22 avqust 2024 00:11
356

ABŞ Senatında növbəti ermənipərəstlik şousu

Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən, erməni lobbisindən yemlənən qüvvələr yenidən fəallaşaraq Azərbaycanofobiya və separatizmi dəstəkləyən bəyanatların sayını artırıblar. Bu sırada Qərbdə anti-Azərbaycan qüvvələrin güclü dəstək verdiyi qondarma qurumlar da var. “Dağlıq Qarabağ qaçqınlarının hüquqlarının müdafiəsi” adlı saxta təşkilat iddia edib ki, Azərbaycan torpaqlarında “çoxəsrlik erməni mədəni irsi" məhv olur. Sözügedən "qurum" adından UNESCO-ya ünvanlanan məktubda işğaldan azad edilən ərazilərdə xristian abidələrini qorumağa çağırış edilib. Digər bir müraciət isə Roma Papası Fransiskə ünvanlanıb. Bu məktubda da “beynəlxalq ictimaiyyəti erməni qaçqınlarına təcili humanitar yardım göstərməyə və onların təhlükəsizliyini, şəxsiyyətini və öz torpaqlarına qayıtmaq üçün fundamental hüquqlarını təmin etməyə" çağırış əks olunub.

Separatçıları təmsil edən təşkilatla yanaşı, amerikalı senator Benjamin (Ben) Kardin də prosesə qoşulub. Ermənidən artıq erməni olmağa cəhd göstərən ABŞ Senatının beynəlxalq münasibətlər üzrə komitəsinin sədri artıq neçənci dəfədir ki, Azərbaycanı hədəfə alır. O, bu dəfə bir az da irəli gedərək kollektiv Qərbi Azərbaycanın Ermənistan torpaqlarını “işğal” etməsinə səssiz qalmaqda ittiham edib. İddia edib ki, həmin ərazilər Ermənistan üçün strateji əhəmiyyət kəsb edir. “Mübaliğəsiz, Azərbaycan Ermənistanın strateji hissəsini işğal edir. Beynəlxalq ictimaiyyət tərəfindən çox böyük təlaş görmürəm”, - Kardin Senatın xarici əlaqələr üzrə komitəsində keçirilən dinləmələrdə belə deyib. Beləliklə, separatizmin qızğın dəstəkçisi yenə də Ermənistandan fərqli mövqe nümayiş etdirmək qərarına gəlib. Halbuki İrəvan həmin ərazilərlə bağlı hər hansı bir irad və narahatlıq ifadə etməyib.

Qeyd edək ki, Kardin rüşvət almaqda ittiham olunan ermənipərəst senator Bob Menendesi əvəzləyib. Merilend ştatından olan Demokrat senator Kardin əvvəllər Nümayəndələr Palatasının üzvü, 2007-ci ildən isə Senatın Xarici Əlaqələr Komitəsinin üzvü olub. Məlumat üçün bildirək ki, B.Kardin amerikalı qanunvericilər arasında qatı ermənipərəst mövqeyi ilə seçilən biridir. Dəfələrlə Qarabağda separatçı hərəkata dəstək verməklə yanaşı, Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı əsassız, qərəzli bəyanatlar səsləndirib. Şübhəsiz ki, bu qərəzli yanaşmanın arxasında, ilk növbədə, Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi durur. Separatizmə son qoymaqla yeni bir ilkə imza atan Azərbaycan bununla yanaşı, COP29 kimi beynəlxalq əhəmiyyətli tədbirə ev sahibliyi edəcək. Azərbaycan 2024-cü ildə qlobal səviyyədə ən mötəbər tədbirlərdən biri olan COP29-a ev sahibliyi etməyə layiq görülüb. Bu qərarı beynəlxalq aləmin bütün üzvləri, o cümlədən ABŞ da dəstəkləyib. Ancaq B.Kardin ölkəsinin mövqeyinə qarşı çıxır. Kardin və onunla həmfikir olanlara tövsiyə edirik ki, Azərbaycan əleyhinə birtərəfli və qərəzli fikirlər səsləndirmək əvəzinə diqqətlərini ABŞ Senatının Xarici Əlaqələr Komitəsində kök salmış korrupsiya, rüşvətxorluq və digər bu kimi qanunsuz əməllərə yönəltsin. Sələfi senator R.Menendesin uzun müddət komitə çərçivəsində rüşvətxor əməlləri, oğurluq faktları, erməni himayədarları ilə şəxsi maraqlar üzərində qurulmuş birgə fəaliyyəti nəzərə alındıqda, bu ağır korrupsiya irsinin araşdırılması senator Kardin üçün daha faydalı olar. Menendezin acı aqibəti bütün anti-Azərbaycançılara dərs olmalıdır. Korrupsiyada təqsiri sübuta yetirilən ermənipərəst senator Bob Menendez bir də müstəqil namizəd kimi seçkidə iştirak edə bilməyəcək. Elə bu səbəbdən ispan əsilli rüşvətxor hüquqşünas siyasi karyerasını da başa vurduğunu elan edib. “Amerikanın səsi” radiosunun məlumatda belə deyilir.

Xatırladaq ki, iyulun ortalarında Nyu-York Məhkəməsinin federal münsiflər heyəti Menendezi “rüşvətxorluqda, ölkə əleyhinə xarici agent kimi fəaliyyət göstərməkdə və ədalət mühakiməsinə mane olmaqda” təqsirini sübuta yetirərək uzunmüddətli həbsxana cəzasına məhkum edib. İttiham aktına görə, Menendez Konqresdəki nüfuzundan istifadə edərək “üç iş adamından yüz minlərlə dollar nağd pul, qızıl külçə, avtomobil və daşınmaz əmlakın müqabilində Misirə yardım üçün milyardlarla dollar ayrılmasını təmin edib”. Hələ aprel ayında “The New York Post” yazırdı ki, bütün bu sübutlar FTB-nin “senatorun 1,2 milyon dollar dəyərində olan evində” apardığı axtarış nəticəsində müvafiq strukturlar tərəfindən aşkar edilib. Bundan sonra məhkəmə Menendez, onun həyat yoldaşı, qısa dekolte geyindiyinə görə ərinin “ədəbsiz” dediyi erməni əsilli Nadine Arslanyan, eləcə də nyu-cersili üç iş adamı barəsində də hökm çıxarıb. Prokuror Paul Monteleoni yekun çıxışında vurğulayıb ki, bədnam senator bütün bu saxtakarlıqlarda aparıcı rolu oynayıb, onun “axçesi” Arslanyan isə cinayətkar xidmətlər üçün “ödənişlərin həyata keçirilməsində vasitəçi” olub. ABŞ mediası xəbər verir ki, dələduz senatora oktyabrın 29-da hökm oxunacaq və “o, ömrünün qalan hissəsini həbsxana divarları arasında keçirməli olacaq”. Bu, ermənipərəst senatorun Azərbaycana qarşı muzdlu siyasətinin acı nəticəsidir. Ömrünün böyük hissəsini anti-Azərbaycançılıq fəaliyyətinə xərcləmiş senatorun haqq etdiyi son aqibəti ABŞ-ın erməni lobbisi və diasporu ilə “işbirliyi”ndə olan digər siyasətçiləri üçün dərs olmalıdır.

Sevinc Azadi, “İki sahil”