki, idmanla məşğul olmaq yalnız fiziki sağlamlığı deyil, həm də vətənpərvərlik, milli birlik və fəxr hissini gücləndirir. Dövlətin idmana verdiyi dəstək bu sahənin inkişafını sürətləndirir, ölkənin beynəlxalq arenada tanınmasında öz rolunu oynayır.

Dövlətimizin iqtisadi qüdrətinin ildən-ilə artması idmanın tərəqqisinə də müsbət təsir göstərib. Hazırda nəinki paytaxtımızda, eləcə də regionlarda Olimpiya kompleksləri, müasir idman qurğuları istifadəyə verilib, maddi-texniki baza möhkəmləndirilib. Bütün bu işlər, əlbəttə ki, idmançılarımızın yerli və beynəlxalq turnirlərdə uğur qazan-malarında mühüm rol oynayır. Azərbaycanda idmana göstərilən dövlət qayğısının istiqamətlərindən biri də idman infrastrukturlarının inkişafıdır. Belə ki, bu istiqamətdə ölkə ərazisində müasir idman komplekslərinin, stadionların və müxtəlif idman meydançalarının tikintisini və təmirini misal göstərmək olar. Bu isə həm yerli idmançılara, həm də ölkəmizdə keçirilən beynəlxalq yarışların iştirakçılarına yaxşı şəraitin yaradılmasını təmin edir. Bununla yanaşı, idman sahəsinə dövlət qayğısını təhsil və kadr hazırlığında da görmək olar. Məktəblərdə və ali təhsil müəssisələrində idman təhsilinin təşviqi, idman müəllimlərinin peşəkarlığının artırılması üçün təşkil olunan proqramlar buna misal göstərilə bilər. Eyni zamanda, idman akademiyası və klublar gənc istedadların yetişdirilməsi üçün müasir metodlarla təmin edilir.

Cənab Prezident İlham Əliyev bu yarışlarda medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul etmişdir. Qəbulda çıxışı zamanı ölkə başçımız idmançıları qələbə münasibətilə təbrik etmiş, yarışlarda Azərbaycan bayrağının ucaldılmasının bütün azərbaycanlıların sevincinə səbəb olmasını vurğulamışdır. Məlumdur ki, Olimpiya Oyunları bəşəriyyətin ən qədim və prestijli idman tədbirlərindən biridir. Bu oyunlar idmançıların yüksək səviyyəli bacarıqlarını nümayiş etdirdiyi bir platformadır. Hər dörd ildən bir təşkil edilən Olimpiya oyunlarında dünyanın müxtəlif ölkələrindən gələn idmançılar öz gücünü, çevikliyini və texnikasını ən yaxşı şəkildə nümayiş etdirirlər. Bu cür qlobal miqyasda yarışlar idmançıların professional inkişafını təmin edir və idman texnikalarının müasirləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan müstəqil dövlət kimi 1996-cı ildən etibarən Olimpiya Oyunlarında iştirak etməyə başladı. O vaxtdan bəri idmançılar Olimpiya oyunlarında əzmkarlıqla iştirak edərək müxtəlif medallar qazanmışlar. Bu qələbələr Azərbaycanın beynəlxalq idman arenasında tanınmasına və ölkənin idman potensialının nümayişinə şərait yaratmışdır. Azərbaycanın Olimpiya qələbələrində əsas faktorlardan biri də idmançıların yüksək səviyyədə təlimi və hazırlığı, müasir idman infrastrukturunun mövcudluğu və dövlətin idmana verdiyi dəstəkdir.

Qürurla deyə bilərik ki, Azərbaycanın idman sahəsindəki uğurları beynəlxalq strukturlar tərəfindən də yüksək qiymətləndirilir. Bu gün dövlətimiz üçün prioritet məsələ idmançılara qayğı göstərməklə yanaşı, onların sosial şəraitinin yaxşılaşdırılmasıdır. Azərbaycan idmançıları müxtəlif beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edirlər. İdmanla məşğul olmaq üçün lazımi şəraitin yaradılması məqsədilə dövlət vəsaiti hesabına respublikanın rayonlarında onlarla müasir Olimpiya idman kompleksləri tikilib, Bakıda ən müasir idman infrastrukturu fəaliyyət göstərir. Prezident İlham Əliyevin rəhbərliyi altında idman, şübhəsiz ki, Azərbaycanda təbii milli qürur mənbəyinə çevrilib.

Bir neçə gün əvvəl başa çatmış XXXIII Paris Yay Olimpiya Oyunlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edərək 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıb. Ölkəmiz bu oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer alıb. Həmçinin Olimpiadada iştirak edən və 57 dövlətin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı ölkələri arasında Azərbaycan üçüncü yerdə qərarlaşıb. Bu yüksək nəticə kimi qiymətləndirilir. Bütün bunlar, əlbəttə ki, dövlətin imicini yüksəldir, dünya ictimaiyyətinin gözündə daha cəlbedici və nüfuzlu edir. Bu mənada Azərbaycanda beynəlxalq yarışların keçirilməsi həm ölkənin potensialından xəbər verir, həm də beynəlxalq federasiyaların ona inamını əks etdirir. Ölkəmizin dünya miqyasında tanınmasında, mövqelərinin möhkəmlənməsində, müsbət imicinin formalaşmasında dövlətimizin idman siyasəti mühüm rol oynayır.

Orxan İsmayılov,
YAP Xətai rayon təşkilatının üzvü