20 avqust 2024 12:15
589

Biz bu layihəni görəndə qərar verdik ki, Bakıya dönək və Vətənimizə xidmət edək

TƏBİB dünyanı gəzib Vətəndən yaxşısını görməyənlərin hekayəsi - “Vətən yaxşı!” layihəsinin növbəti buraxılışını təqdim edib. Layihənin budəfəki qəhrəmanları uzun müddət Türkiyənin Ankara və Van şəhərlərində çalışmış və ailə həyatı qurmuş Mercan ailəsidir. Azərbaycanlı olan Leyla Mercan Türkiyənin Ankara şəhərində uzman anestezioloq-reanimatoloq, Sait Mercan isə uzman neyrocərrah olaraq “Memorial Ankara Hospitalı”nda və Van Bölgə Tədris-Cərrahiyyə Xəstəxanasında çalışıb.

“İki sahil” xəbər verir ki, Leyla və Sait Mercanın vətənə qayıdış hekayəsi belə başlayır...

Leyla Mercan: Mən uzman doktor Leyla Mercan. Azərbaycan Dövlət Tibb Universitetinin məzunuyam. Uzmanlığımı Ankara şəhərində Hacettepe Xəstəxanasında anestezioloq-reanimatoloq anabilim dalında keçmişəm. Hazırda uzman anestezioloq-reanimatoloq olaraq Sabunçu Tibb Mərkəzində çalışıram.

Sait Mercan: Mən uzman doktor Sait Mercan. Beyin və sinir cərrahiyyəsi üzrə həkiməm. Uzmanlığımı 2015-2020-ci illərdə Ankarada Hacettepe Universitetində almışam. Ardından “Memorial Ankara Hospitalı”nda xüsusilə hipofiz cərrahiyyəsi üzrə müəllimlərimizdən biri ilə birgə təxminən, 1 il ərzində çalışdım. Daha sonra Van Bölgə Tədris-Cərrahiyyə Xəstəxanasında 2 il ərzində uzman olaraq çalışmışam.

Leyla Mercan: Biz rezidentlik dönəmində tanış olmuşduq. Birlikdə əməliyyatlara girirdik. Hətta elə olurdu ki, növbələrimiz bərabər düşürdü. Növbələrimiz birgə düşəndə isə fəlakət keçirdi. Bütün gecəni beyin cərrahiyyəsi otağında keçirirdim rezident anestezioloq olaraq. Sait həkim də cərrah olaraq pərdənin digər tərəfində olurdu.

Uzman dostlarımızdan TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xaricdə oxumuş, çalışmış həkimlərimizi ölkəmizə cəlb etməklə bağlı birgə layihəsi barədə araşdırma etdim. Hər kəs məmnun idi. Ona görə biz də qərar verdik ki, Bakıya dönək və biz də bu layihə üzərində işə başlayaq, vətənimizə xidmət edək.

Sait Mercan: Əmr gəldi ki, artıq Azərbaycana gəlmək zamanım çatıb. Xanım əmr etdi. (Gülür) . Beləcə, Türkiyədə çalışmağa son verib Azərbaycana gəldik. Daha öncə Azərbaycana gəlmişdim. Bakıya, Lənkərana gəlmişdim, buranı gəzmişdim. Mən onsuz da bir şeyi istəməsəm, onu mənə heç kim məcbur etdirə bilməz. Mənim də Azərbaycana gəlməklə bağlı düşüncələrim də pozitiv idi. Xanımım da deyəndə, mən yox demədim. Bilirdim ki, çətin bir yol məni gözləyir. Çünki Türkiyədə mənim işim oturuşmuşdu. Dostlarım, həmkarlarım da təəccüblənmişdi ki, işdən istefa vermək, oturuşmuş bir işdən ayrılmağımla bağlı.

“Haralısan, xanım köylüyəm”. Bizdə belə deyirlər. Xanım haralıdırsa, biz də oralıyıq.

Hara idi sizin kənd? Zirə?

Bakılıyam. (red. gülür)

Leyla Mercan: Mənim atam, daha doğrusu, babam Zirəlidir. Saitlə də bəzən zarafat edir ki, artıq sən də zirəlisən. Bəzən də Sait Zirə ləhcəsi ilə də danışır.

- Hə, artıq öyrənirəm.

Sait Mercan: Sabunçu Tibb Mərkəzinin əvvəlki adı pis idi. Hələ də mənə deyənlər var ki, sənin kimi bir həkim necə olur Sabunçu Tibb Mərkəzində çalışır, çətin deyilmi? Həmişə onlara deyirəm ki, mən çətin işləri sevirəm. İlk başladığımız zamanlarda dedilər ki, orada çalışa bilməzsən, heç nə edə bilməzsən. Amma zamanla göstərdik ki, elə deyilmiş. Göstərdik ki, nə qədər çətin də olsa, etmək mümkündür. İnsan istəsə, hər yerdə ən çətin işləri edər.

Leyla Mercan: Açığı, Sait həkimi də mən yola gətirdim. Hazırda mən qürur duyuram ki, belə bir xəstəxanada yüksək səviyyədə reanimasiyamız var və icbari tibbi sığorta hər müalicəni qarşılayır.

İnsanın nə xasiyyəti varsa, anesteziya sonrasında hamısını görürük. Fərqli situasiyalarla qarşılaşırıq. Bəziləri oyandıqca aqressiv olur, söyüş söyüb təhqir edir, bəziləri vurmağa da çalışar, bəziləri ağlayar. Hətta bəziləri sevgi etirafı da edir. Onlar da insanın içindəki xarakterlərdir. Mənim özümə də, tibb bacılarımıza da sevgi etirafı edənlər olub.

Sait Mercan: Sevgi etiraflarını və s. ciddi qəbul etmirəm. Həmişə deyirəm ki, sənin əməliyyatın yaxşı keçsin və bir oyan, sonra istədiyin zarafatı edərsən. Çünki o zaman xəstə dediklərinin fərqinə varmır. Eləcə bir şeylər deyir. Mən əməliyyata girdiyim andan etibarən tamamilə kənar dünya ilə əlaqəmi kəsirəm. Heç nəyi düşünmürəm. Sadəcə xəstəni və əməliyyatı düşünürəm.

Leyla Mercan: Xaricdə təhsil almış, oranın vizyonunu, baxış bucağını ölkəmizə gətirmiş və səhiyyəmizi yüksəltmək məncə, qürurverici bir haldır. Təbii ki, TƏBİB-ə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə təşəkkürümüzü bildiririk ki, həkimlərimizi cəlb edərək ölkəmizə gətirirlər. Bu, çox böyük bir proqramdır.