22 avqust 2024 00:58
350

Ölkəmizin artan gücü rahat həyatımızın təminatçısıdır

Dövlət başçısı İlham Əliyev yeni dövrün yeni hədəfləri sırasında əhalinin sosial müdafiəsinin gücləndirilməsinin əsas olduğunu rəqəmlər əsasında diqqətə çatdırır

“Əlbəttə ki, Qarabağ və Şərqi Zəngəzur bizim iqtisadi inkişafımızın yeni bir dayaq nöqtəsi olacaqdır. O bölgələrdə həm kənd təsərrüfatı, həm bərpaolunan enerji ilə bağlı layihələr, turizm layihələri qeyri-neft sektoruna böyük dəstək verəcəkdir.” Dövlət başçısı İlham Əliyev yeni dövrə qədəm qoyan  Azərbaycanın hədəflərindən bəhs edərkən əhalinin sosial müdafiəsinin gücləndirilməsinin prioritet məsələ olduğunu xüsusi qeyd edir. Təbii ki, burada vətəndaş məmnunluğunun təmin edilməsi əsas hədəflər sırasındadır. Daim bu fikir xüsusi qeyd edilir ki, neftlə zəngin çox ölkələr var. Amma  bu resurslar heç də həmin ölkələrə uğur gətirmir. Əhali arasında təbəqələşmə prosesi gediur. Lakin Azərbaycan iqtisadi inkişaf strategiyasını inkişaf etmiş ölkələrin təcrübəsinə əsasən  müəyyənləşdirməklə bu problemləri yaşamır. Neft gəlirlərinin idarə olunmasında şəffaflıq prinsipinin qorunması nəticəsində ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi yönümündə mühüm addımlar atılır. Yoxsulluq və işsizlik problemlərinin həlli istiqamətində atılan addımlar da bunun bariz nümunəsidir. İqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verən Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurları Azərbaycanın bugünkü reallıqlarında özünün aydın ifadəsini tapır. İqtisadiyyatın şaxələndirilməsi siyasəti uğurla həyata keçirilir. Cənab İlham Əliyevin 2003-cü ildə etdiyi “Neft kapitalını insan kapitalına çevirək!” çağışı hazırkı reallıqlarda öz əksini tapıb. Dövlət Neft Fondunun vəsaitləri hesabına mühüm sosial-iqtisadi layihələr reallaşdırılır ki, bu da öz növbəsində ölkənin hərtərəfli inkişafını, xalqın rifah halının yaxşılaşdırılmasını şərtləndirir.       

Tarixi Zəfərimizin reallıqları fonunda bütün sahələrdə, o cümlədən iqtisadi və sosial sahələrdə islahatların daha da dərinləşdirilməsi dövlət başçısı İlham Əliyevin hər zaman aktuallığı ilə diqqət çəkən və atılan addımların əsasında dayanan “Azərbaycan sosial dövlətdir və bizim atdığımız bütün addımlar bunu təsdiqləyir” fikirlərinin təqdimatıdır. Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsi, eyni zamanda, işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin həyata keçirilməsi, onların potensialından səmərəli istifadənin təmin olunması üçün təsdiqlənən Milli Priortetlər bütün məqamları özündə ehtiva edir. Bu sənəd 2030-cu ilə qədərki dövrü əhatə edir. Milli Prioritetlərlə yanaşı, Prezident İlham Əliyevin Fərmanı əsasında iqtisadi rayonların yeni bölgüsünün həyata keçirilməsi gələcək barədə aydın təsəvvür yaradır. Bunun üçün dövlət başçısı İlham Əliyevin son illərdə iqtisadi islahatların dərinləşdirilməsi fonunda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atdığı addımların xronologiyasına diqqət yetirmək kifayətdir. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa-qurulucuq işləri ilə yanaşı, bütün kateqoriyadan olan insanların yüksək rifahının təmin edilməsi ilə bağlı addımlar davamlılığı ilə diqqət çəkir.

Cənab İlham Əliyevin «Minimum əməkhaqlarının, minimum pensiyaların müntəzəm olaraq qaldırılması, əlbəttə ki, böyük iqtisadi mənbə tələb edir və bunu da biz yaradırıq. Ölkəmizdə şəffaflıqla bağlı gedən proseslər, kölgə iqtisadiyyatına qarşı olan proseslər bizim iqtisadi imkanlarımızı gücləndirir, vergi bazasını genişləndirir, kölgə iqtisadiyyatına qarşı çox ciddi zərbə olur. Ona görə qanunvericilikdə bütün bu məsələlər, əlbəttə ki, diqqət mərkəzində olmalıdır» çağırışları bugünümüzün reallıqlarında özünün aydın ifadəsini tapır.  Dayanıqlı inkişafın əsasını şəffaflıq, korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi təşkil edir ki, cənab İlham Əliyevin bu yönümdə atdığı addımlar və uğurlu nəticələr məlumdur.

İnkişaf modeli dünyaya nümunə olan Azərbayan daim yeniləşməyə, təkmilləşməyə maraq göstərir. Ölkəmizin imza atdığı ilklər də deyilənlərin təsdiqidir. Bir mühüm məqamı da qeyd edək ki, Azərbaycanın beynəlxalq maliyyə qurumlarının hesabatlarında birinciliyini qoruması da hər dövrün tələblərini yüksək səviyyədə cavablandırmasından irəli gəlir. Dövlət başçısı İlham Əliyev 7 fevral prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində bildirdi ki, sosial sahədə görülmüş işlər də göz qabağındadır. 2003-cü ildə  minimum əməkhaqqı 9 manat idi. İndi 345 manatdır. Əlbəttə ki, bu da yetərli deyil, ancaq dinamika var və dinamika davam edəcək. Minimum pensiya 2003-cü ildə 20 manat idi. Bu gün 280 manata çatıb. Orta pensiya 500 manatdan çoxdur. Orta əməkhaqqı 940 manatdır: “Əlbəttə ki, yenə də deyirəm, bu, bizi qane edə bilməz. Ancaq dinamika var, inkişaf var və ən önəmlisi, gözəl perspektivlər var. Bu gün iqtisadi sahədə aparılan islahatlar artıq Azərbaycanda tamamilə yeni bir investisiya iqlimi yaratmışdır. Əgər əvvəlki illərdə investisiyalar daha çox neft-qaz sahəsinə qoyulurdusa, bu gün qeyri-neft sektoruna qoyulan sərmayə milyardlarla dollar səviyyəsindədir. Əldə edilmiş razılaşmalar, imzalanmış kontraktlar yaxın bir neçə ildə özünü elə göstərəcək, sıçrayış elə böyük olacaq ki, bunu hər kəs görəcək.”

Bu çağırış da səsləndirildi ki,  yoxsulluqla və işsizliklə bağlı öz fəaliyyətimizi davam etdirməliyik. Yoxsulluq Azərbaycanda 5 faiz səviyyəsindədir. 2003-cü ildə təxminən 50 faiz idi. İşsizliklə bağlı daim işlər aparılmalıdır ki, işsizlik aşağı səviyyədə olsun: “Müstəqillik dövründə əhalimiz 3 milyon artıb və artan əhalisi olan ölkələrdə işsizlik bir qayda olaraq ciddi problemdir, o cümlədən bizim üçün. Biz hər il 10 minlərlə yeni iş yeri yaratmalıyıq. Bunun üçün əlbəttə ki, daxili resurslar kifayət deyil. Xarici sərmayəyə ehtiyac var və iqtisadi islahatlar, o cümlədən biznes mühitinin yaxşılaşdırılması, rəqabətlə bağlı, inhisarçılığa qarşı olan tədbirlər bu biznes mühitini yaxşılaşdıracaq. Əlbəttə ki, Qarabağ və Şərqi Zəngəzur bizim iqtisadi inkişafımızın yeni bir dayaq nöqtəsi olacaqdır. O bölgələrdə həm kənd təsərrüfatı, həm bərpaolunan enerji ilə bağlı layihələr, turizm layihələri qeyri-neft sektoruna böyük dəstək verəcəkdir.”

Sosial sahədə vacib məsələlərdən biri şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsidir. Bu kateqoriyadan olan insanlara dövlət tərəfindən 14 min 800 fərdi ev və ya mənzil verilib. Bu kateqoriyadan olan insanların 100 faiz evlərlə təmin edilməsi prosesi sürətlə gedir, o cümlədən bu il və gələn il bu işlər görüləcək.

Şəhid ailələrinin üzvləri, müharibə əlili və Vətən müharibəsi iştirakçıları ilə keçirilən görüşlərdə  aktiv məşğulluq proqramına cəlb olunmaları üçün imkanları dəyərləndirilib, istəklərinə uyğun olaraq böyük bir qismi  özünüməşğulluq proqramlarına cəlb edilib. Şəhid ailələrinin, müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar davamlı və sistemli xarakter daşıyır. Bu mühüm məqamı da qeyd edək ki, şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsi məqsədilə dövlət başçısı İlham Əliyevin Fərmanı əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu («YAŞAT» Fondu) yaradıldı. Bu mühüm addım təsdiqlədi ki, Azərbaycan xalqı xeyirxahlıq, fədakarlıq və humanizm prinsiplərini öndə saxlayır, təmənnasız kömək ənənələrini davam etdirir, vətəndaşlarımız, xarici ölkələrdə yaşayan soydaşlarımız, sahibkarlar, humanitar və digər təşkilatlar şəhid ailələrinin və hərbi əməliyyat iştirakçılarının zəruri ehtiyaclarının təmin edilməsinə, maddi, tibbi və digər sosial xərclərinin ödənilməsinə yardım sahəsində həmrəylik nümayiş etdirirlər.

Dövlətimiz hər zaman insanların sosial rifah halını yaxşılaşdırmaqla yanaşı, onların rahat yaşayışının təmin olunması üçün bütün zəruri olan addımları atır. Sosial xidmətin təkmilləşdirilməsi də bunun bariz nümunəsidir. Bu baxımdan «ASAN xidmət», DOST mərkəzlərinin coğrafiyasının genişləndirilməsi xüsusi qeyd edilməlidir. Beynəlxalq qurumlar illik hesabatlarında dünya ölkələrində müxtəlif meyarlar - insan kapitalı, institutlar, texnologiya və yaradıcı məhsullar, bazar, biznes və sair üzrə inkişafın səviyyəsini qiymətləndirir, innovativ ölkələrin siyahısını təqdim edirlər. Həmin hesabatlarda Azərbaycanın da xüsusi yer tutması, innovasiyalar ölkəsi kimi nüfuz qazanması bugünkü reallıqlarımızın təqdimatında əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyevin hər çıxışında idarəetmə sahəsində təkmilləşmənin prioritetliyi xüsusi olaraq önə çəkilir. Xatırlasaq 2018-ci ildə cənab İlham Əliyev andiçmə mərasimində qarşıdakı dövrdə həyata keçiriləcək islahatların anonsunu vermişdi. Nazirlər Kabinetinin 2019-cu ildə keçirilən iclasında bu hədəf açıqlanmışdı ki, ümumiyyətlə, idarəetmə sahəsində islahatların aparılmasına böyük ehtiyac var.

Uğurlarımızın əsasında islahatların zamanın və dövrün tələblərinə uyğun olaraq təkmilləşməsi, gələcəyə hesablanmış strategiyamızın dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinadən hazırlanması inkaredilməzdir. Gələcəyə nikbinliklə baxmağa əsas verən əsas amil bugünkü uğurlarımızın fonunda müəyyənləşdirilən yeni hədəflərdir. Hədəflərə yüksək səviyyədə nail olmaq üçün regionların potensial imkanlarından maksimum istifadə etmək məqsədilə regional inkişaf proqramlarının uğurlu icrası nəticələrdən də aydın görünür. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və digər mötəbər maliyyə qurumları ölkəmizin iqtisadi inkişaf modelini yüksək dəyərləndirir, ən əsası Azərbaycan ən islahatçı ölkə kimi mövqeyini möhkəmləndirir.

Prezident İlham Əliyev postmüharibə dövrünün reallıqlarından bəhs edərkən “ASAN xidmət” mərkəzlərinin sayının artırılması məsələsini ön plana çəkir. İşğaldan azad edilmiş ərazilərimizin müasir tələblər səviyyəsində qurulması Azərbaycan brendi kimi tanınan "ASAN xidmət", DOST mərkəzlərinin yaradılmasında da özünün aydın ifadəsini tapır. “Ağıllı kənd” və “ağıllı şəhər” layihələri çərçivəsində qurulan bütün şəhər və kəndlərimiz müasir dövrün yeniliklərini özlərində əks etdirməklə Azərbaycanın yeniliyə, təkmilləşməyə nə qədər önəm verdiyini və bunu real həyatda tətbiq etdiyini nümayiş etdirəcəklər. Ağalı ilk “ağıllı kənd”, Ağdam isə ilk “ağıllı şəhər” olacaq. İşğaldan azad edilmiş şəhərlərimizin təqdim edilən Baş planlarında bütün yeniliklər öz əksini tapıb. Bu ərazilərdə təkmil idarəçilik sisteminin formalaşması, Prezidentin şəxsi nümayəndəliyinin fəaliyyəti də gələcək inkişafın aydın mənzərəsini yaradır.

Yalnız işğaldan azad edilmiş ərazilərimiz deyil, bütün bölgələrimiz yeniliklərlə əhatə olunur. Dövlət başçısı İlham Əliyevin regionlara səfərlərinə diqqət yetirsək açılış, yaxud təməlqoyma mərasimində iştirak etdiyi sosial obyektlər sırasında “ASAN xidmət”, DOST mərkəzlərini görmək mümkündür. Əsas hədəf bütün bölgələrdə vətəndaş məmnunluğunun artırılmasına nail olmaqdır. Bu layihələrin icrasında məqsəd operativlik, şəffaflıq, innovativlikdir. Dövlət başçısı bildirir: « Biz “ASAN xidmət”i məhz ona görə yaratdıq ki, bu, asan olsun, bu xidmət rahat olsun, növbə olmasın, heç bir pozuntu olmasın, şəffaf olsun. Buna nail olmuşuq. “ASAN xidmət”in bəyənmə əmsalı 100 faizə yaxındır.» Cənab İlham Əliyev «ASAN xidmət»in fəaliyyətini belə dəyərləndirir: "ASAN xidmət” vətəndaş-məmur münasibətlərinə yenilik gətirdi, rüşvətxorluğa qarşı mübarizədə bizə daha da böyük güc verdi. Yəni, göstərdi ki, rüşvətxorluqla mübarizə aparmaq və qələbə çalmaq da mümkündür. “ASAN xidmət”in mənası və əhəmiyyəti bundan ibarətdir.” Azərbaycan innovativ idarəetmə vasitəsilə inklüziv, səmərəli və insanyönümlü İKT əsaslı dövlət xidməti sistemi yaradıb. Sosial xidmətlərin göstərilməsində dövlət qulluqçuları ilə vətəndaşlar arasındakı məsafəni qısaldıb və dövlət qulluqçuları ilə vətəndaşlar arasındakı ünsiyyəti şəffaflaşdırıb. Dövlət bu misilsiz nəticəni xidmətlərin göstərilməsini müasirləşdirməyə bütün hökumət qurumlarının birgə yanaşması, ASAN mərkəzlərin yaradılması və yenilikçi e-hökumət xidmətlərinin tətbiq edilməsi, xidmətin keyfiyyətinin yüksəldilməsi və bu xidmətlərlə vətəndaşların məmnunluğunun artırılması ilə əldə edib. Artıq ölkə üzrə 24-cü “ASAN xidmət” mərkəzinin açılışı olub.

Qeyd etdiyimiz kimi, yeni dövrün hədəfləri sırasında əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial xidmətin təkmilləşdirilməsi xüsusi yer tutur. Azərbaycanda sabitliyin təminatçısı kimi dəyərləndirilən xalq-iqtidar birliyi möhkəm əsaslara malikdir. Prezidentin irəli sürdüyü bütün təşəbbüslər, qəbul etdiyi qərarlar, dövrün, zamanın tələblərinə uyğun təkmilləşmələr, yeniliklər dövlətimizin daha da qüdrətlənməsinə xidmət edir. Dövlət başçısı İlham Əliyev bu fikri də xüsusi qeyd edir ki, ölkəmizin artan gücü rahat həyatımızın təminatçısıdır.

Hazırda Azərbaycanın dünyaya təqdim etdiyi təkmil dirçəliş modelinə diqqət yetirdikdə soydaşlarımızın gələcəkdə bu ərazilərdə rahat yaşayışının təmin edilməsi üçün zəruri olan infrastrukturun yaradılması diqqətdən kənarda qalmır. Bu torpaqlarda “ASAN xidmət”, DOST mərkəzlərinin  coğrafiyasının daha da genişləndirilməsi əsas prioritetlər sırasındadır. Sosial infrastruktur yenilənir, təkmilləşdirilir. Yeni yollar salınır. Əhalinin işıq, qaz, su tələbatının ödənilməsi üçün mühüm addımlar atılır. Gələcəkdə bu torpaqların malik olduğu potensialdan səmərəli istifadə həm ölkəmizin iqtisadi imkanlarının artırılmasına, həm də özünüməşğulluq proqramının icrasına yol açacaq.  Azərbaycan ilkləri ilə sosial dövlət imicinə yeni əlavələr edir. Cənab İlham Əliyev ilk gündən bu çağırışı etdi ki, iqtisadi göstəricilər yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır. İqtisadi  və maliyyə imkanlarına uyğun olaraq əməkhaqlarında, pensiyalarda, sosial müavinətlərdə artımlar bunun bariz nümunəsidir. İqtisadiyyatın güzgüsü olan dövlət büdcəmizin sosialyönümlülüyü də bu hədəfə doğru atılan addımlar sırasındadır. Qeyd edək ki, bu il orta aylıq əməkhaqqındakı artım faizinə uyğun olaraq, 2025-ci ilin yanvarın birindən etibarən bütün növ əmək pensiyalarında artımlar olacağı bildirilir. Bu ilin ilk yarısında ölkədə nominal orta aylıq əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8.8 faiz artıb. Son 20 ildən artıq dövrün reallıqlarına diqqət yetirsək vətəndaş məmnunluğunun artırılmasının öndə dayandığını aydın şəkildə görərik.  

Yeganə Əliyeva, “İki sahil”