21 avqust 2024 14:31
324

Təvazökarlıq, yoxsa təşviqat strategiyası?

Tamamilə təsadüfən rastlaşdığım sadə bir statistika başlıqda qeyd olunan sualın yaranmasına səbəb olmaqla yanaşı, rəqəmlər ətrafında düşünməyə və müəyyən qeydlər aparmağa sövq etdi. Belə ki, məlumata əsasən ötən 10 gün ərzində Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edən 125 namizəd tərəfindən yerlərdə ümumilikdə 1340 görüş keçirilmişdir. Rəqəmlərə istinadla 125 namizədin hər birinin ötən 10 gündə seçicilərlə minimum gündə bir görüşünün baş tutduğunu deyə bilərik. Görüşlərdə iştirak edən vətəndaşların ümumi sayı isə minlərlə hesab olunur.

Çəkinmədən vurğulaya bilərik ki, bu cür statistika təkcə qarşıdan gələn seçkilərə olan maraqdan qaynaqlanmır. Qeyd olunan rəqəmlər həm də Azərbaycan ictimaiyyətinin artıq kifayət qədər siyasiləşmiş toplum olduğundan xəbər verir. Hər bir halda ölkənin siyasi həyatında növbəti dəfə canlanma müşahidə olunmaqdadır. Bu məmləkətin sıravi vətəndaşları olaraq bütün bunlara yalnız sevinə bilərik. Siyasi proseslərdə təkamül, dayanıqlı demokratik ənənələrinin inkişafı və bu ənənələrin dərinləşməsi yalnız bu cür ola bilər. Demokratiyanı ucuz pafos və demaqogiya ilə təcəssüm etdirməyə çalışanlar cəmiyyəti geriyə, ibtidai münasibətlər sisteminə sürükləyənlərdir.

Əminliklə demək olar ki, Qərbin hər hansı bir ölkəsi bu cür zəngin seçkiqabağı təşviqat statistikasına malik olsa idi, həmin ölkənin informasiya məkanında, sözün hərfi mənasında, “təbliğat izdihamı” yaşanardı. Bəli, qeyd olunan məsələnin obyektiv və subyektiv səbəbləri var. Qərbdə siyasət artıq çoxdandır ki, şou-biznes qaydalarını çox uğurla mənimsəməyə müvəffəq olub. Həqiqət naminə onu da deməliyik ki, siyasi mentalitetdə də mahiyyət etibarı ilə fərqliliklər mövcuddur.

Xoşumuza gəlib-gəlməməyindən asılı olmayaraq mentalitet və digər “yerli xüsusiyyətlər” istər-istəməz konkret ölkədə cərəyan edən siyasi proseslərin məzmununa qaçılmaz olaraq təsir edir. Yəqin ki, YAP-nin sahib olduğu resurslara heç kimin şübhəsi belə ola bilməz. 700 mindən artıq üzvü olan regionun ən böyük siyasi partiyası yerlərdə elə seçkiqabağı təşviqat izdihamı yarada bilər ki, sözügedən təşviqat ümummilli hərəkətə çevrilə bilər və hətta Qərbin bir çox ölkələri üçün nümunə də sayılar.

Əlbəttə ki, ucuz demaqoqlar öz qərəz dolu ritorikalarında bu cür həqiqəti qeyd etmirlər və görməzdən gəlirlər. Əvəzində isə seçicilərin fikirlərində çaşqınlıq yaradan informasiya manipulyasiyaları ilə məşğul olurlar. Çünki onların nəzərində seçkiqabağı proses sadəcə informasiya təxribatları üçün açılmış əlverişli qapı kimi dəyərləndirilir. Ona görə də həqiqətin təhrif olunması və yalanlar onların apardıqları siyasi mübarizənin əsas alətlərindəndir.

Yazının əvvəlində qeyd olunan statistikaya bitərəf namizədlərin və müxalifətdə olan siyasi partiya üzvlərinin görüşlərinin də sayını əlavə etsək açıq şəkildə görə bilərik ki, Azərbaycan ictimaiyyətinin formalaşacaq yeni parlamentdən gözləntiləri kifayət qədər böyükdür. Qalib Azərbaycan xalqı parlament seçkilərində fəal iştirak etməklə yeni dövrə qədəm qoymaqdadır. Seçkilərdə iştirak dayanıqlı demokratik ənənələrin dərinləşməsinə xidmət edir, bu da öz növbəsində daha sonra sağlam münasibətlərin formalaşmasına gətirib çıxardır. Demokratik münasibətlərin təkamülünün əsas mərhələləri bunlardır. Məhz elə bu səbəbdən məsuliyyətli vətəndaş öz seçici hüququna da məsuliyyətli yanaşmalıdır.

Asif Adil,
politoloq